"Ermənilər artıq İrana da qarşı torpaq iddiaları ilə çıxış etməyə başlayıblar. Ermənistanın İrana qarşı torpaq iddiaları həmişə olub və onlar gizli saxlanılır. Çünki ermənilərin fikrincə, onların təxəyyülünün məhsulu olan "Böyük Ermənistan"ın böyük bir qismi mövcud İran ərazisinə düşür. Lakin ilk dəfədir ki, İrana qarşı torpaq iddiası məsələsi erməni mediasında yer alır. Onlar iddia edir ki, Urmiya gölü "Böyük" Tiqranın vaxtında "Böyük Ermənistan"ın ərazisinə daxil olub. Bu, tarixi baxımdan cəfəngiyyatdır. Çünki nə İran, nə də Şərq tarixində belə bir şey mövcud olmayıb. Lakin bu məqalənin bu məqamda üzə çıxması çoxlu suallar doğurur".

Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib.

Ermənistandan İrana şapalaq: Urmiya gölü "Böyük Ermənistan"ın olub - FOTO

Onun sözlərinə görə, İran bizim qonşumuzdur və Azərbaycan həmişə bu ölkə ilə həm siyasi, həm də iqtisadi sahədə dost münasibətlərini qoruyub saxlamağa çalışır. Hətta Tehranın Qərblə münasibətlərinin ən çətin olan, bu ölkəyə qarşı sanksiyalar yeridiləndə, onun qonşularına isə görünməz təzyiq göstərilən vaxtlarında belə Azərbaycan İranla xoş qonşuluq siyasəti yürüdüb və onun dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq hüququnu tanıyıb. İran isə, öz növbəsində, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və bütün beynəlxalq forumlarda Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır.

Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə, apardığı etnik təmizləmə siyasətinə, dinc azərbaycanlılara və müsəlman əhaliyə qarşı cinayətlərinə baxmayaraq, İran həmişə İrəvanla münasibətləri yüksək səviyyədə saxlayıb və tez-tez Ermənistanın iqtisadi izolyasiyadan çıxmasına şərait yaradıb.

Ermənistandan İrana şapalaq: Urmiya gölü "Böyük Ermənistan"ın olub - FOTO

Ekspert qeyd edib ki, bu günlərdə İran bu ölkədən keçərək Gürcüstana qaz ixracına dair sazişlə bağlı anlaşma imzalamaqla Ermənistana qarşı növbəti dost jesti etdi. Bu barədə İranın neft naziri Namdar Bijan Zanqane Ermənistanının Energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşünün yekunlarını şərh edərkən bildirib. Lakin Tehranda bu jestin effektindən həzz almağa macal tapmamış İrəvandan Ermənistanın İrana qarşı ərazi iddialarının olduğunu sübut edən informasiya yayılıb: "Belə ki, erməni KİV-ləri İranın Urmiya gölünün NASA tərəfindən çəkilmiş şəkillərini geniş şərh ediblər. Apreldə çəkilən şəkillərdə göl yaşıl rəngdə olub. Lakin bir neçə ay sonra NASA-nın şəkillərində göl artıq qırmızı rəngdə görünür. Məqalənin başlığı belə verilir: "Urmiya gölü: Qərbi Ermənistanın incisi qan rənginə boyandı". ("Озеро Урмия: жемчужина Западной Армении окрасилась в цвет крови" http://ru.1in.am/1160524.html.) Məqalədə qeyd edilir: "Urmiya gölü Yaxın və Orta Şərqdə həm böyük duzlu göldür. O, Böyük Tiqran dövründə Böyük Ermənistanın tərkibinə daxil olan İran əyalətlərindəki erməni yaylasında yerləşir". Nə az, nə çox! Bununla da ermənilər Türkiyə, Azərbaycan və Gürcüstandan sonra İrana da qarşı ərazi iddiası irəli sürüblər. Özü də Tehranla qaz ixracında dair anlaşmadan dərhal sonra".

Ermənistandan İrana şapalaq: Urmiya gölü "Böyük Ermənistan"ın olub - FOTO

E.Ələsgərovun fikrincə, bu, onu göstərir ki, ermənilər ona-buna torpaq iddiaları irəli sürməkdən başlarını itiriblər. İndi onlar ərazi iddiaları ilə çıxış etdikləri siyahıya İranı da daxil ediblər. İndi ən maraqlı məsələ İranın mövqeyinin necə olacağı ilə bağlıdır: "Çünki bu məsələ heç bir tarixi faktlara söykənmir və tam siyasi bir addımdır. Ermənilər İranın qərbini rəsmən Ermənistanın bir hissəsi hesab edirlər. Əslində, İran tərəfi təcili olaraq öz münasibətini bildirməlidir. Tehranın susqun qalması onu proseslərdən ayrı salır. Axı İran Ermənistana həddindən artıq çox kömək edib. Ermənilər də deyir ki, onlar vaxtilə lazım olan hər cür qida və ləvazimatı İran ərazisindən daşıyıb gətiriblər. Amma indi, görünür, özlərini güclü hesab edirlər və İrana da sataşmağa başlayıblar".

İlkin İzzət
Milli.Az

Ermənistandan İrana şapalaq: Urmiya gölü "Böyük Ermənistan"ın olub - FOTO
Ermənistandan İrana şapalaq: Urmiya gölü "Böyük Ermənistan"ın olub - FOTO