Prezident İlham Əliyev "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 370-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 370-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

X X X

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununu "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281) aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

"Maddə 11-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

11-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

11-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

11-1.3. "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.".

Milli.Az