Bakı, 27 fevral, Samirə Quliyeva, AZƏRTAC
British Council, PAŞA Bank və Böyük Britaniyanın “Thomson Foundation” təşkilatının dəstəyi ilə keçirilən “Biznes Jurnalistika” layihəsinin üçüncü mərhələsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, layihədə ölkəmizin aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 jurnalist iştirak edib. Jurnalistlər arasında AZƏRTAC-ın əməkdaşı da var. Böyük Britaniyadan dəvət olunmuş təlimçi Dan Mason multimedia və video xəbərlərin hazırlanması, sosial medianın yeni alətləri barədə ətraflı məlumat verib. Jurnalistlər təlim zamanı öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Təlim çərçivəsində “PAŞA Bank”ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova ilə görüş keçirilib. Sona Abbasova təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Eyni zamanda, təlim iştirakçıları üçün Azercell şirkətinin Telefon Mərkəzinə və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-yə səfər təşkil olunub.
“Biznes Jurnalistika” layihəsinin sonuncu mərhələsində jurnalistlər Londona səfər edəcəklər.