Putinin Qarabağ PLANI, Osmanlı mirası üçün III Dünya Müharibəsi... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
227 baxış·7 dəq oxu
Aprel ayının əvvəlindəki “dördgünlük müharibə”dən sonra
Dağlıq Qarabağ münaqişəsinin sürətli həlli ilə bağlı yaranan
ümidlər getdikcə yoxa çıxır. Rusiya-Qərb münasibətlərinin
gərginləşdiyi bir vaxtda “III Dünya Müharibəsi” müzakirələri
yenidən aktuallaşıb. İraqda isə regional toqquşma riskləri
artır.
Qarabağ bu il qaytarılacaqdı, lakin... – Kremlin
"sözçüsü"
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru,
Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov deyib ki, bu
il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna
bilərdi.
Onun sözlərinə görə, “Kazan düsturu” əsasında işğal altındakı
ərazilərin bir qismi qaytarılacaqdı: “Əvəzində Ermənistan
blokadadan çıxacaqdı. Lakin təəssüf ki, bu baş tutmadı”.
Rusiyalı politoloq Azərbaycan Ordusunun güclənməsindən də
danışıb.
Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiyanın keçmiş
prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülüb. Bu plana
əsasən işğal altındakı rayonlar qaytarılır, Qarabağın statusu
məsələsi həll olunur. Əvəzində, Ermənistan blokadadan çıxır. İyunun
20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən
prezidentlərin Sankt-Peterburq görüşündə də bu istiqamətində ciddi
razılıqların olduğu deyilirdi. Lakin hazırda danışıqlar prosesi
dalana dirənib.
Ermənistanın “lragir” saytı isə yazıb ki, Azərbaycan və
Rusiya Qarabağ münaqişəsi ilə bağlı yeni planlar
hazırlayır.
Sayt qeyd edir ki, Con Kerrinin Qarabağla bağlı açıqlaması ABŞ-ın
mövcud status-kvonu tanımağa çağırışı kimi qəbul edilməlidir.
“Bu, Azərbaycanda və Rusiyada ciddi narazılığa səbəb oldu. Rusiya
Suriyada çətin vəziyyətə düşüb. Moskva hətta “nüvə şantajına”
gedir. Rusiya qlobal güclər klubuna qayıtmaq istəyir. Lakin ABŞ
inadla buna qarşı çıxır. Görünür, Rusiya Qarabağ vasitəsilə qlobal
kluba girmək niyyətindədir. Buna paralel olaraq, rusiyalı
politoloqlar ərazilərin Azərbaycana qaytarılması ilə bağlı
fikirləri yenidən gündəmə gətirməyə başlayıblar. Rusiya mediası da
yazır ki, Qarabağı Azərbaycana qaytarmağa hazırlaşırlar. Bu,
faktiki olaraq Rusiya-Azərbaycan əməkdaşlığıdır və Ermənistan
burada məğlub tərəfdir”, - deyə məqalədə təşvişlə vurğulanır.
Böyük hücum planı: şəhər üç yerə bölünəcək – Türkiyə
Osmanlı mirasını qaytarır
İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi üçün
keçirilməsi nəzərdə tutulan əməliyyat yaxınlaşdıqca ortaya müxtəlif
planlar qoyulur. ABŞ, İraq və İranın planlarında Türkiyə yer
almır.
Türkiyənin isə Mosula hücum üçün öz planı var. Başika
düşərgəsindəki Türkiyə hərbçiləri əməliyyat üçün Şimali İraq Kürd
Muxtariyyəti ilə təmaslarını sıxlaşdırıb. Digər tərəfdən, sünni
tayfalar və qruplar vasitəsilə Bağdad və ABŞ üzərində təzyiqi
artırırlar. Türkiyə sünni tayfalarını təmsil edən Mosulun keçmiş
valisi Asil Nucayfi və ona bağlı “Haşdi Vatani” silahlı qrupun
üzərindən Mosul əməliyyatına qatılmaq niyyətindədir.
Qərbin təhdid xarakterli bəyanatlarına
baxmayaraq,Rusiya Hərbi Kosmik Qüvvələri Suriyadakı
sülhməramlı əməliyyatlarının sayını artırılacaq.
Bunu Rusiya parlamentində çıxışı zamanı Dumanın Beynəlxalq
məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib. Onun sözlərinə
görə, Rusiya getdikcə dünya siyasətində və informasiya məkanında
daha pozitiv imic qazanır.
ABŞ iki yeni atom bombasını sınaqdan
keçirdi
ABŞ iki yeni atom bombasını sınaqdan
keçirib.Bu haqda ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə
Milli İdarəsindən (NNSA) bildirilib.
Müasirləşdirilmiş B61-7 və B61-11 atom bombalarının sınaqları
müvəffəqiyyətlə keçib. B-61 bombası əsasında yaradılmış və nüvə
döyüş başlıqları olmayan iki döyüş sursatı Nevada ştatında yerləşən
Tonopa poliqonunda V-2A bombardmançı-gözəgörünməz təyyarələrdən
atılıb.
“Nüvə və III Dünya müharibəsi...” – DƏHŞƏTLİ
PROQNOZ
Dünyada birinci “soyuq müharibə” 25 il bundan əvvəl
başa çatdı: Berlin divarı yıxıldı, SSRİ dağıldı və Qərb böyük
qələbəni bayram etdi. Amma çoxları ehtiyat edirlər ki, Moskva və
Vaşinqton arasında ikitərəfli şifahi təhdidlər birbaşa silahlı
qarşıdurmaya keçə bilər.
Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər silahlı
qarşıdurma riskinin kifayət qədər böyük olduğunu bildiriblər.
Ötən əsrin 40-cı illərindən Kreml və Ağ Ev arasında ziddiyyətlər
mövcud idi. Supergüclər vaxtaşırı üçüncü dünya dövlətlərin
ərazilərində aparılan qanlı müharibələrdə qarşı-qarşıya gəlirdilər.
Ancaq Suriya münaqişəsi qarşıdurmanı yeni səviyyəyə çıxardı.
“Suriya unikal yerə çevrilib. Ukraynadan təxminən iki dəfə
balaca olan ölkə qlobal, regional və lokal ziddiyyətlər məkanına
çevrilib. Rəsmi olaraq bu müharibə ölkədaxili münaqişədir, amma
orada həmçinin Rusiya, İran, ABŞ və Türkiyə öz hərbçilərini
saxlayır. Buna görə də bu ölkələr arasında birbaşa toqquşma riski
var”, - Beynəlxalq Perspektivli Tədqiqatlar Mərkəzinin analitiki
Yevgeni Yaroşenko deyib.
Avroatlantik Əməkdaşlığı İnstitutunun hərbi eksperti İqor
Koziyanın fikrincə, Yaxın Şərqdə münaqişə artıq çoxdan lokal
miqyası keçib və III Dünya Müharibəsi başlanıb: “Əslində müharibə
artıq gedir. Suriya bunu göstərdi. Biz münaqişəyə cəlb olunan
ölkələrin dəqiq sayını bilmirik”.
Rusiya hərbi jurnalisti Arkadi Babçenko isə yeni dünya
müharibəsinin başlanacağına inanmır. Mütəxəssisin fikrincə, aparıcı
ölkələrin liderləri növbəti qlobal qarşıdurmaya başlayacaq qədər
ağlını itirməyib: “ABŞ və Rusiya arasında “soyuq müharibə”
başlanıb. Bu, qızğın silahlanma və qarşılıqlı təcrid etmədir. Amma
bu, birbaşa silahlı qarşıdurmaya aparmayacaq. Axı bu, artıq nüvə və
III Dünya Müharibəsi olacaq”
Rusiya yenidən Vyetnam və Kubada hərbi baza
açır
Rusiya Kuba və Vyetnamda yenidən öz hərbi
bazalarının açılması imkanlarını öyrənir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin
müavini Nikolay Pankov söyləyib.
Qeyd edək ki, Rusiya Kubada hərbi bazalarını 2001-ci ildə
bağlayıb, Vyetnamdan isə 2002-ci ildə çıxıb. 2013-cü ildə hər iki
ölkə arasında yalnız sualtı gəmilərin təmiri ilə bağlı müştərək
Kamran hərbi bazasının yaradılması razılığı əldə olunub.
ABŞ-ın dağıdılması planı işə düşdü: SSRİ-nin qısası
alınır?
Rusiyada regionların mərkəzdən uzaqlaşdırılmasına edilən
separatçı çağırışlar beş il azadıqdan məhrumedilməklə
cəzalandırılır. Lakin sentyabrın 25-də Moskvada keçirilən
beynəlxalq konfrans isə bu məntiqə ziddir.
Konfransda Puerto-Rikodan tutmuş Livana qədər bütün separatçı
rejimlərin nümayəndələri iştirak edib. Moskvanın separatçılara
dəstəyinin yalnız Qərb və Rusiyanın indiki münasibətləri ilə bağlı
olmadığı bildirilir. Söhbət həm də SSRİ-nin dağıdılmasına görə
alınacaq qisasdan gedir.
Kataloniya parlamenti isə 2017-ci ilin sentyabrında
regionun müstəqilliyi ilə bağlı referendumun keçirilməsini
dəstəkləyib. Bu barədə informasiyanı “Röyter”
agentliyi yayıb.
Güllə şəkilli qələm prezidentə mükafat
qazandırdı
2016-cı il Nobel Sülh mükafatçısının adı
açıqlanıb. Kolumbiya prezidenti Xuan Manuel Santos
Nobel Sülh mükafatı ilə təltif edilib.
O, 50 ildən çox davam etmiş vətəndaş müharibəsinə soy qoymaq
üçün göstərdiyi səylərə görə, bu mükafata layiq görülüb. Xatırladaq
ki, Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr
(FARC) arasında 52 ildən sonra – sentyabrın 27-də sülh sazişi
imzalanıb. Prezidentin razılaşmanı güllə şəklində olan qələmlə
imzalaması isə diqqət çəkib. Dövlət başçısının bu yanaşması ona
Nobel mükafatını gətirib.
Səudiyyə kralı oğlu tərəfindən öldürüləcək – ŞOK
İDDİA
İran və Səudiyyə Ərəbistanı arasında “soyuq
müharibə” bitmək bilmir.
İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") tərkibindəki
"Qüds" xüsusi elit bölməsinin komandiri general Kasım Süleymaninin
sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi,
baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin
Əbdüləziz Al Səud (Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləzizin
oğludur – red.) atasını öldürə bilər.
İranlı general Məhəmməd bin Salmanla görüşdüyünü bildirən yüksək
vəzifəli Suriya məmurlarının sözlərini şərh edib. Söhbət guya
Rusiya hərbçilərinin iştirakı ilə keçirilib. Deyilənə görə,
Məhəmməd bin Salman suriyalılara İranla əlaqələri kəsməyi məsləhət
görüb və söz verib ki, bu halda müharibə başa çatdırılacaq.
“Səudiyyə şahzadəsi son dərəcə səbirsizdir və öz atasını öldürə
bilər”, - Kasım Suleymani qeyd edib.
Haiti dağıldı, ABŞ qorxu içində
Atlantika okeanının şərq sahillərində baş verən
“Mettyu” qasırğasının qurbanlarının sayı 350-ni
keçib.
Qurbanlarının əksəriyyəti Haiti sakinləridir. Qərb
yarımkürəsinin ən kasıb ölkəsi olan Haiti güclü dağıntılara görə
oktyabrın 9-na təyin edilmiş seçkiləri təxirə salıb.
Qasırğa Kubaya da zərər vurub. Kuba hakimiyyəti təhlükəli
rayonlardan milyona yaxın sakinin təcili təxliyə edildiyini
açıqlayıb.
ABŞ ərazisinə doğru sürətlə irəliləyən qasırğanın Florida ştatı
üçün faciəli nəticələr yaradacağı istisna edilmir. Bu barədə ştatın
qubernatoru Rik Skott xəbərdarlıq edib.
Meteoroloqlar qasırğanın sürətinin saatda 250 kilometrə çata
biləcəyini istisna etmirlər. Bu beşinci kateqoriyaya uyğundur.
Hazırda qasırğa dördüncü kateqoriyaya aiddir. ABŞ ərazisinə
irəliləyən qasırğanın peykdən çəkilən görüntüləri yayılıb.
Çəkilişdə qasırğanın insanın kəllə skeletinə oxşaması insanlarda
təşviş yaradıb.