İranın daxili işlər naziri İqtisadiyyat Nazirliyində olub

İranın daxili işlər naziri İqtisadiyyat Nazirliyində olub
17:37 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev bildirib ki, Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşləri, xüsusilə son üç ildə bu görüş və səfərlərin intensivləşməsi iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edib: "Bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 65% artıb. Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb. Enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür. Ölkəmizə gələn iranlı turistlərin sayı artır".
Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib: "Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabrda Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək".
İranın daxili İşlər naziri Ə.R.Fəzli iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb: "Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artması olduqca əhəmiyyətlidir. İKT, maliyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlıq imkanları genişdir".
Görüşdə İranın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-ranin-daxili-isler-naziri-i-qtisadiyyat-nazirliyinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR