Gəlinlik gecəsi - AŞURA

Gəlinlik gecəsi - AŞURA
13:38 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Fəxrəddin Salim

“Kendini Onda kayb eden, Onu kendinde bulur”

Hz. Mövlana

İçərişəhərdə rəssam bir dostum var. Qoruq-muzey elan olunduqdan sonra talanmağa başlayan həmin içəri şəhərin ağardılmış köhnə divarları arasında yürüyürdük. Mən dedim “ay məşədi, görəsən bizim yazdıqlarımızın, cızdıqlarımızın bir mənası varmı? Kim görür bizi, kim bizim fərqimizə varır bu məmləkətdə? Bu millət can verib qurtarmadımı hələ?” Dostum üzümə bir əyri baxdı, amma çox düz bir cavab verdi. Dedi: “gün bəyəm bu gündür? Nəyin harada, nə zaman, nə olacağı heç kimə məlum deyil. Nə bilirsən, sabah bu toplumun başına nə gələcək? Allah-zadsan bəyəm? Səndən öncəkilər də belə deyirdi. Nəsimi dara çəkiləndə dedilər vəssəlam, öldü bu millət, bitdi, qurtardı, qiyamət saatı gəlib çatdı. Amma görürsən ki, olmadı, bitmədi. Bir də ki, ay qardaş, sufisən, hürufisən, məndən yaxşı bilirsən ki, bir insanın qurtuluşu bir cəmiyyətin qurtuluşundan daha qiymətlidir. Ən azından ona görə ki, fərdi qurtuluş kütləvi qurtuluşdan daha realdır. Heç peyğəmbərlər də kütləni xilas edə bilməyiblər. Heç bunu istəməyiblər də. Elə Rəsulallahın zamanındakı beş-on nəfərdi, bu gün də sayları dəyişməyib. Bizim hamımız Əbu Süfyan kimi müsəlmanıq. Gerçək bəladan kənar, tox qarına, əmniyyətdə və Allaha şərt qoşaraq. Deməyim odu ki, sən işinə bax. Həyatının sonuna qədər bir fərdi xilas edə bilsən bu sənə hər iki dünyada bəsdir. Bunun savabını ye-ye bitməz”. Bəli, məsləhət janrında olan bu sözlər əslində mənə çox gözəl bir stimul verdi. Onsuz da bir gün ya bu məmləkətdən, ya da bu dünyadan çəkib gedəcəyəm. qalası deyiləm ki,... Kim qalıb, mən də qalam? Amma həqiqətən də ağıllı fikirlər idi. Orasını-burasını bəzəyib təqdim etsəm də adamın belə ağıllı dostlarının olması yaxşı şeydir. Bir də ki, hər işdə bir xeyir var deyiblər. Mən cin atına minib o cür səfehləməsəydim, dostum o sözləri sərf etməyəcəkdi və onun bu tərəfi mənim üçün bir ömür bağlı qalacaqdı. Ona görə də bəzən hiddət, şiddət və qəzəb işə yarayır.

“Şəhvət, eşşəyi Leyla kimi göstərər”.

Bəh-bəh yenə Mövlana! Aman qulağı duymasın, yoxsa gəlib mənim qulaqlarımı çəkib qoparar. O ölməyib ki, havasını dəyişib, o qədər... Onun dünyadan köçdüyü gecə, yəni 17-si dekabr “Şəbi-Ərus”—“Gəlinlik Gecəsi” adlanır. İxtiranın müəllifi özüdür. Şəbi-Ərus haqda çox yazmışam. Yenə yuxarıdakı qiybətə qayıtmayaq, amma biz çox dedik, az eşitdilər. Dəfələrlə yazmışıq, demişik, hətta sabahı necə və nə qədər olacağı bu fani ömrümüzü belə buna həsr etmişik.... O axşam, evdə biz də Şəbi-Ərus yaşadıq. Oralara gələcəyəm, amma bir haşiyə çıxım. Şəms adında bir qızım var mənim. Həmin gecə, yəni dekabrın 17-si bizimlə bərabər oturdu, TRT-dən Mövlana törənlərini seyr etdi. Yeganə azərbaycanlı çocuqdur ki, Həzrəti Mövlananı ziyarət üçün Konyaya getdi. Atasının, anasının gücü ilə deyil, həqiqi göz yaşları ilə o sevgilini andı və geri döndü. O axşam, yəni Şəbi-Ərus gecəsi, mən bir anlığa daldım, uşağa kənardan baxıb düşündüm. Dedim ki, mən ömrümü, evimi, bir insanın haqlı olaraq sahib ola biləcəyi hər şeyi verib, əvəzində belə bir sərvətə nail olmuşam. Çox şükür. Şükür ki, onun yaşındakılar toylar kralına, yeni ulduzlara baxır, amma mənim övladım gecənin bu saatında qovuşan kipriklərinin altında Mövlana məhəbbəti ilə parıldayan bir cüt islaq göz gəzdirir. Bir Allah dostuna bundan başqa nə lazımdır?!

Hə, indi gələk bu gəlinlik gecəsi məsələsinə. Haradan başlayım bilmirəm. Çünki çağdaş Azərbaycan oxucusu bu şeyləri qavramaq üçün təməl bilgilərə sahib deyil. Ancaq yenə də biz nökərçiliyimizi eləyib, anlatmağa çalışaq. Düz 743 il bundan əqdəm Mövlana Cəlaləddin Rumi həzrətləri başındakı gözlərini bu dünyaya əbədi olaraq yumdu. Görünməyən can gözü isə Həzrəti Xızır kimi hər zaman üstümüzdədir. Nəisə, böyük Ağamız əvvəldən də vəsiyyət etdiyi üzrə ölümünü “Şəbi-Ərus”, farscadan “Gəlinlik Gecəsi” adlandırdı. Oldu, bitdi, hökm onun hökmüdür, fərman onun fərmanıdır. Dedi neysiz, dəfsiz gəlməyin üstümə. Torpağım Onun eşqiylə rəqs etmək istəyir. Rəqs üçün musiqi lazımdır. Dedi mən, bu gün Haqqın dərgahına gəlin köçürəm, zifaf gecəmdi bu gecə mənim, mən Onun üzündəki hicabı çoxdan götürüb, Onun üzünü xalqa göstərdim, indi O, mənim üzümdəki duvağı götürüb, qiyamətə qədər məni bütün dünyaya göstərəcək!

Sağ olsun Türkiyədəki telekanallar! Eşq olsun, gerçək ürək sahibi olan o kanalların sahiblərinə! Yoxsa biz və şəxsən mən nə edərdim? Aman Allahım, düşünəndə az qalıram qorxudan dəli olam. Quru maaşa baxan, evinə gündəlik yavan ehtiyacları min cürə biabırçılıqla tapıb gətirən sıravi azərbaycanlı, kirayəsini iç orqanlarının məhv olması hesabına ödədiyi evinə gəlir, açır həmin televizoru və,... Və, Azərbaycan! Aman Ya Rəbbi!!! Yox, bunları saymayacağam. Mövlana deyil ki, xəbərimiz olmasın. Bunlar, o ulduzlar, o yaltaqlar, o sifətlər hamımızın ortaq iztirab mənbəyimizdir. Yenə də sağ olun türklər! Yəni biz. Xoş halımıza ki, bir gün buralardan çəkib gedəndə, övladımız ingilis, rus və ya başqa millətin dilində danışmağa məcbur qalmayacaq. Atası bir tikə əppək qazanacaq deyə, övladı milliyyətini itirməyəcək. Bildiniz də nə deyirəm. Nəisə,.. Əlimizə fürsət düşüb, yazırıq. Türklər demişkən, şansımızı fazla zorlamayaq. Tutub, bunu da əlimizdən alarlar, o zaman həqiqətən də çəkib gedərik (bu da dərvişsayağı xox gəlməkdir. “Xox, qorxdum” səslərini eşidir kimiyəm).

Yaxşı yadımdadır... Dekabr ayının 17-si. Dekabr ayının 16- sı isə Aşura günü idi. Dostlarımın, səbəbini bilmədiyim təhriki ilə ayın 16-sında məscidə getdim. A kişi, vallah, billah, orası bizim yerimiz deyil. Bir ürəkdə iki sevda olurmu? Mən İmam Hüseyn adlı o sevgilmi təkyə küncündə, əlimdə saz, səssiz, amma sellər-sular kimi çağlayıb axan göz yaşlarımla anıram. İki əlini sinəsinə var gücü ilə vurandan iki saat sonra zorla yaşaran gözlərini silib xalqın namusuna bu dəfə ağzının suyunu bol-bol axıdan şəriət əhli ilə nə işim var mənim? Nəisə, yenə başlamayaq.

Əsl Şəbi-Ərus elə İmam Hüseyn əleyhissəlamın idi. Mövlanadan öncə o gəlin köçdü Allahın dərgahına!

Şadəm ki, İlahi, tökülür qanı Hüseynin,

Çün razı qalır eşqdə cananı Hüseynin!

Bax, bunu mən demirəm. Seyid Əzim Şirvani deyir. Məscidin qapısında sıxılıb öldürülməsinə səbəb olan bu misraları o kişi həmin gəlinlik gecəsi üçün deyib. Anlamadılar,... amma yox , anladılar. Anladılar ki, öldürdülər. Yoxsa, kimin nə işi vardı bəsit bir şairlə?

Hicri və Miladi tarixləri bu ilin dekabr ayında ard-arda iki Şəbi-Ərus gətirərək, arifləri sevindirdi. Fələyə də bu arada öz təşəkkürümüzü bildiririk. Çünki bu ulduzlardı, təqvimdi, bunlar onun icrasında olan sahələrdi. Bu işlərin patronu odur.

Degilsən çoxdan ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.

Bunu da rəhmətlik Füzuli deyir. Demir e, yandırır, dərinlərə işləyir, yox edir, sonra da var edir. Buyurur ki, ey Dünya, bu cahanda səninlə yoldaşlığımız uzun zaman deyil. Amma bu zahirdə belədir. Həqiqətdə isə mənim yaşım səndən çoxdur. Sənin qəddin nə qədər əyri olsa da (vay dədə vay, Yerin kürə şəkilli olduğunu deyir deyəsən), mən səndən qocayam. Yəni, hələ sən yaranmamışdan öncə Rəbbim məni yaratdı, oxumaq öyrətdi, ariflərdən qıldı məni. Ələst günündə mən əhd elədim ki, Kərbəla adlı qan səhrasında Onun qanını tökəcəyəm. Bu nə deməkdir? Hə, onsuz da oxuyan olmayacaq, ona görə də biz az da dərinə gedək. İmam Hüseynin elə şəriətdə də məşhur olan bir ləqəbi var: “Sarullah!”. Yəni, Allahın qanı! Klassik divan ədəbiyyatında adı tez-tez keçən “Xuni-Xuda”. Bunu da mən demirəm, heç ariflər də demir. Bizdən daha uca səslə bizi kafir, mürtəd adlandıran əhli-şəriət deyir.

Mənə manənd bir divanə surət bağlamaz, guya,

Qələm sındırdı, təsvirim çəkəndən sonra nəqqaşım!

Akademik naşirlər məni bağışlasın, bu nida işarələrini qəsdən qoyuram o misraların üstünə (siz də zəlimxanların mədhiyyələrinin sonuna qoyarsanız o nidaları). Füzuli deyir ki, Xudavəndi-Aləm məni yaratdıqdan, mənim nəqşimi çəkdikdən sonra öz qələmini sındırdı. Çünki “Daha kamil nə yarada bilərəm bundan sonra?” dedi. O sınan qələm, bu günə qədər başqa nəqş cızmayıb. İnsan ən kamil, ən əşrəf yaradılış olaraq sürdürür öz hakimiyyətini.

Gəl, gəl; nə olursan ol, yenə gəl.

Kafir, bütpərəst, atəşpərəst olsan da yenə gəl.

Bizim dərgahımız ümidsizlik dərgahı deyildir.

Yüz dəfə tövbəni pozmuş olsan da, yenə gəl!

Yazıq Mövlana (gör kimə “yazıq” deyirəm mən yazıq?!) demirdi ki, öncə müsəlman ol, namaz qıl, sonra gəl. Elə desəydi, daha Mövlananın özünə nə ehtiyac vardı? Şeyxlər, alimlər, müctəhidlər bəs eləmirdimi? Bəs eləmədi qardaş. Eləsəydi, bəşəriyyət çoxdan qurtulmuşdu!

O uca Allah dostunu tabuta qoydular və qərib torpağa vermək üçün çiyinlərə aldılar. Sanki məhşər günü idi. Heç Kəbə ətrafında belə qiyamət qopmamışdı. Ağlayan kim, məstlikdən gülüb-oynayan kim,... Bir də baxırlar ki, yan tərəfdə, cərgəni pozaraq, bir dəstə qara əbalı, boynunda taxta xaç olan keşiş gəlir. Saçlarını, saqqallarını yolurlar. Elə ağlayırlar, “mövlana aşiqiyəm” deyən bir nəfərdən o cür sel kimi göz yaşı axmır. Araya salıb soruşan oldu ki, əfəndilər, sizin nəyiniz var. Bizim ağamızdan sizə nə? Siz niyə fəğan qoparırsınız? Dedilər ki, sizin ağlınız yetməz. Sizi bilmirsiniz ki,... bu gün ölən Həzrəti İsanın özüdür! Biz əsil Məsihi indi torpağa veririk!

Elə həmin TRT-dəki törənlərdə də gördüm. Çox gözəl və savadlı nitq söyləyən (bizim dövlət məmurlarımızda heç zaman olmayacaq bilgi və eşq ilə) iqtidar və müxalifət liderlərinin hamısından daha səmimi, daha bağlı, daha həyəcanlı olanlar avropalı, amerikalı, yaponiyalı, hindistanlı qonaqlar idi. Onların hamısı öz cəmiyyətlərinin düşmənçiliyini göz önünə alaraq, məhz Həzrəti Mövlananı oxuduqdan sonra islamiyyəti qəbul etmiş canlar idi! Onların müsəlmanlığı bizimkinə bənzəməz! Onlar bizim kimi ənənəvi, Mövlana demişkən, ata malı kimi sahib olduğumuz müsəlmanlığa sahib deyillər. Onlar bu dini halal zəhmətləri, gerçək yəqinləri və canlı gözləri ilə qəbul etmişlər. onların üzündə indidən Cənnətin rənglərini gördüm.

Və,... Yaşasın EŞQ!!!

(Admiral.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR