"Report"un məlumtına görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 13-nə təyin edilib.
İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qətl hadisəsi 2015-ci ilin may ayının 27-də saat 06:00 radələrində Gəncə şəhərində baş verib. Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Z.Həsənov əvvəllər tanımadığı həmyerlisi, 1960-cı il təvəllüdlü Adil Zeynalovu qətlə yetirib.
İttiham aktına əsasən, A.Zeynalov Z.Həsənovun yaşadığı ünvana gəlib. Həmin şəxs özünü Z.Həsənovun oğlu Emilin dostu kimi təqdim edib və içəri buraxmasını istəyib. Bu səbəbdən Z.Həsənov çağırılmayan qonağı evə buraxıb. Onlar birlikdə içki qəbul ediblər. İçki məclisinin davamında həmin şəxslərin aralarında sözlə mübahisə yaranıb. Mübahisə zamanı Z.Həsənov qonağın onu söyərək təhqir etməsinə, qəflətən başı ilə onun sifət nahiyəsinə zərbə vurmasına əsəbiləşib. O, A.Zeynalovdan qisas alaraq onu öldürmək qərarına gəlib. Bu məqsədlə evin qonaq otağında A.Zeynalovu döyə-döyə qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsində Z.Həsənovun apellyasiya şikayəti təmin olunmayıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.