ARB TV-nin “Rezonans” verilişində bu dəfə 35 ildən artıqdır ki, həbs həyatı yaşayan Vaqif Sadıqov həyat hekayəsini danışıb.
Publika.az onu təqdim edir:
O, ilk dəfə həbsə düşməsini belə xatırlayır:
“Yeniyetmə vaxtlarım idi. Rus qızları üçün diskotekaya girmək
istəyirdik. Amma bizi buraxmadılar. Baltanı əlimə alıb birini
baltaladım. Rus qızları üzündən dava düşdü”.
Azadlığa çıxan Vaqif 48 gündən sonra yenidən həbsə
qayıdıb: “Qonşuluqda toy var idi. Toy təzəcə başlamışdı.
Bəyin stolunu götürdülər. Bəy ayaqüstə qaldı. Onun adamları gəlib
mənim yanımdakından yapışdılar. O dərəcəyə gəlib çıxdı ki, məni də
vurdular. Mən də vurdum bıçaqla. Bu cavabdan sonra toyxananın
yarısı mənim üzərimə düşdü”.
Daha sonra Vaqif Sadıqov avtobusda konduktoru bıçaqlayaraq
yenidən həbsə düşür: “Avtobus sürücüsünün köməkçisi mənə
dedi ki, arxa qapıdan min. Qabaqdan qadınlar minir. Söz-söhbət
düşdü və mən vurmasam o, məni vuracaqdı”.
Vaqif dostu üçün həbsə düşməyi də gözə alıb: "Bir
zamanlar yaxın dostum var idi. Bir gün onunla yeyib-içdik. O, 2
müştəri götürdü. Aralarında anlaşılmazlıq oldu, birini bıçaqladı.
Amma mənim bıçağımla. Çünki başım qarışıq olan vaxt mənim bıçağımı
cibimdən götürübmüş. Daha sonra onun yerinə cinayəti öz üstümə
götürdüm. Çünki onun körpə balası var idi".
Bundan əlavə, o, anasından oğurluq edən qohumunu da
bağışlamayıb: “Dayımoğlu anamın briliant üzüklərini,
sepini oğurlamışdı. Uzun illər xaricdə gizləndi. Qarşıma çıxanda
hamısını aldım. Sonra üstümə bıçaq çəkdi və bağışlamadım
onu”.