“Amerikadan gələn oğlan”ın 20 yaşlı balası və 120 övladı... – YUBİLEY REPORTAJI

“Amerikadan gələn oğlan”ın 20 yaşlı balası və 120 övladı... – YUBİLEY REPORTAJI
16:59 2 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

1993-cü ilin bu vədələriydi, deyəsən. Akif Amerikadan gəlmişdi. Hamımız yığışmışdıq başına. Bizimçün xəyal olan Amerikadan danışdı xeyli, Məhəmmədin bufetində. “Müxalifət”in redaksiyasında. Gənc nəsil təəccübləndi deyəsən, bir zamanlar belə bir qəzet olub. Rəhmətlik Ağamalı Sadiqin qəzeti. Deyəsən, Akifi də elə Ağamalı bəy işə götürmüşdü. Elə bizə, “Azərbaycan” nəşriyyatından qovulmuş “525-ci qəzet”ə də o yer vermişdi “Müxalifət”in redaksiyasında. Qaynayıb-qarışmışdıq “müxalifətçi”lərlə.


 

Hə, Akifin Amerika səfərindən danışırdıq axı. Bir xeyli danışdı Akif. Ağzımızı ayırıb qulaq asırdıq.


 

Sonra Məhəmmədin bufetində məclisin “bədii hissəsi” başladı...


 

...Sonra. Sonra heç, qəzet çıxarmağa getdik. Çünki elə həmin günün səhəri qəzetlərimiz çıxacaqdı. “Müxalifət”də isə Akifin ABŞ səfərindən yazı. Həmin yazının başlığı indiyədək yadımdadı: “Amerikadan gələn oğlan”.

 

Bu, Akifin ilk müsahibəsiydi.


Şəklini kollaj edib vermişdik.

 

Bu, Akifin ilk kollajıydı.

 

Kollaja bir qədər əsəbiləşmişdi Akif.

 

Bu, onun ilk əsəbiləşməyi idi, məncə. Çünki onun əsəbiləşdiyini belə xatırlamıram. Xatırladığım isə odur: Akif çox yox, cəmi 6 aydan sonra, 1994-cü ilin martında “Şərq” qəzetini təsis edib, onun ilk nömrəsini buraxdı.


 

Bu, onun ilk qəzetiydi. Həm də sonuncu. Və hərdən mənə elə gəlir ki, Akif nə vaxtsa nə “Müxalifət”də işləyib, nə də bir dəstə işçisini “oğurlayıb” apardığı sonuncu iş yeri “7 gün”də.


Sovet vaxtı partiya haqqında deyilənlər yadınızdadırmı? “Partiya deyəndə Lenin, Lenin deyəndə partiya yada düşür”. Eləcə də, “Şərq” və Akif Aşırlı. Amma “Şərq” heç vaxt partiya qəzeti olmadı. Düzdür, yarımçıq doğuldu ilk dəfə, 1994-cü ildə 5-6 sayı çıxdı, Amma zəmanənin “barokamerası”nda qaldı iki il. Nəhayət, 1996-cı ilin bu günündə yenidən mətbuat aləminə göz açdı. Düz iyirmi ildir. Bir igidin ömrü. Düz iyirmi ildir Akif Aşırlı və Yusif Nəzirli imzası bu qəzetin sonuncu səhifəsindən əskik deyil. 20 ildə redaksiya üzvlərinin siyahısına çox adlar daxil olub, çıxıb, amma bu imzalar əvəzedilməzdi…


 

***


 

9 mərtəbəli bədheybət binada “Şərq” kimi qəzet adına 2-3 nəşr qala-qalmaya. Yerdə qalanları makulatura məhsullarıdır ki, hər mərtəbədə məskən salıblar. Doqquzmərtəbəli binanın 7-ci qatında məskən salıb “Şərq”, 20 ildir. Çəkiliblər öz köşələrinə, gündəlik qayğılarıyla məşğuldurlar. Düzdür, indi kağız, dozakl, çap kimi 90-cı illər mətbuatının ənənəvi qayğıları yoxdur. Eləcə də senzura...


 

***

 

Akif deyir ki, indiki gənclər bilməz senzura nəydi, İldırımzadə kim olub. Mən Ələmdarı, Rzabalanı, Araz müəllimi də xatırladıram. Gülür. Bir xeyli xatirələrə də dalırıq.


 

- Yazı nədi, hələ sən adi şəkildən danış. Yadındadı, saatlarla əlimizdə bir neçə şəkil İldırımzadənin kabinetinin qabağında intizarla gözləyirdik ki, bu şəkillərdən hansına icazə verəcək. O şəkli yenisi ilə əvəzləmək, materialları təzədən redaksiyaya gətirmək, yenidən səhifələmək, yenidən senzura… "Şərq" çox çətin dönəmdə fəaliyyətə başladı. Şükür, bu günlərə gəlib çıxdıq.


 

Deyir, şəxsən özüm qəzetin ilk saylarını qoltuğuma vurub metrodakı yayım şəbəkələrinə vermişəm.


 

- Təsəvvür edin, metronun bir tərəfindən Yusif Nəzərli düşürdü, bir tərəfindən də mən. Aparıb qəzeti yayımçılara verirdik və həftəsonu da gedib pulumuzu alırdıq, mətbəə xərcini ödəyirdik, kağız alırdıq. Asan gəlir bəzən kiməsə... Mən, Yusif Nəzərli, Kəmalə Quliyeva, Mahir Rüstəmov, Natiq Zeynalov bir qrup yazar yığışıb bu qəzeti yaratdıq. Sonra digərləri gəldilər və getdilər, yenə gəldilər, yenə getdilər, bir də ayıldıq ki, böyük bir məktəb olmuşuq, onlarla məzunumuz var.

 

Akif deyir, Şərqdə ən böyük iş “stajı” olan Yusiflə odur. Qəzet yaranandan “Şərq”dədirlər. Sonra Məlahət Rzayeva gəlib. Məlahət Rzayevanın 18-19 illik əməyi var qəzetdə. Tahirə Məmmədqızı 15 ildir burada işləyir. Anar Bayramoğlu 13 ildir "Şərq"dədir. Ayət artıq 4-cü ildir.


 

Elə Ayət danışır:


 

- Bu qəzetə 2012-ci ilin avqustunda gəlmişəm... "Şərq" qəzeti tələbəlik illərimdə ən çox alıb oxuduğum qəzet olub. Sonradan, yazıçı Anar demiş, şərait elə gətirdi ki, mən "Şərq"də çalışası oldum.


 

Deyir, Akif Aşırlı kifayət qədər demokratik, ədalətli və humanist rəhbərdir. Redaksiyadakı demokratik və liberal mühit bunu deməyə əsas verir.


 

- Hətta bəzən yazılarımızda elə qüsurlu cümlələrimiz və fikirlərimiz olur ki, Akif bəy bunu üzümüzə vurub, utandırmır. Amma sabah yazıya baxanda həmin dəyişiklikləri görürük.

 

Ayət “Şərq”dən heç hara getməyə tələsmir:


 

- “Şərq”i hansısa başqa bir mətbuat nümunəsinə dəyişmərəm. Yəni "Şərq"ə sırf gəlir mənbəyi kimi baxmıram. Bura həm də mənim üçün məktəbdir. "Şərq"də istədiyim mühit var... Qərb dəyərlərinin bir çox elementlərini bu redaksiyada müşahidə etmək mümkündür. Bununla yanaşı, ömür boyu "Şərq" də işləyəcəyimi də iddia etmirəm. Yəni "Şərq" dən getməyim, mətbuatdan getməyim olacaq. Məqsədim həm jurnalistik biliklərimi artırmaq, həm də elmi yaradıcılığımı davam etdirməkdir. Qarşımdakı əsas məqsəd fransız dili ilə bağlı alternativ iş tapmaqdır, "Şərq"lə yanaşı, həmin işdə də çalışmaqla fransız dili üzrə elmi iş götürüb, doktorluq elmi dərəcəsini qazanmaqdır.


 

13 ildir ki, “Şərq”dədir Anar Bayramoğlu. Deyir, universitetin birinci kursunda oxuyurdum.


 

- Bir gün rəhmətlik Vüqar Qocamanlı ilə rastlaşdım. Vüqarla biz kənddə qonşu idik. O dedi, nə işlə məşğul olursan, dedim heç, oxuyuram.

Vüqar həmin vaxt "Şərq" qəzetində işləyirdi. 2003-cü ilin fevral ayının 23-də məni gətirdi “Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsinə, "Şərq"in redaksiyasına. Redaksiyada ilk qarşılaşdığım şəxs, o vaxt redaktor olan Yadigar Cəfərli idi. Vüqar məni Yadigarla tanış etdi, dedi burda praktikant kimi işləsin. Sonra Akif Aşırlı otağında bir az söhbət apardı mənimlə, öyrən, yaz görək nə yazırsan, dedi. Beləcə, jurnalistikaya gəldim. İlk yazım yadımdadır ki, internetin qiyməti ilə bağlı idi, İnternet forumun prezidenti Osman Gündüzdən münasibət öyrənib, yazı yazmışdım”.


 

***


 

“İlk dəfə həftədə 4 səhifə həcmdə nəşr edilirdik. 1997-ci ilin sonlarından həftədə 2 dəfəyə keçdik. Tədricən həftədə 3 dəfə olmaqla 8 səhifə və 16 səhifə çıxdıq. 2001-ci ilin martından isə qəzet həftədə 5 dəfə nəşr olunmağa başladı. Qəzetdə çox sayda işinə peşəkarlıqla yanaşan jurnalistlər çalışıb, formalaşıblar”.


 

Akif deyir bunları. Sən demə, indiyədək “Şərq” qəzeti kənar kollektivlərdən çox az sayda əməkdaş qəbul edib.


 

- Jurnalistika fakültəsində çalışan tələbələri redaksiyamıza dəvət etmişik, onların sıfırdan başlayaraq peşəkarlaşma mərhələləri “Şərq”in özünün kollektivində, yaradıcılıq atmosferində baş verib. Təbii ki, müəyyən bir zaman kəsiyində qəzeti tərk edən peşəkar jurnalistlərimiz də olub. Bu da bir həyatdır.


 

Həmsöhbətimiz bir maraqlı məqama da toxunur. Deyir, 1990-cı illərin sonlarında hətta ən ciddi qəzetlər əlavələrlə çıxış etdilər, krossvordlar, ailə, şou-biznes, idman sahələri üzrə əlavə nəşrlər hazırladılar.

 

- Həmin vaxt internet Azərbaycana yeni-yeni gəlirdi. Biz həmin dövrdə də öz “Şərq”imizə sadiq qaldıq və əlavələrimizi buraxmaq istəmədik. Bu, o demək deyil ki, “Şərq” qəzeti və onun rəhbərliyinin genişlənmək, yeni layihələrlə çıxış etmək fikri yoxdur. Sadəcə, ölkəmizin ictimai-siyasi yönümlü qəzeti kimi əyləncə buraxılışlarını nəşr etdirməyi özümüzə uyğunlaşdıra bilmədik.

 

“Şərq”in “qara fəhləsi” Yusif. Əslində dediklərimlə razılaşmır:

 

- Kölgədə qalmaq nəyə deyirsiniz? Əgər yazı yazmaq mənasında deyirsinizsə, bəli, demək olar ki, yazmıram. Bunun da yalnız bir səbəbi var. Sadəcə, vaxtım yoxdu. Biz - Akif bəylə, Anar bəylə birlikdə hər gün saytları, qəzetləri incələyib əməkdaşlarımıza mövzular müəyyənləşdiririk. Material hazır olan kimi onların oxunması, başlıq seçimi, dizayn məsələləri vaxt aparan məsələlərdir. Amma mən işimdən həzz alıram. Bir dəfə mənim baş redaktorum olmuş Emin Eminbəyli də bir söz demişdi. O, deyirdi ki, "7 gün" qəzetinin baş redaktorunu tanıyan yoxdu, amma jurnalistlərini hamı tanıyır. Məncə, bu, təbii işdir. Yəni redaktor yaxşı işin nəticəsində həmişə pərdə arxasında qalır. Bu məni heç narahat etmir.


Yusif onu da deyir ki, “Şərq”in ilk sayından Akif bəylə çiyin-çiyinə çalışır:

 

- Buranı, bu işimi dəyişmək haqqında düşünmürəm. Məsələn, mən "Şərq"in elə sayını təqdim edə bilərəm ki, o nömrə istənilən qəzetlə rəqabət aparmaq gücündədir. İstər mövzu, istər onun təqdimatı, aktuallığı baxımından. Təbii ki, bu işin arxasında mənim də əməyim az deyil. Bu günə qədər "Şərq"in gəlib-getmiş 120 əməkdaşı olub. Onların çoxu baş redaktor olmaq səviyyəsindədirlər. Özü də onların əksəriyyəti burda yetişib. Akif bəylə yanaşı, mənim də əməyim az olmayıb. Buna görə özümü xoşbəxt hiss edirəm. Əgər nəticə budursa, kölgədə qalmaq qorxusu məni ilgiləndirmir. Bilən bilir ki, qəzetçilikdə hansı əməyim olub”.


 

***


 

Axşamdır. 9 mərtəbəli evin demək olar ki, bir-iki pəncərəsindən işıq gəlir. İşıq süzülən mərtəbələrdən biri də 7-cidir, “Şərq”in redaksiyası. Demək, qəzet çıxır. Demək, hələ qəzetçilik ölməyib. Demək, “Şərq” yaşayır. Və nə yaxşı ki, yaşayır…

 

P.S. əvəzi:
 

Hə, Akif. O kollajı mən təklif etmişdim. Başlığı isə deyəsən rəhmətlik Süleyman Osmanoğlu təklif etmişdi… Torpağı sayı yaşayasınız. Sayınız çıxsın yəni…

 

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR