Bakı, 27 fevral, AZƏRTAC
Yəhudi Xəbərlər Agentliyinin saytında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Quba rayonundakı Qırmızı Qəsəbədə keçirilmiş tədbir haqqında material dərc edilib.
Materialda qeyd olunur ki, fevralın 26-da səhərdən Qırmızı Qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib. Qırmızı Qəsəbə orta məktəbinin akt zalında təşkil edilmiş matəm mərasiminə bu təhsil müəssisəsinin müdiriyyətinin nümayəndələri, müəllimlər və şagirdlər toplaşıb.
Məktəb kollektivi 1992-ci il fevralın 26-da Xocalı şəhərində həlak olmuş qadınların, qocaların və uşaqların xatirəsini bir dəqiqə sükutla yad edib.
Məktəbin direktoru Yauşva Simanduyev matəm mitinqinin iştirakçılarına müraciətlə deyib: “Fevralın 26-sı Azərbaycan xalqının tarixində ən faciəli günlərdən biridir. Bu gün bütün Azərbaycan xalqı ilə bərabər respublikada yaşayan yəhudilər də həmin faciənin qurbanlarını hüznlə yad edirlər. Biz həmişə - həm xoş günlərdə, həm də kədərli məqamlarda Azərbaycan xalqı ilə bir yerdə olmuşuq və bundan sonra da bir yerdə olacağıq”.
Sonra 1992-ci ilin fevralında baş vermiş faciəli hadisələrdən, Xocalı soyqırımına tarixi qiymət verilməsindən bəhs edən videofilm göstərilib.
Hüzn mərasiminin sonunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar şagirdlərin hazırladığı musiqili-ədəbi kompozisiya göstərilib.
Yauşva Simanduyev Yəhudi Xəbər Agentliyinə müsahibəsində vurğulayıb: “Mən məktəb kollektivinə müraciətlə dedim ki, biz daim bir məsələni yadda saxlamalıyıq: Xocalı faciəsinə oxşar hadisələr bir daha heç vaxt heç bir yerdə - istər Azərbaycan torpağında, istərsə də dünyanın başqa ölkələrində təkrarlanmamalıdır”.
Qırmızı Qəsəbə sinaqoqunda Xocalı qurbanlarının ruhuna dualar oxunub.
Dağ yəhudiləri dini icmasının idarə heyətinin sədri Boris Simanduyev Yəhudi Xəbər Agentliyinə müsahibəsində deyib: “Soyqırımın nə demək olduğunu biz yəhudilər bütün başqa xalqlardan daha çox bilirik. Ona görə də bu gün Azərbaycan yəhudiləri Xocalı faciəsinin günahsız qurbanlarına görə azərbaycanlı qardaşlarımızla birlikdə böyük ürək ağrısı ilə kədərlənir və onların ruhuna dua oxuyuruq”.