Yola saldığımız 2016-cı il dünyada yaşanan iqtisadi çətinliklər və digər məqamları ilə çətin il kimi yadda qaldı. Ancaq bütün bunlara baxmayaraq, 2016-cı il Azərbaycan üçün sıradan bir il olmadı. Bu il Azərbaycanın siyasi və mədəni həyatında yaddaqalan hadisələr oldu. Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirildi. Azərbaycan Milli Ordusu tarixə “dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri zamanı işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, azad olunan ərazilərimizə üçrəngli Azərbaycan bayrağı sancıldı.
2016-ci ildə Azərbaycanda iqtisadi və qeyri-neft sektoru sahələrində də vacib addımlar atıldı. Bu addımlardan ən mühümü kənd təsərrüfatının inkişafı və Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin hazırlanması ilə bağlıdır. Bəs üzümüzə gələn yeni - 2017-ci ildə Azərbaycanda nə gözlənilir və nələri arzu edirik? Bütün bunlarla bağlı daha ətraflı Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxslərlə söhbətləşdik.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı:

“Bizim nəsil qəribə hadisələrin, proseslərin və dəyişikliklərin şahidi olur. Gəncliyimiz dövründə Sovet İttifaqında belə təsəvvür var idi ki, 2017-ci ildə dünya tamamilə dəyişəcək, kommunizm erası gələcək, dünya ölkələri sovetləşəcək, Moskva dünyanın paytaxtına çevriləcək və sairə. Biz gənc olan vaxtı bunu təsəvvür edirdik. Nədənsə 2017-ci ilin astanasında həmin cəfəngiyatları xatırlayıram. Çox sevinirəm ki, Azərbaycan artıq 26 ildir ki, dünyanın 1/6-nı işğal etmiş və insanların dünya ilə əlaqələrini üzmüş Sovet İttifaqının cəngindən qurtuldu və müstəqillik qazandı. Bu gün SSRİ-nin varisi olaraq, Rusiya dövləti var. Ancaq Rusiya Azərbaycanın böyük qonşusu olan dövlətdir. Rusiya ilə münasibətləri daim inkişaf etdirməliyik.
2016-cı ilin ən əlamətdar hadisələrindən biri də o idi ki, Azərbaycan ilə Rusiya arasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb. Rusiya dünyada böyük hərbi gücə malik olan dövlətdir. Orda xeyli sayda soydaşlarımız yaşayır. Bütün bunlara görə Azərbaycanla Rusiya arasında münasibətlər də normal səviyyədə inkişaf etdirilməlidir. Ancaq bu münasibətlər qarşılıqlı və bərabərhüquqlu olmalıdır. Bir dövlət digər dövlətdən asılı vəziyyətdə olanda, burada dostluqdan, qardaşlıqdan söhbət gedə bilməz.
Bu il Azərbaycanın dünyada tanınması və təbliği ilə bağlı bir sıra əhəmiyyətli tədbirlər keçirilib..Sahibkarlığın, turizmin, kənd təsərrüfatının inkişaf etdirilməsi, vergi sisteminin sadələşdirilməsi, eləcə də iqtisadi və siyasi islahatlarla bağlı bir sıra qərarlar qəbul edilib. Ancaq bu sahələrdə islahatlara daha çox ehtiyac var. Çox istərdim ki, Azərbaycanda 2017-ci ildə bu cür islahatların aparılmasının qarşısını alan əngəllər artıq tam aradan qaldırılsın. Bəzi məmurlar dövlətin qərarlarına daha sayğı ilə yanaşsınlar. Hər şeydən əvvəl insanlarımızı nəzərə alsınlar. Arzu edirəm ki, 2017-ci ildə Azərbaycan vətəndaşlarına hörmətləri artsın. Çünki bu ölkənin sahibi onun vətəndaşıdır, xalqı, millətidir. Azərbaycana xidmət etməyən heç bir şəxs və ya qurum uzun müddət etibarını qoruyub, yaşaya bilməz. .
Mənəvi məsələlərlə bağlı da bir sıra problemlər mövcuddur. Bakının mərkəzinə çıxanda görürsən ki, burada yazılanların 90 faizi əcnəbi sözlərdir. Sanki adam özünü əcnəbi şəhərdə hiss edir. Bütün bunların arxasında kimlər dayanır? Əcnəbi sözləri Azərbaycana soxan kimlərdir? İnanın ki, bu adamların əksəriyyətinin daxilində vətəndaşlıq duyğusu zəifdir. Öz dilimiz ola-ola başqa dillərdə olan sözləri gətirib Bakıya doldurmaq nə deməkdir? Bu mifologiyanın arxasında çox tərbiyəsiz məsələlər də dayanır. Ancaq bizim bəzi cavanlar məcbur qalıb, gedib həmin adları daşıyan şadlıq evlərində toy edirlər.
Mən 2017-ci ildə Azərbaycanda toy və yaslarla bağlı sadələşdirilmiş ənənələrin tətbiq edilməsini arzu edirəm. Azərbaycanda toy mafiyalarının qarşısı alınmalıdır. Bəzən insanlar bir toya aylıq məvacibini xərcləməli olur. Çünki həmin şadlıq evləri elə məzənnə təyin edir ki, gələn insanlar da son qəpiklərinə kimi toya salırlar.
Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün addımlar atılmalıdır. Yerlərdə dəbdəbəli icra hakimiyyəti və polis binaları, hasarlar inşa edilir. Bura sərf olunan vəsaitləri kənd təsərrüfatının inkişafına sərf etsək, kəndlərdə xeyli insanlar üçün iş yerləri açılar.
Azərbaycanda şəffaflıqla bağlı nümunəvi qurumlar artıq mövcuddur. Buna misal olaraq, “ASAN Xidmət”in adını çəkmək olar. Əhalinin süründürməçilikdən xilas olunması üçün bu cür yolların tapılması işi davam etdirilməlidir. Əhali də öz torpağında, rayonunda sevinclə, dövlətə, Vətənə sevgi ilə yaşamalıdır. Mən bunu hər dəfə deyirəm. Dünyanın bir çox xarici hava limanlarında olmuşam, ancaq Bakıdakı Heydər Əliyev adına Beynəlxalq Hava limanına girəndə özümü çox rahat və təhlükəsiz hiss edirəm. Adamlar incidilmədən, rahat şəkildə keçib gedirlər. Halbuki, 5-10 il öncə burada vəziyyət tamam fərqli idi. Bu cür inkişaflar kaş ki, digər sahələrdə də olsun.
2017-ci ildə çox istərdim ki, dünya azərbaycanlıları ilə Azərbaycan dövləti arasında əlaqələr daha da genişləndirilsin. Xaricdə yaşayan, xüsusilə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılsın.
Xaricdə yaşayan soydaşlarımızla Azərbaycan dövləti arasında sıx əməkdaşlıq üçün real addımlar atılmasını istəyirəm.
Çox istərdim ki, təhsil sahəsində də ciddi islahatlar aparılsın. Ölkəmizin gələcəyi təhsilin inkişafından asılıdır. Rektorlarla söhbətim zamanı da bildirilir ki, ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi uşaqların əksəriyyətini savadsız yetişdirir. Bunun üçün də gənclərə əzbərçilik deyil, kitab oxumaq aşılanmalıdır. Bu baxımdan da mən bağlanılmış kitabxanaların da 2017-ci ildə açılmasını istəyirəm. Kitabın təbliği və yayılması ilə bağlı ciddi işlər görülməlidir. Elə rayonlarımız var ki, 200 min əhalisi olsa da, kitab mağazası yoxdur. Bəs bu rayonun camaatı kitabı haradan alıb oxusun? Sonra da deyirlər ki, Azərbaycanda kitab oxunmur.
Gələn illə bağlı arzularım çoxdur. Yadıma düşənləri də sizinlə bölüşdüm. Mən fürsətdən istifadə edib qarşıdan gələn bayramlar münasibətilə bütün Dünya Azərbaycanlılarını, xalqımızı təbrik edirəm”.
“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı:

“Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu:

“Dünyada baş verən iqtisadi böhran 2 ilə yaxındır ki, Azərbaycanda da yaşanır. Deyirlər ki, 2017-ci il çətin il olacaq. Biz isə bu çətinlikləri dəf etmək üçün varıq. Allah bizi bunun üçün yaradıb. Anlarımız da bizi bütün çətinlikləri dəf etmək üçün doğub. Mənim şəxsi planlarım isə belədir ki, inşallah, gələn il də qəzetçilik fəaliyyətimi davam etdirəcəm. Ailəmlə bərabər Azərbaycanda yaşayıb, çalışacam.
Ümumilikdə isə 2017-ci ildə Azərbaycanda ciddi siyasi dəyişiklik gözləmirəm. Çünki 2017-ci ildə Azərbaycanda heç bir seçki keçirilməsi nəzərdə tutulmur. Ancaq iqtisadi sahədə müəyyən çətinliklər mövcuddur. Həmin çətinliklər isə iqtidar, müxalifət və ictimai düşərgədə müəyyən proseslərin baş verməsinə səbəb ola bilər. Çünki böhran ona adekvat yanaşmanı tələb edir. Bilirəm ki, Azərbaycan Prezidentinin masasının üzərində dünyada və ölkədə baş verən iqtisadi böhrana uyğun planlar var. Yəqin ki, 2017-ci ildə həmin planlara uyğun fəaliyyət başlayacaq. Bu fəaliyyətlərdən biri də ciddi kadr islahatları ola bilər. Bilirsiz ki, Azərbaycan Konsitusiyasında edilən dəyişikliyə uyğun olaraq ölkə tarixində ilk dəfə vitse-prezidentlər təyin olunacaq. Hesab edirəm ki, 2017-ci ildə Azərbaycanda vitse-prezidentlərin fəaliyyətə başlaması ciddi proseslərin başlanğıcı olacaq. Hakimiyyət ciddi islahatlar həyata keçirməlidir. Əks halda düşünürəm ki, cəmiyyətin əsas təsisatı olan müxalifət xarici ideologiyalı güclər və qüvvələr tərəfindən nəzarətə götürülə bilər. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan iqtidarının siyasi texnoloqları baş verən proseslərə dözümlü yanaşacaq və bunun nəticəsində müxalifət düşərgəsində böyük canlanma müşahidə olunacaq.
Gələn il Azərbaycanda çap mediasının fəaliyyəti çətin olacaq. Çünki çap sənayesinə aid olan materiallar xaricdən dollarla alınır. Bu baxımdan da qəzet mediası müəyyən çətinliklər yaşayacaq.
Ancaq internet mediası daha da güclənəcək. Artıq Azərbaycanda telefon üzərində internetə giriş edənlərin sayı artır. Hazırda Azərbaycanda mobil telefonla internet saytlarına daxil olan şəxslərin sayı 50 faizə yaxınlaşır.
Gələn il dünyada da bir sıra hadisələrin yaşanması ilə yadda qala bilər. Çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2017-ci ildən etibarən səlahiyyətlərinin icrasına başlaması dünyada demokratiya dəyərləri və əmsallarında da ciddi dəyişikliyə səbəb olacaq. Hesab edirəm ki, Donald Tramp bu regionda ABŞ-ın təsirlərini və iddialarını kifayət qədər azaldacaq. Bu isə Rusiyanın bu bölgədə güclənməsinə ciddi təsir göstərəcək.
Hazırda Suriyada Türkiyə ilə Rusiya arasında razılaşma prosesi gedir. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də bir məşqdir. Əgər Türkiyə və Rusiya Suriya məsələsində tam razılığa gələ bilsə, Dağlıq Qarabağ məsələsində də anlaşma əldə oluna bilər. Bu isə Azərbaycan dövləti üçün əhəmiyyətli hadisə olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bu ilin aprelində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox uğurlu irəliləyişin əldə olunmasına nail olub. Bu, Dağlıq Qarabağ münaqişəsinin aprel döyüşləri ilə dünya gündəminə gətirməsi və status-kvo ilə bağlıdır. Bu status-kvonun dəyişdirilməsi məsələsində Türkiyə və Rusiyanın Suriya təcrübəsi bizim üçün də nümunə ola bilər”.
Vasif Həsənli