Prezident İlham Əliyevin ötən ilin sonlarında inhisarçılıq, rüşvətxorluq, korrupsiya və sahibkarlığa törədilən maneələrin aradan qaldırılması ilə bağlı müvafiq dövlət qurumları qarşısında qoyduğu tapşırıq və verdiyi göstərişlərdən sonra ötən yarım ildən də çox müddət ərzində xeyli işlər görülməsinə baxmayaraq, bu sahədə hələ də neqativ hallar müşahidə edilir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün onu ağrıdan məsələlərdən biri də budur ki, şəhərdə gəzərkən hər 5 mağazadan 1-2-sinin bağlı olduğunu və ya icarə verildiyinin şahidi olur:

"Deməli, burada sahibkarın ya vergi ilə, ya ölkəyə mal gətirilməsi ilə bağlı və yaxud da devalvasiyadan yaranan hansısa problemləri var. Biz hər bir iş yerində ən azından 4-5 nəfərin işlədiyini nəzərdə tuturuqsa və əgər hansısa mağazanın qapısı bağlıdırsa, ailə üzvləri ilə birlikdə orada 20 adamın iş yerini itirməsi deməkdir. Ona görə də hesab edirəm ki, cənab prezidentə dolğun, tutarlı, ətraflı hesabatlar hazırlanıb təqdim edilməlidir. Problemlərin qarşısının alınması üçün dövlət orqanları tərəfindən hansı güzəştlər edilməsinin mövcud və yaxud uyğunluğu araşdırılmalıdır. Bu məsələlər dövlət başçısına mütləq çatdırılmalıdır. Dövlət başçısının göstərişinə əsasən, problemlərin aradan qaldırılması üçün yeni strukturlar yaradılır, işlər gedir. Ötən il cənab prezident bildirdi ki, 30 min iş yeri bağlanıb. Bu isə təxminən yarım milyona yaxın insanın qazanc yerini itirməsi deməkdir. Bu problemlərdən çıxış yollarını tapmaq lazımdır. Bu, iqtisadçıların və icra strukturlarının işidir. Hesab edirəm ki, vergi güzəştləri tətbiq olunmalı, insanlara müvafiq şərait yaradılmalıdır. Süni bahaçılıq və monopoliya yaradan təşkilatlar, şəxslər, eləcə də sahibkarlardan əlavə "haqq" tələb edənlər mütləq zərərsizləşdirilməli, azad və sərbəst ticarətə imkan yaradılmalıdır. Bununla yanaşı, ölkəyə malın gətirilməsi ilə əlaqədar faiz dərəcələri və rüsumların, eləcə də vergilərin azaldılması, yaxud da tətbiqində yeniliklərin olması kimi paralel addımlar da atılmalıdır. Baxmayaraq ki, əsassız yoxlamaların və müdaxilələrin sayı qat-qat azalıb, əgər müvafiq zəmin və bünövrə olmasa, yenə də sahibkarlığın inkişafında müəyyən problemlərlə üzləşə bilərik. Sahibkarlığın inkişafı vətəndaşların normal yaşaması, həyat şəraitinin təmin edilməsi, bu isə özlüyündə ölkədə əmin-amanlıq və sabitlik deməkdir".

Ç.Qənizadə dövlətin içində hansısa vəzifəni tutaraq əlavə "haqq" almaqla məşğul olan kriminal ünsürlərlə qarşılaşmaq istəməyən sahibkarlara və ticarətçilərə də çıxış yolunu göstərib: "Adi qarpız satandan tutmuş bina tikənədək ticarətlə məşğul olan şəxs, fərdi sahibkar, ilk növbədə, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidir. Kimsə bostandan 10-20 ton alıb gətirib şəhərdə küçədə satırsa, küçə ticarəti qaydalarını pozmamalıdır. Amma bəziləri bunu edir, bəzilərinin onun sahibkarlıq fəaliyyəti üçün heç VÖİN-i də yoxdur və vergini də ödəməkdən yayınırlar. Əgər sahibkarın fəaliyyətində qanunazidd hərəkət varsa, o halda kimsə ondan rüşvət istəyən və ya işinə müdaxilə edənlər tapılacaq. Hər bir şəxs hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, çalışmalıdır ki, qanunun tələblərinə əməl etsin. Kim düzgün və qanuni fəaliyyət göstərirsə, o zaman qarşısına çıxan məmurla, polislə və ya digər şəxslərlə də danışmağın yolunu və formasını biləcək, eyni zamanda haqqını qoruya biləcək. Ona görə də yaxşı olar ki, ilk növbədə, özümüz qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərək".
İlkin İzzət
Milli.Az