Xaçmazın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Xaçmazın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
16:24 24 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

“Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

 

“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaq.

 

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyi - Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230 litrə çatdırılıb. Su mənbəyindən anbarlaradək 400 mm diametrli borularla 2 km uzunluğunda magistral su xətti çəkilib.  Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10000 kubmetr olan 4 ədəd (2 ədəd 3000 kubmetrlik, 2 ədəd 2000 kubmetrlik) su anbarı, 1,6 km uzunluğunda anbarlararası su xətti inşa edilib.

 

Layihənin ikinci mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılıb. Şəhər üzrə layihələndirilmiş 142,6 km içməli su şəbəkəsinin 76 km-lik hissəsi inşa edilib, 2980 ünvana birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 149 km kanalizasiya şəbəkəsinin 106,6 km-lik hissəsində işlər yekunlaşmış, 5307 ünvana ev birləşməsi verilib. Bundan başqa diametri 1400 mm, uzunluğu 1,2 km olan kanalizasiya kollektorunun inşası da tam yekunlaşıb.

 

Bildirək ki, şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcək.

 

 

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, digər rayonlarda isə davam etdirilir.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR