Bakı, 2 mart, AZƏRTAC
Suraxanı rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edib. Sonra Suraxanıda aparılmış abadlıq-quruculuq işləri haqqında film göstərilib.
Məlumat verilib ki, 2014-cü ildə Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 386 milyon manat, tikinti-quraşdırma işləri 207 milyon manat, nəqliyyat xidmətləri 14 manat, əsas kapitala yönəldilən investisiyalar 102 milyon manat, kənd təsərrüfatı 2,4 milyon manat, pərakəndə ticarət dövriyyəsi 295 milyon manat, orta aylıq əmək haqqı 569 manat olub, əhaliyə 273 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 3546 yeni iş yeri açılıb.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub ki, onların 3-ü icra olunub, 20-nin icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil edib.
Əmircan qəsəbəsində 84 saylı orta məktəbin mövcud köhnə binası sökülərək yerində yeni 960 şagird yerlik müasir məktəb binası tikilib. Ümumiyyətlə bu dövr ərzində rayonda 7 obyekt istifadəyə verilib, 8 obyekt əsaslı təmir olunub, 7 obyektin tikintisi davam etdirilib.
"Sənaye ili" çərçivəsində Qaraçuxur və Hövsan qəsəbələrində transformator zavodunun yeni korpuslarının tikintisi, Bülbülə qəsəbəsində “Bakı Toxuculuq” ASC-də yenidənqurma işləri davam etdirilib.
Sahibkarlığa Kömək Milli Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı, 225 sahibkarın iştirakı ilə Qaraçuxur və Əmircan qəsəbələrində növbəti kredit yarmarkaları keçirilib, 25 sahibkarlıq subyektinə 765,5 min manat güzəştli şərtlərlə kredit verilib.
Hesabat ilində neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulub, neftlə çirklənmiş 12 hektar torpaq sahəsi bərpa edilib, 28 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib.
Rayon ərazisində 8 min ağac, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində 4,7 min ağac əkilib, ərazilərdə 3 min kvadratmetr yaşıl çəmən düzülüb.
Ötən il ərzində rayon ərazisində 9 abad məhəllə salınıb.
2014-cü il ərzində rayonun müvafiq idarələri tərəfindən 739 ailəyə yeni sosial müavinət, 2077 ailəyə ünvanlı sosial yardım təyin edilib, Rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 510 nəfəri işlə təmin olunub, 44 nəfər peşə hazırlıq kurslarına göndərilib, keçirilmiş əmək yarmarkalarında 105 nəfər işlə təmin olunub.
Azərbaycan Respublikası Prezidentinin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq rayonda müvəffəqiyyətlə icra olunub, 124 kollektiv və rayon əhalisinin 81,5%-i tibbi müayinədən keçib, aşkarlanmış xəstəliklər nəticəsində 4224 nəfər vətəndaş ambulator müalicəyə və 391 nəfər stasionar müalicəyə qəbul olunub. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsinə bu ilin fevral ayından yenidən başlanılıb.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev, Fərəc Quliyev, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il ölkəmizin qazandığı uğurlardan söhbət açıb. O, ölkəmizdə əldə edilən uğurlarda Suraxanı rayonunun da kifayət qədər payı olduğunu diqqətə çatdırıb.
Rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Suraxanı rayonunda 2014-cü ilə yekun vurulub