İstehlak mədəniyyəti dəyişilməlidir

İstehlak mədəniyyəti dəyişilməlidir
23:47 2 Dekabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspertlər işıq və qazın tariflərinin diferensiallaşması ilə bağlı narahatlığa əsas görmürlər

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Tarif Şurasının noyabrın 28-də verdiyi qərardan sonra bu barədə müxtəlif fikirlər səsləndirilir. Əksəriyyət düşünür ki, bu qərar əhalini qənaətcil olmağa öyrəşdirəcək, nəticədə qazanan yenə də vətəndaşlar özləri olacaq. Çünki diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu haqda fikirlərini bölüşən politoloq Arzu Nağıyev deyib ki, hər kəs öz gəlirinə uyğun olaraq, istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəyəcək: "Bu qərar ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunalın müvafiq bölünməsindən ibarətdir. Diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Hökumətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub".


 

CASCFEN sədri Azər Həsrət xatırladıb ki, bir neçə il əvvəl qazdan, işıqdan istifadə etsək də, etməsək də hər ay konkret məbləğ ödəməli olurduq: "Ödədiyim məbləği indiki pula çevirəndə 10 manata bərabər idi. İndi isə biz işığa ayda cəmi 7 manat pul ödəyirik. Adamlar var ki, işıqları yanmış vəziyyətdə saxlayır. Sual edirəm, boş otaqda işıqları niyə yanılı qoyursan? Biz otaqdan çıxan kimi işığı söndürürük. Qaz da, istilik də normal gəlir. Gəlməsəydi, hər ay ən azı, 30 manat işıq pulu ödəməli olacaqdım. Dəyişiklik əhalinin böyük əksəriyyətinə mənfi təsir etməsin deyə, bu metod tətbiq olunub. Yəni diferensiallaşdırmağa qərar veriblər. Eşitdiyimə görə, əvvəl deyiblər ki, ümumiyyətlə qiymətlər qaldırılsın. Hamı üçün. Amma prezidentin sosial siyasət strategiyası nəzərə alınıb və aztəminatlı kəsimin marağı əsas götürülüb. Ona görə də çoxluq bu qərardan ziyan çəkməyəcək".

İqtisadçı ekspert Zahid Məmmədov qənaət rejiminə keçməyin vaxtının çatdığını düşünür: "Qərb ölkələrində hətta sensor rejim var. Yəqin, kinolarda görmüş olarsınız. Tutaq ki, bloka daxil olursunuz, bu an işıq yanır. Siz keçib gedəndən sonra sönür. Düşünürəm ki, istehlak mədəniyyəti dəyişilməlidir. İsrafçılığa yol verilməməlidir. Məncə, bu qərardan sonra nizam-intizam yaranacaq. Tarif Şurası bu qərarı əsaslandırıb. Enerjidən səmərəli istifadə haqda maarifləndirmələr aparılmalıdır. Enerji səmərəliliyi mövzularında proqram hazırlanmalıdır ki, itkilər azalsın. Bu gün artıq arxitektorlar da tikinti aparanda hər regionun iqlim şəraitini nəzərə almalıdırlar. Təzə binaları tikənlər evləri vətəndaşa verirlər, alan şəxs sonradan özü kombi quraşdırır. Belə olmamalıdır. Mərkəzləşdirilmiş isitmə sistemləri olmalıdır. Tikilən yeni evlərdə buna diqqət edilməlidir".
 
 

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, görülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür: "Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, sosial layihələrin həyata keçirilməsi davam etdirilməlidir. Tarif Şurasının qərarında ölkədə aparılan sosial yönlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab edilib. Rəsmi rəqəmlərə görə, bu gün ölkədə əhali kateqoriyasına aid abonentlərin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən yuxarı deyil. Bu da o deməkdir ki, həmin abonentlərin, eləcə də bu kateqoriyaya aid aztəminatlı ailələrin "mavi yanacaq" üzrə ödənişlərində heç bir artım olmayacaq. Bununla yanaşı, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğuna görə artım bu kateqoriyaya aid ailələrə təsir etməyəcək. Göründüyü kimi, Tarif Şurası sözügedən qərarın qəbulunda ən incə məqamları nəzərə alıb ki, sadə vətəndaşların maraqlarının müdafiəsi prinsipi qorunsun".

V.Rəhimzadə qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda elektrik enerjisi və təbii qazın satış qiyməti dəfələrlə aşağıdır. Bununla bağlı kifayət qədər misal göstərmək olar: "Xüsusi olaraq vurğulamaq lazımdır ki, uzun illərdir ölkəmizdə sosial xidmətlərə görə tariflərdə böyük artımlar baş verməyib. Dövlətin sosial xidmətlərlə bağlı tarif siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi üzərində qurulub. Bu mənada, Tarif Şurasının mövcud qərarı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir və narahatlığa heç bir əsas yaratmır".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR