Jurnalistlərə marşrutlardan pulsuz istifadə güzəşti olacaq?

Jurnalistlərə marşrutlardan pulsuz istifadə güzəşti olacaq?
13:12 25 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Umud Rəhimoğlu: "İctimai nəqliyyatın pulsuz olması jurnalist üçün hər şeydən vacib bir məsələdir"

Məlahət İbrahimqızı: "İctimai nəqliyyat özəl təsərrüfata keçdiyinə görə belə bir qanun Milli Məclisdə hələ ki müzakirə mövzusu deyil"

Ərşad Hüseynov: "Bu dəqiqə heç kimin ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ yoxdur"

Nəsimi Paşayev: "Metroda güzəştli kateqoriyanı Nazirlər Kabineti müəyyən edir"

Azər Həsrət: "Bunu qanunvericiliklə həll etmək olar"

Kamil Həmidov: "Belə güzəştlər verilsə, əsl media nümayəndələrinin maddi durumları azacıq da olsa yaxşılaşar"

Elşad Paşasoy: "Sürücülərlə jurnalistlər arasında "qəpik davası"nın düşməsinə səbəb olar"

Son günlər jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi məsələsi yenidən aktuallaşıb. Bununla bağlı müxtəlif fikirlər səslənir. Kimi bu məsələnin jurnalistlərin işini asanlaşdırması və sosial şəraitlərinin az də olsa yaxşılaşdırması kimi dəyərləndirib, təqdir edir, kimi isə Azərbaycanda nəqliyyat xərclərinin cüzi məbləğ olduğunu əsas gətirərək güzəştlərin tətbiqini pisləyir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova mətbuata bildirib ki, bunun üçün gələcəkdə həmin şəxslərə güzəştli kartların verilməsi nəzərdə tutulur.

Milli.Az sherg.az-a istinadən bildirir ki, eyni zamanda N.Allahyarova indiki məqamda media mənsublarına belə bir güzəştin verilmədiyini söyləyib: "Hazırda jurnalistlərin nəqliyyatdan istifadəsi pulsuz deyil". Məlumat üçün bildirək ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" 1992-ci ildə qəbul edilən, 1999-cu ildə isə qüvvədən düşən qanunun V fəsil 39 maddəsinin 9-cu bəndində jurnalistlərin şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etməsi yer almışdı. Təbii ki, qanun qüvvədən düşəndən sonra yenisi ilə əvəzlənib. Ancaq yeni qanunda yuxarıda qeyd etdiyimiz bənd çıxarılıb. Maraqlıdır, görəsən, yeni qanuna dəyişiklik edilərək jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi bərpa oluna bilərmi?

Sualımızı cavablandıran Mətbuat Şurasının (MŞ) sədr müavini Umud Rəhimoğlu bildirib ki, sovet hakimiyyəti dövründə jurnalistlər bir sıra güzəştlərdən istifadə ediblər: "Bu həm sosial vəziyyətin yaxşılaşmasına, həm də operativ işləmələrinə təsir edib. İctimai nəqliyyatın pulsuz olması jurnalist üçün hər şeydən vacib bir məsələdir. Xarici ölkələrdə bu məsələyə müxtəlif cür yanaşmalar var. Jurnalistlərə müxtəlif güzəştlər olunur. Bu qanunun bərpa olunması hüquqşünasların, qanunla məşğul olan şəxslərin işidir. Əlbəttə ki, Mətbuat Şurası da bu işdə təşəbbüskar kimi bu qanunun formalaşdırılmasında iştirak edə bilər. Azərbaycan Mətbuat Şurası jurnalistlərin sosial güzəranları ilə bağlı müəyyən addımları atıb və bu, davam edəcək. Bilirsiniz ki, bu gün şəhər nəqliyyatının böyük əksəriyyəti özəl şirkətlərin - sahibkarların əlindədir. Ona görə də bu məsələnin həllində müəyyən problemlər var. İstənilən halda gələcəkdə bu məsələyə müvafiq qurumların diqqəti olsa, daha yaxşı olar. Mətbuat Şurası jurnalistlərin sosial problemlərinin həllinə dəstək verməyə hər zaman hazırdır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, yaxşı olar ki, istər jurnalistlər, istərsə də cəmiyyətin digər sosial təbəqəsi - müharibə əlilləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, veteranlar və s. ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər. Ancaq burada bir problem var: "İctimai nəqliyyat özəl şirkətlərin əlindədir. İctimai nəqliyyat özəl təsərrüfata keçdiyinə görə belə bir qanun Milli Məclisdə hələki müzakirə mövzusu deyil. Ölkədə sahibkara dəstək verilir, eyni zamanda sahibkarlar da dövlətə vergi ödəyirlər, üzərlərinə düşən digər öhdəliklərini həyata keçirirlər. Sosial təbəqənin də imtiyazlı olması sahibkarın xeyrinə olan bir məsələ deyil. Ona görə də hələki jurnalistlərin və onlardan da daha çox ehtiyacı olan vətəndaşların ictimai nəqliyyatdan pulsuz istifadəsi yaxın gələcəkdə mümkünsüzdür".

Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, Azərbaycanda bu dəqiqə heç kimin ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ yoxdur. Ancaq istisna hallar var: "Daxili İşlər Nazirliyinin polis əməkdaşları və bir də çağırışla xidmət edən əsgərlər. 90-cı illərdə veteranlara ictimai nəqliyyatdan istifadə etdiyinə görə güzəştlər var idi. İctimai nəqliyyat sahibkarın himayəsinə keçəndən sonra bu güzəştləri ləğv etdilər, ancaq qarşılığında dövlətin veteranlara müavinət ödəməsi təklif olundu".

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə deyib ki, metroda güzəştli kateqoriyanı Nazirlər Kabineti müəyyən edir: "Xarici ölkələrə gəldikdə isə cəmiyyətin müxtəlif sosial təbəqəsinə, eyni zamanda jurnalistlərə güzəştlər müxtəlif formada həyata keçirilir".

Media eksperti Azər Həsrət qeyd edib ki, jurnalistlərə ictimai nəqliyyatda güzəştlərin olunmasına müsbət yanaşır və eyni zamanda düşünür ki, bunu qanunvericiliklə tənzimləmək mümkündür: "Çünki ictimai nəqliyyat Bakı şəhərində faktiki olaraq özəl sahibkarların əlindədir. Təbii ki, onların da boynuna vəzifə qoyulmur ki, hansısa kateqoriyadan olan vətəndaşlar üçün mütləq şəkildə pulsuz gediş təmin etsinlər. O baxımdan düşünmürəm ki, bunu qanunvericiliklə həll etmək olar. Mənə elə gəlir ki, jurnalistlərin ümumi mənafeyini qoruyan, təmsil edən bir təşkilat - məsələn, Mətbuat Şurası sahibkarlarla fərdi şəkildə danışıqlar apara bilər. Aparılan danışıqlar nəticəsində MŞ-nin kartını daşıyan jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi üçün müəyyən razılıq əldə oluna bilər. Təbii ki, bunun qarşılığında MŞ onlara nəsə təklif etməlidir. Hansısa KİV-də həmin şirkətlərin pulsuz reklamının təşkil edilməsi, yaxud da ümumi maraqlara xidmət edən məsələlərlə bağlı ortaq bir məxrəcə gəlmək olar. Yəni bunun ən asan və bürokratiyadan uzaq yolu budur. Hesab edirəm ki, MŞ bununla bağlı təşəbbüs qaldırmalı və sahibkarlarla, ayrı-ayrı ictimai nəqliyyat xətlərini işlədən şəxslərlə görüşüb ümumi bir məxrəcə gəlinməlidir. Ondan sonra jurnalistlər nəqliyyatdan pulsuz istifadə edə bilər".

Tanınmış jurnalist Kamil Həmidov hesab edir ki, belə güzəştlərə ehtiyac var. Çünki əksər KİV nümayəndələrinin sosial-maddi durumları yaxşı deyil: "Ona görə də belə güzəştlər verilsə, əsl media nümayəndələrinin maddi durumları azacıq da olsa yaxşılaşar. Amma bir reallıq da var ki, biz bazar iqtisadiyyatı dövründə yaşayırıq və bu hal belə güzəştləri bir növ mümkünsüz edir.

Bununla belə, çox istərdim və çox yaxşı hal olardı ki, ölkə rəhbərliyi media mənsubları ilə bağlı belə bir addıma getsin".

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov söyləyib ki, bunu istəmək artıq ağ eləməkdir: "Əvvəla, ictimai nəqliyyat onsuz da bizdə çox ucuzdur. Yəni 20 qəpikdən də aşağı hara endirilməlidir? Digər tərəfdən, jurnalist olmaq bizə əlavə imtiyaz, güzəşt istəmək üçün əsas vermir axı. Jurnalistin nəyi başqa peşələrdən artıqdır ki? Hər bir sənət özünə görə çətindir, məsuliyyətlidir. Onda, məsələn, müəllimə niyə güzəşt olunmasın ki?"

"Yeni Müsavat" qəzetinin əməkdaşı, tanınmış jurnalist Elşad Paşasoy diqqətə çatdırıb ki, jurnalistlər əhalinin aztəminatlı təbəqəsinə aid qrupdur. Bu mənada media təmsilçilərinə hansısa formada dövlət dəstəyinin verilməsi yalnız təqdir oluna bilər: "Amma məncə, bu dəstək digər formalarda həyata keçirilsə, daha yaxşı olar. Məsələn, ölkədə reklam bazarı inkişaf etdirilərsə, yaxud reklam bazarının ədalətli qaydada bölüşdürülməsi məsələləri həllini taparsa, media qurumlarının rəhbərləri işçilərinə daha yüksək maaş və qonorar vermək imkanı qazanacaq. Bu halda jurnalistlər nəinki avtobus və ya metrodan istifadə üçün gedişhaqqı dərdini çəkəcək, bəlkə redaksiyaların alacağı avtomobillərin imkanlarından, yaxud taksi xidmətindən istifadə edəcəklər. Bəli, 90-cı illərdə jurnalistlərin taksini çıxmaq şərtilə, şəhər və rayondaxili nəqliyyat vasitələrindən pulsuz istifadə etməsi barədə qanunvericilikdə konkret müddəa var idi. Ancaq belə müddəalar müəllimlər, təqaüdçülər və ya tələbələrə də şamil edilirdi. İndi daxili işlər orqanlarının əməkdaşlarını çıxmaq şərtilə bütün güzəştlər ləğv edilib. Təsəvvür edin, jurnalistlər avtobusdan vəsiqəsini göstərərək düşür, amma 5-ci sinif şagirdi, yaxud yaşlı təqaüdçü cibindən 20 qəpik çıxarıb sürücüyə verir, bu, kənardan normal görünməz. Həm də hazırda ictimai nəqliyyat əsasən özəlləşdirilib və media mənsublarına xüsusi imtiyazın verilməsi onsuz da gərginliyin hökm sürdüyü bu sektorda vaxtaşırı "həyat uğrunda mübarizə aparan" sürücülərlə jurnalistlər arasında "qəpik davası"nın düşməsinə səbəb olar. Ona görə də problemlərin kompleks həllinə ehtiyac var. Avropa ölkələri bir yana qalsın, məsələn, qardaş Türkiyədə əhalinin bütün təbəqələri üçün gedişhaqları ilə bağlı güzəşt tətbiq olunur. 70 dəqiqə ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edənlər cüzi miqdarda gedişhaqqı ödəyir. Bu güzəştdən jurnalist də bəhrələnir, təqaüdçü də, alim də, tələbə də. 65 yaşdan yuxarı vətəndaşlar üçünsə gediş pulsuzdur. Bildiyimə görə, Gürcüstanda da bənzər güzəştlər var. Azərbaycanda da müasir dünya ölkələrində tətbiq olunan elə güzəştlər tətbiq olunmalıdır ki, barını hər kəs görə bilsin, əks effekt yaratmasın. Qaçqın və məcburi köçkünlərin çörəkpulu, ya şəhidlərin qanpulu söhbəti olan yerdə bizim ayrıca kateqoriya kimi yolpulu davasını aparmağımız qınağa səbəb ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR