“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid Rüstəm Həsənəliyev dindirilib.
O, Nazirlər Kabineti yanında Nəqliyyatın Təşkili və Parklanma sektorunda çalışdığını deyib. Şahid bildirib ki, təqsirləndirilən şəxs 2014-cü ildən müqavilə əsasında yeraltı keçiddə mağaza işlədib: "Müqavilə işlərinə mən baxmıram. Buna idarədə maliyyə şöbəsi baxırdı. Vidadini keçiddən istifadə edəndə görürdüm. Onunla salamlaşırdım, lakin ünsüyyətdə olmamışam. Həmin keçidə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edirdi".
V.Qarayev şahid R.Həsənəliyevi tanıdığını söyləyib: "Müqavilə əsasında orada işləyirdim. Müqavilə başa çatanda yeniləyirdik".
Məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.
Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.