Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verir: indekslər yeni artım rekordunu təzələyiblər.
Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, yığıncaqda uçot stavkasının 0,25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməyə maraq göstərmirlər: "FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır".

İqtisadçı "Əgər FES uçot stavkasını artırarsa, bu, qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək?" sualına belə cavab verib: "Qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı desək, yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot stavkası artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu, həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər".
İlkin İzzət
Milli.Az