Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının 4-cü qurultayı keçirilib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının 4-cü qurultayı keçirilib
13:07 27 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) 4-cü qurultayı keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnəklərinin nümayəndələri, azərbaycanlı elm adamları, ziyalılar, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və İzmit şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.
İlk olaraq qurultayın rəyasət heyəti seçilib və TADF sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilib. Bilal Dündar təşkilatın ötən il ərzində reallaşdırdığı müxtəlif tədbirlər haqqında ətraflı məlumat verərək, federasiyanın Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişafına xidmət etdiyini bildirib. TADF sədri federasiyanın Dağlıq Qarabağ problemini, eyni zamanda Xocalı soyqırımı hadisəsini daim gündəmdə saxladığını və il ərzində təşkil olunan tədbirlərdə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər haqqında türk xalqına geniş məlumat verildiyini diqqətə çatdırıb.
B.Dündar Kocaelidə təhsil alan 170 azərbaycanlı tələbənin də problemləri ilə yaxından tanış olduqlarını və onlarla tez-tez görüşlər təşkil etdiklərini qeyd edib.
Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra qurultay nümayəndələrinin təklifləri əsasında Nizamnaməyə bəzi dəyişiklik və əlavələr edilib. Dəyişikliklərə görə, İdarə Heyəti üzvlərinin say tərkibi müəyyənləşdirilib. TADF sədri Bilal Dündar səs çoxluğu ilə növbəti qurultaya qədər sədirlik fəaliyyətini yenə də üzərinə götürüb.
Qurultayda çıxış edən DİDK sədrinin birinci müavini Valeh Hacıyev Azərbaycan adına fəaliyyət göstərən diasporların xarici ölkələrdə güclü olmasının zəruriliyindən danışıb və bunun üçün ölkə başçısı İlham Əliyevin yüksək səviyyədə verdiyi dəstəyindən söz açıb.
V.Hacıyev TADF-i Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcək layihələr icra etməyə səsləyib. O, təşkilatın gələcək fəaliyyətində qloballaşan dünyanın reallıqlarını nəzərə alan strategiyanın seçilməsinə ehtiyac duyulduğunu qeyd edib. V.Hacıyev sonda dərnək rəhbərləri ilə görüşüb, onları narahat edən problemlərdən xəbər tutub.
Qurultaya qatılan qonaqlara Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının dərc etdiyi jurnallar və kitablar verilib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə yaradılıb. 2008-ci ildə təşkilatın I qurultayı keçirilib. Təşkilatın tərkibində Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri təmsil olunur.






Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/turkiye-azerbaycan-dernekleri-federasiyasinin-4-cu-qurultayi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR