Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi” Partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı son çıxışına münasibət bildirib.

O, Publika.az-a açıqlamasında deyib ki, Levon Ter-Petrosyanın bu bəyanatı çox vacib əhəmiyyət daşıyır:

“Baxmayaraq ki, Levon Ter-Petrosyan qatı erməni millətçisidir, ancaq reallıqları görür və danışır. O, bütün bu çıxışları öz xalqını istədiyi üçün söyləyir”.

Sabiq nazir qeyd edib ki, bu cür tendensiyalar Ermənistan ictimaiyyətində çoxdan mövcuddur:

“Məhz 19 ildən sonra Levon Ter-Petrosyan da bunu vurğulayaraq, partiyasının özfəaliyyəti kimi qeyd edib. Ancaq bu cür fikirlər əvvəlcə də mövcud olub. Bir məsələni yadda saxlamalıyıq ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunmasına qarşı çıxan təkcə Serj Sarkisyan hakimiyyəti deyil. Buna qarşı çıxanlar həm 1998-ci ildə, həm də indi var. Bunlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində mövcud olan bəzi dairələrdir. Həmin dairələr Azərbaycan ilə Ermənistan arasında sülh əldə olunmasını istəmirlər. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi əngəl törədirlər”.

T.Zülfüqarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişənin indiyədək həll olunmamasının əsas günahı Ermənistan ictimaiyyətində deyil:

“Münaqişənin həll olunmamasının əsas səbəbləri həmsədr ölkələrdəki bəzi dairələrin buna qarşı çıxması ilə bağlıdır. Onlar bu münaqişənin həll olunmasını istəmirlər”.

Xatırladaq ki, Levon Ter-Petrosyan partiyanın qurultayında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və erməni-türk münasibətlərinin normallaşmasının Ermənistanın və Dağlıq Qarabağın iqtisadi inkişafının və demoqrafik vəziyyətinin yaxşılaşmasının, eləcə də təhlükəsizliyinin əsas zamini olduğunu bəyan edib:

O, partiyasını 2017-ci il parlament seçkilərinə “sülh, barışıq və mehribanlıq” şüarı altında getməyə çağırıb.

L.Petrosyan qeyd edib ki, keçən uzun müddət münaqişə həll olmadan Ermənistanın hər-hansı inkişaf perspektivindən məhrum edildiyini anlamağa imkan verir:

“Qarabağ münaqişəsinin nizama salınmasından sonra erməni-türk münasibətləri də avtomatik olaraq normallaşacaq. İndi münaqişənin nizama salınması üzrə danışıqlar masasında mərhələli həll variantı var. Bu, 1997-ci ildən bəri uzanan variantdır. Bu varianta görə, Qarabağa aralıq statusun verilməsi əvəzində ətraf ərazilər qaytarılır, Azərbaycanla təmas xəttinə sülhməramlılar yerləşdirilir. Əgər Ermənistan indi bu anı qaçıracaqsa, ölkə üçün növbəti qərar daha pis olacaq. Aprel müharibəsi göstərdi ki, yeni müharibənin qarşısı açılıb. Azərbaycan ləyaqətlə müdafiə olunacaq. İlham Əliyev səmərəli düşünən dövlət xadimidir və sülh üçün addım atmağı bacarır”.

Vasif Həsənli