Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin bütün matçları eyni gündə baş tutacaq.

Azərbaycan Premyer Liqasında liderliyi əldən verən "Qəbələ" kubokda AZAL-ı sınağa çəkəcək. Maraqlıdır ki, bu, mərhələnin əyalətdə keçiriləcək yeganə görüşü olacaq. Kuboku da qazanmağı hədəfləyən "qrmızı-qaralar" aşkar favoritdir. Roman Qriqorçukun yetirmələri hətta cütün taleyini doğma azarkeşləri önündə həll etməyə çalışacaqlar. "Qəbələ" həm də ötən ay çempionat matçında bərabərə qaldığı AZAL-dan həmin qarşılaşmanın revanşını almaq barədə düşünür.

Paytaxt derbisində "Zirə" "Neftçi"ni qəbul edəcək. Biabırçı mövsüm keçirən "Neftçi" bütün ümidini kuboka yönəltdiyindən, "Zirə"ni çətin oyun gözləyir. Amma qəsəbə klubu da rəqibin hazırkı durumunu nəzərə alaraq, tarixində ilk dəfə yarımfinala adlamaq iddiasındadır. Son 5 mövsümdə finalın iştirakçısı olmuş "Neftçi" bu ənənəni davam etdirmək şansını qorumaq üçün ilk növbədə "Zirə" səfərindən sərfəli nəticə ilə dönməlidir.

Avrokuboka vəsiqə uğrunda mübarizə aparan "İnter"lə "Kəpəz"i mərhələnin ən maraqlı cütlüyü saymaq olar. 2000-ci ildən bəri kubokda yarımfinal üzü görməyən "Kəpəz" uğursuzluq seriyasını qırmaq üçün əvvəlcə paytaxtda sərfəli nəticə əldə etməlidir. "Bankirlər" isə ardıcıl 3-cü dəfə yarımfinala vəsiqə qazanmağa çalışacaq.

Günün son görüşündə kubokun hazırkı sahibi "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Ardıcıl iki mövsümdür "Qızıl dubl" edən ağdamlıları yarımfinala daha yaxın saymaq olar. Hər halda "Qarabağ", şübhəsiz ki, cütün aşkar favoritidir. "Sumqayıt"ı iki dəfə kubokda mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası, çətin ki, rəqibə bu dəfə də sensasiya imkanı versin.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

13 dekabr

15:00. "Qəbələ" - AZAL
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

17:00. "Zirə" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

17:00. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena"

18:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"

Milli.Az