Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Əfqan Hacıyev sədrlik edir. Proses təyin olunduğu vaxtdan 50 dəqiqə gec başlayıb.
Proses şahid ifadələri davam etdirilib.
Şahid qismində dindirilən Fətulla Abdullayev ifadə verib. O, ifadəsində "Azər Rabitə" MMC-də baş müsahib vəzifəsində işlədiyini deyib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Prosesdə dindirilən Beylaqan telefon qovşağının keçmiş rəisi Ramiz Sadıqov ifadəsində bildirib ki, tapşırıq əsasında görülən işlər qanuni olaraq yerinə yetirilib: "Heç bir qanun pozuntusu olmayıb. Yalnız "Aztelekom"dan “katirovka” sorğuları gəlirdi, biz də onu imzalayırdıq. Bu da baş idarədən tapşırıq əsasında olurdu".
Bu zaman təqsirləndirilən "Aztelekom"un sabiq baş mühasibi Oqtay Rüstəmov bildirib ki, həmin şəxslə heç zaman görüşməyib: "Bu adama suala verirəm ki, mənimlə görüşübmü? Mən ona nəsə “katirovka” ilə bağlı tapşırıq vermişəmmi?".
Şahid isə suala cavab olaraq bildirib ki, tapşırıqlar baş idarə tərəfdən göndərilib.
Şahid qismində dindirilən Nuranə Əliyeva istintaqa verdiyi ifadəni təsdiqləyib.
Daşkəsən Poçt filialının rəisi olmuş Qoşun Alıyev istintaqa verdiyi ifadəni təsdiqləyib. O bildirib ki, yalnız baş direktoru Qəmbər Bəybalayevi tanıyır: "Artıq iki il vaxt keçib, yadımda deyil. Qardaşım da sizin kolleqanızdır, hakimdir. Korrupsiya idarəsində nə danışmışamsa, o da düzdür.”
Hakim bildirib ki, qardaşının hakim olması burda rol oynamır.
Digər bir şahid Rasim Ağayev bildirib ki, tapşırığa əsasən iki poçt binası tikib.
Şahid Zülfəli Muradov təqsirləndirilən şəxslərin bir çoxunu tanıdığını, Neftçala telefon idarəsinin rəisi olduğunu deyib. Bildirib ki, tapşırıq əsasında müəyyən işlər görülüb: "İşləri bir çox başqa təşkilatlar görürdü. Tenderlər “katirovka” olurdu. Qalib gələnləri rayonda kabel çəkilişləri aparırdılar. Onların necə seçildiyindən xəbərsizəm. Tapşırıq olurdu. İşlər görülüb tam başa çatıb. Pullar gəlirdi, biz hesablara köçürürdük".
Vəkillər şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu deyiblər.
Şahid isə istintaqda verdiyi ifadəni təsdiqləyib. Vəkillər bu zaman onun istintaqa verdiyi ifadənin məhkəmədə elan olunmasını tələb ediblər.
Zülfəli Muradovun istintaq ifadəsində bildirib ki, işlədiyi dövrdə Neftçala qovşağına 3 milyon manat pul ayırılıb: "Həmin vəsatət tapşırıq əsasında Namazalı Məmmədovun sahibi olan təşkilatların hesabına köçürülürdü. Bu, "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmov tərəfindən şifahi tapşırıq əsasında olurdu. Baş idarədən Oqtay Rüstəmovun hazırladığı “katirovka” sorğuları hazır qovşağa gəlirdi və biz imzalıyırdıq. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla münasibətim normal idi”.
Daha sonra 2014-cü ildə qovşağa daxil olan 84 min manat pul köçürüldü. Həmin pul da Oqtay Rüstəmovun tapşırığı ilə "Tigro" MMC-in hesabına köçürülüb".
Bu zaman Vidadi Zeynalov və Məhəmməd Məmmədovun vəkilləri arasında mübahisə düşüb.
Hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edib.
Şahid ifadəsində tenderlərin və katirovkaların formal rol oynadığını deyib.
Bu zaman təqsirləndirilən Namazalı Məmmədov şahidin ifadəsinin yalan olduğunu deyib: "Siz özünüz tender komissiyasının rəhbəri olmusunuz. Nə formal olub, onu anlamırıq? Qəzetdə elan olub, qalib gəlib işləri tam olaraq başa çatdırmışıq. Siz kimin təsiri altında olub bu cür ifadə verirsiniz?".
"Aztelekom" baş mühasibi Oqtay Rüstəmov da şahidin ifadəsinin yalan olduğunu deyib: "Mən kiməm ki, kiməsə tapşırıq verim. Deməzlər ki, sən kimsən?!”
Şahid Zülfəli Muradov bildirib ki, tender komisiyyasının rəhbəri olsa da, onun hansısa şirkəti seçmək kimi bir səlahiyyəti olmayıb: "Şirkətlər hamısı rəhbərlik tərəfindən seçilirdi".
Şakir Süleymanov ifadəsində yalnız Namazalı Məmmədovu tanıdığını deyib. O bildirib ki, "Optik Rabitə" MMC-yə mal-material verib. Pulunu da tam olaraq alıb.
Digər bir şahid Zaur Məmmədov ifadəsində Cəlilabad qovşağının rəisi olduğunu deyib. İstintaqda görülən işlər bağlı məlumat vermişəm. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm.
Vidadi Zeynalovun vəkilləri bildiriblər ki, şahid 1 il 6 ay ara ilə iki dəfə ayrı-ayrı ifadələr verib. Onun verdikləri ifadələr arasında ziddiyyətlər var.
Onun ifadələri elan olunub.
Zaur Məmmədov istintaqa ifadəsində deyib ki, Cəlilabad qovşağında 160.344 manat şişiridilib: "Bu tapşırıq "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmov tərəfindən verilirdi. O bildirirdi ki, pulu bizim qovşağa göndərsə də, işləri özləri quracaqlar. Hətta gələn pulun 35 faizi geri "Aztelekom"a qaytarılırdı. O zaman mənə dedilər ki, sən işlərə nəzarət elə. Bütün işlərin başında Vidadi Zeynalov durur. Həmin pullardan hətta Məhəmməd Məmmədova da çatırdı. Çox vaxt ayrılan pullar yalnız kağız üzərindəydi. Pul ayrılsa da, işlər görülmürdü. Pullar özlərinə qalırdı".
Şahid istintaqa bu cür ifadə vermədiyini deyib.
Hakim isə həmin ifadənin altında "ifadəmi oxudum, imzamla təsdiqləyərəm" sözlərini göstərib.
Şahid qeyd edib ki, eşitdikləri barəsində istintaqa bunları deyib: "Vidadi Zeynalovla bağlı hissəsi təhrif edilib. Amma digər məsələlərdə isə müəyyən düzgünlük olub. Çünki qiymətlər arasında müəyyən fərqlər, şişirtmələr var".
Şahidin ifadəsinə münasibət bildirən Vidadi Zeynalov isə bildirib ki, qovşağın binasının təmir edilməsini icra hakimi xahiş edib: "Bununla bağlı icra hakimiyyətinin başçılarının bizə göndərdiyi məktublar var. Xahiş ediblər ki, qovşağı təmir edək. Çünki rayonlarda ən böyük obyektlər bizdə olurdu. Deyirdilər, binaları üzləyin, qonaqlar gəlir. Xahiş edirdilər qonaqlara görə. Biz də həmin binaları təmir edirdik. Təki rayonlarımız gözəlləşdirilsin. Qaldı ki, mənə verilən pullar - sadəcə gülməlidir. Ayrılan pulların 30-35 faizinin mənə çatması, həmin puldan da 10 faizini Məhəmmədə verməyim kimi danışdıqları doğru deyil".
Şahid Ələsgər Mahmudov bildirib ki, Ağstafa qovşağının rəisi işləyib.
O, istintaqa ifadəsini təsdiqləyib.
Bu zaman "Aztelekom"un sabiq direktoru Məhəmməd Məmmədov şahidə sual verib: "İstintaqda deyirsən ki, hər ay mənim tapşırığımla Oqtaya 1500 manat pul vermisən. A kişi, sən məni görmüsən. Mən səni tanıyırdım?".
Şahid ifadəsinin həmin hissəsini təsdiqləmədiyini deyib.
Məhkəmə prosesi fevralın 1-də davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.