Nizami Kino Mərkəzində "İkimizin yerinə" türk filminin qala gecəsi olub

Nizami Kino Mərkəzində "İkimizin yerinə" türk filminin qala gecəsi olub
23:42 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində "İkimizin yerinə" adlı türk filminin qala gecəsi keçirilib.
"Report"un xəbərinə görə, filmdə çəkilən əsas qəhrəmanlar - aktrisa Serenay Sarıkaya və Zerrin Tekindor qırmızı xalçadan keçərək Mərkəzə daxil olublar.
İlk olaraq Nizami Kino Mərkəzinin foyesində quraşdırılan filmin posterinin qarşısında şəkil çəkdirilib.
Daha sonra aktrisalar tamaşaçılarla birlikdə zalda filmə baxıblar. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Nümayişdən sonra film qəhrəmanları mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Onlar Bakını və Azərbaycan mətbəxini, xüsusilə də düşbərəni çox bəyəndiklərini deyiblər. S.Sarıkaya qala gecəsində müşahidə olunan izdihamdan razı qaldığını və bunun onda sevinc hissi yaratdığını qeyd edib. Gənc aktrisa eyni zamanda, Azərbaycandan hansısa filmdə çəkilməklə bağlı təklif gələrsə, məmnuniyyətlə qəbul edə biləcəyini əlavə edib:
"Serialda və ekran işlərində adətən mahnı səsləndirirəm. Səsimin yaxşı olduğunu deyirlər. Ancaq aktrisalıq həyatımın bir parçasıdır. Ona görə də özümü, hələlik müğənni kimi yox, məhz aktrisa kimi yoxlamağı üstün tuturam".
O, bu ekran işində tanınmış həmkarı Zerrin Tekindorla birlikdə çəkilməyi özünə şərəf saydığını deyib. Zerrin Tekindor da öz növbəsində gənc aktrisa ilə eyni filmdə yer almaqdan razılığını ifadə edib: "Serenay gənc olsa da, istedadlı biridir. Ona bundan sonrakı yaradıcılığında da uğurlar arzu edirəm".
Mətbuat konfransında bildirilib ki, çəkilişlər 5 həftə ərzində Mudanya şəhərində aparılıb.
Film Çiçək adlı qızın (Serenay Sarıkaya) həyatında bəhs edir. O, kiçik qəsəbədə ailəsi ilə birgə istəmədiyi bir həyatı yaşayır. Lakin qəsəbəyə yeni gələn ədəbiyyat müəllimi Doğanla rastlaşma (Nejat İşlər) onun həyatını tamamilə dəyişir. Doğan mümkünsüz sevgiyə qarşı çıxsa da, sonda Çiçəyə aşiq olur. Bununla da cütlük arasında böyük sevgi hekayəsi başlayır. Onlar fərqli həyatlarına baxmayaraq bir-birilərinin yaralarını sarımağa çalışsalar da, bir ailənin də taleyini kökündən dəyişirlər.
Qeyd edək ki, ekran işinin rejissorluğunu Umur Turagay edib. Filmdə əsas obrazları səhhəti ilə bağlı yaradıcılığında uzun müddət fasilə verən Nejat İşlər, Serenay Sarıkaya, Zerrin Tekindor və İştar Gökseven canlandırıb.





Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/nizami-kino-merkezinde-i-kimizin-yerine-turk-filminin-qala-gecesi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR