Kəpəz TV (Region TV) xəbər verir ki, 1 saylı Uşaq Gənclər İdman Məktəbinin təşəbbüsü ilə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan cüdo yarışı keçirilib. Birincilikdə məktəbin yeniyetmə tatami ustaları bacarıqlarını sərgiləyiblər.

Yarışın açılış mərasimində Xocalı faciəsinin bəşər tarixində ən böyük soyqırımlardan olduğu bildirilib. Bu qanlı hadisənin unudulmayacağı, Xocalıda baş verənlərin hər zaman anılacağı vurğulanıb. Rəsmi hissədən sonra birinciliyə start verilib. Yarışda 2002-2004-cü il təvəllüdlü cüdoçular 10 çəki dərəcəsində qüvvəsini sınayıb. 1 saylı UGİM-in daxili birinciliyində 100-ə yaxın tatami ustası qalib olmaq üçün gücünü ortaya qoyub. 24,27, 30, 34, 38, 42, 46, 50, 55 və 55+ kq-da mübarizə aparan iştirakçıların say çoxluğu yarışın gərgin və maraqlı keçməsinə səbəb olub.

Birinciliyin yekunlarına əsasən, aşağı çəkilərdə Ələsgər Məmmədli, Arif Əliyev, Kənan Rzayev, Murad Cavadov, Turan Bayramov və Fuad Rəsulov yarışın qalibi olublar. Yuxarı çəki dərəcələrində isə Elgün Rzayev, Adəm Sadıqov, Əliəmrah Bayramov və Məzahir Kərimov rəqib tanımayaraq baş mükafata sahib çıxıblar.

Milli.Az