SOCAR Burkina-Fasoya neft məhsulları satacaq - FOTO

SOCAR Burkina-Fasoya neft məhsulları satacaq - FOTO
20:05 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina-Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdə olub.

SOCAR-ın mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, səfər çərçivəsində dövlət və hökumət rəhbərləri ilə, neft-qaz şirkətlərinin yüksək səviyyəli menecerləri ilə, mətbuat və ictimaiyyət nümayəndələri ilə keçirilən çoxsaylı görüşlərdə, işçi qrupları səviyyəsində aparılan danışıqlarda Azərbaycan və bu Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi üzrə geniş spektrli məsələlər müzakirə olunub. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, "SOCAR Trading" şirkətinin baş icraçı direktoru Arzu Əzimov və başqalarının daxil olduğu nümayəndə heyətinin Burkina-Fasonun Prezidenti Roç Mark Kristian Kabore, bu ölkənin Baş naziri Paul Kaba Tieba, xarici işlər və energetika nazirləri ilə görüşlərində bu səfərin Azərbaycan-Burkina-Faso iqtisadi münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. SOCAR və Burkina-Fasonun "SONABHY" dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret məsələlər, infrastruktur layihələri, bu ölkəyə neft məhsullarının tədarükü ətrafında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üzvlərinin, habelə "SOCAR Trading" şirkətinin rəhbər şəxslərindən Jean-François Piacentini və Alexandre Assonun da iştirak etdikləri danışıqlar nəticəsində "SOCAR Trading" və "SONABHY" arasında Burkina-Fasoya neft məhsullarının təchizatı ilə bağlı müəyyən kommersiya razılaşmaları əldə olunub.

Sonra qonşu Benin Respublikasına səfər edən Azərbaycanın nümayəndə heyətini bu ölkənin Prezidenti Patrice Talon qəbul edib. Ölkənin energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin "SONACOP" dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşlər keçirilib. Daha sonra nümayəndə heyətinin üzvləri Benin Respublikasının Kotonu limanında inşa olunan neft və neft məhsulları dəniz terminalında səfər edib, burada aparılan tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və infrastruktur layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanıb.

Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında energetika naziri Natiq Əliyev enerji sahəsində əldə olunan nailiyyətlərin sosial-iqtisadi inkişafa yönəldilməsi sahəsində Azərbaycanın zəngin təcrübə qazandığını vurğulayıb və bu təcrübə əsasında hazırlanmış layihələrin Burkina-Faso və Benin prezidentlərinə təqdim edildiyini bildirib. O, əmin olduğunu söyləyib ki, Azərbaycan təcrübəsinə əsaslanan bu layihələr hər iki Qərbi Afrika ölkəsinin əlavə enerji resursları, xüsusilə neft və neft məhsulları ilə təchizatı üçün yeni imkanlar açacaq.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR