Mərkəzi bankların faiz oyunu və Azərbaycanda dəyişən kredit şərtləri

Mərkəzi bankların faiz oyunu və Azərbaycanda dəyişən kredit şərtləri
16:53 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə qonşu və uzaq dövlətlərdə mərkəzi bankların faiz qərarları ilə yadda qaldı. Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini dəyişdirmədi. 10% səviyyəsində təsdiqlədi. Rusiya Bankından verilən açıqlamada qəbul olunan qərarın ölkədəki inflyasiyanın dinamikası və iqtisadi aktivliyi ilə bağlı proqnozlara uyğun olduğu bildirildi.

Bankdan qeyd edirlər ki, istehlak qiymətlərinin düşməsində mövsümi amillər önəmli rol oynayır. İnflyasiyanın azalması ilə bağlı gözləntilər dayanıqlı hal almayıb. Xatırladaq ki, sentyabr ayında keçirilən iclasında Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

Gürcüstan Mərkəzi Bankı da Rusiyanın yolu ilə gedərək uçot dərəcəsini dəyişdirmədi və 6,5%-də saxladı. Buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi oldu. Bu ilin avqustunda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb. Bildirək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Ukrayna Mərkəzi Bankı isə oktyabrın 27-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini 15%-dən 14%-ə endirdi. Hansı ki, sonuncu dəfə uçot dərəcəsi bu səviyyədə 2014-cü ilin noyabr ayında olub.

Ukrayna Mərkəzi Bankından verilən açıqlamaya görə, uçot dərəcəsinin endirilməsi qərarı inflyasiya risklərinin azalması fonunda və 2017-2018-ci illər üçün qiymət artımının aşağı salınmasına kömək məqsədi ilə qəbul edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, oktyabr ayında həmçinin valyuta bazarında təklif olunan valyutanın miqdarı tələbi üstələyib. Bu da Mərkəzi Banka valyuta alışı istiqamətində intervensiya həyata keçirərək valyuta ehtiyatlarını artırmağa imkan verib. Buna baxmayaraq, Mərkəzi Bank milli valyuta - qrivnanın möhkəmlənməsinə şərait yaratmayıb. Beynəlxalq Valyuta Fondunun (İMF) kredit transının gəlməsi ilə Ukrayna Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının 2016-cı ilin sonunda 17,5 mlrd. dollar, 2018-ci ilin sonunda isə 27,8 mlrd. dollara çatdırılması nəzərdə tutulub.

Neftin qiymətinin 50 dollar/barelə yaxınlaşması "qara qızıl" sektorunun illik satış həcminin 1,7 trln. ABŞ dollarına çatmasına səbəb oldu. Neft sektorunun gəlirləri digər metal və mineral xammallarının məcmu satışından 3 dəfə çoxdur. Neft sektorunu ən bahalı və likvid xammal sayılan qızıl bazarı ilə müqayisə etsək, fərqin 10 qat olduğu ortaya çıxır. Dəmir bazarının həcmi isə cəmi 115 mlrd. dollar təşkil edir və neft bazarından 15 dəfə azdır.

Neft hasilatçıları ildə 34 mlrd. barel neft hasil edərək təqribən 94 mln. barel olan gündəlik neft tələbini təmin edirlər. Bu, dünyanın funksiyasını davam etdirməsi üçün neftə olan minimal tələbdir. Hazırda neft, qida və dərman preparatlarından sonra ən önəmli əmtəə hesab olunur.

ABŞ iqtisadiyyatından da xəbər var. Bu ilin III rübündə ABŞ iqtisadiyyatı faktiki olaraq 2,9% artıb. Analitiklər iqtisadi artımın 2,5% təşkil edəcəyini ehtimal edirdilər. II rübdə ABŞ-da iqtisadi artım 1,4% olub.

İş dünyası

Norveçin “Statoil” şirkətinin bu ilin III rübündə xalis zərəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 427 mln. ABŞ dollarına çatdı. Şirkətin rüblük hesabatında qeyd olunur ki, bu ilin 9 ayında isə şirkətin zərəri 97% artıb və 117 mln. dollar olub.

Şirkətin açıqlamasında qeyd olunub ki, hesabat rübünün göstəricisi neft və qazın aşağı qiymətləri ilə yanaşı, quyulara texniki baxış üçün xərclərin çoxalması ilə əlaqədardır.

“Deutsche Bank" 2016-cı ilin III rübündə gözlənilmədən mənfəət əldə etdiyini açıqlayıb. Bankın mənfəət əldə etməsi öhdəlikləri və restrukturizasiya xərclərinin proqnozlardan az olması səbəbi ilə bağlıdır.

"Deutsche Bank" tərəfindən oktyabrın 27-də Frankfurtda (Almaniya) açıqlanan hesabata əsasən, şirkətin III rübdə xalis mənfəəti 256 mln. avro (279 mln. ABŞ dolları) olub. Xatırladaq ki, Bank keçən ilin analoji dövrünü 6,01 mlrd. avro (6,55 mlrd. dollar) zərərlə başa vurub. "Bloomberg"in sorğusunda iştirak edən 14 analitikin proqnozuna görə, Bankın III rübdə 394 mln. avro (429 mln. dollar) zərər edəcəyi gözlənilirdi.

ABŞ-ın "Amazon" pərakəndə internet satışı şirkətinin III rübdəki mənfəəti analitiklərin proqnozlarını doğrultmadığına görə şirkətin səhmləri xəbərdən dərhal sonra ilk bir saatda 6% dəyərdən düşüb. Nəticədə, şirkətin qurucusu və baş icraçı direktoru olan Cef Bezosun (Jeff Bezos) şəxsi sərvəti 3,2 mlrd. dollar və ya 4,5% azalaraq 67,5 mlrd. dollara enib.

Analitiklər səhmbaşına "Amazon"dan 0,78 sent xalis mənfəət gözlədikləri halda şirkət 0,52 sent qazandığını açıqlayıb. Bu səbəbdən NASDAQ texnologiya şirkətlərinin tədavül etdiyi fond birjasında şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 772 dollara enib.

C.Bezos 1997-ci ildə "Amazon" şirkətinin səhmlərini ilk dəfə fond birjasında yerləşdirib və o zamandan indiyədək şirkətin səhmləri 54 000% bahalaşıb.

"Forbes" jurnalının oktyabr sayında verdiyi məlumata görə, C.Bezos ABŞ-ın ikinci ən zəngin iş adamıdır.

Azərbaycan

Gəldik çıxdıq öz firavan, bol bəhrəli ölkəmizə…

Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşdı. Bununla da Azərbaycan ötən illə müqayisədə 2 pillə geriləyib. Xatırladaq ki, ötən il Azərbaycan əvvəlki ilə nisbətən 17 pillə irəliləyərək 63-cü pillədə qərarlaşıb. Həmçinin, Azərbaycan bu il üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil edilib. Onlardan birincisi biznesə başlamaq, ikincisi tikintiyə icazələrin alınması, üçüncüsü isə kiçik investorların hüquqlarının qorunması ilə bağlı islahatlardır.

Milli Məclis "Kredit büroları haqqında" qanun layihəsini müzakirə etdi. Nəzərə çatdıraq ki, qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.

Kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilib. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

Onu da qeyd edək ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.

Məndən bu qədər…

Leyla Əliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/hesabat/173996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR