Ronaldinyo: "Futbolu oynamaq lazımdı, dəyişmək yox" - MÜSAHİBƏ

Ronaldinyo: "Futbolu oynamaq lazımdı, dəyişmək yox" - MÜSAHİBƏ
19:05 3 Fevral 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi futbolçu Ronaldinyo bu günlərdə sabiq komandası "Barselona"nın səfiri təyin edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı sabiq yarımmüdafiəçi yeni vəzifədə ilk müsahibəsini verib.

Ronaldinyo İspaniya mətbuatının suallarını cavablandırarkən yeni işindən, "Barselona"nın hazırkı durumundan və Çempionlar Liqasında PSJ ilə keçiriləcək oyunlardan danışıb.
 
- Ronaldinyonun 9 ildən sonra "Barselona"ya qayıtdığını demək olarmı?

- Bəli, bu, həqiqətdi. Düzdü, hələ rəsmi müqavilə imzalanmayıb. Ancaq mən həmişə özümü klubun bir hissəsi kimi görmüşəm. İndi belə bir imkanı qaçırmaq olmaz.
 
- Bundan sonra dünyanın müxtəlif ölkələrində keçiriləcək tədbirlərdə klubu təmsil edəcəksiniz?

- Doğrudu. "Barsa"nı fərqli ölkələrdə təmsil etmək mənim üçün şərəfdi. İnsanlar məni görəndə klubu xatırlayacaqlar. Bunun cəlbedici iş olduğunu düşünürəm.
 
- "Barselona"ya qayıtdıqdan sonra keçmişi necə xatırladınız?

- Hər zaman xoş fikirlərlə. Mənim çoxlu dostlarım, tarixim, həyatımın ən önəmli hissəsi bu klubdadı. Keçmiş komanda yoldaşlarımla birlikdə qazandığımız nəticələrlə klubun tarixinə düşmüşük. Doğma evimə, sevdiyim və sevildiyim şəhərə qayıtdığım üçün çox sevinirəm. Karyeramın ən uğurlu illərini keçirdiyim yerə qayıtmaqdan gözəl nə ola bilər?
 
- İş prinsipiniz necə olacaq: daha çox rəsmi nümayəndələrlə əlaqədə olacaqsınız?

- Hələ ki, əsas rolumun nədən ibarət olacağı ilə bağlı detalları bilmirəm. Əgər bir şansım olsa, burda dostluq qrupu yaradacam.
 
- Futbolçu vaxtınızda "Barselona"da daha çox qala bilərdiniz...

- Bəli, belə bir imkanım var idi. Həmin vaxtkı baş məşqçi Pep Qvardiola 2008-ci ildə komandada qalmağımı xahiş etdi. Onunla görüşdüm və bütün komandanın qalmağımı istədiyini bildirdi. Pepə təşəkkür etdim, ancaq dedim ki, bu klubda missiyamın başa çatdığını hiss edirəm. Bu səbəbdən də ayrıldım.
 
- Qvardiola ilə münasibətiniz necə idi?

- Pep komandaya bir ailə gözü ilə baxırdı. Həmin ailədən ayrılmaq mənə çətin idi. Münasibətimiz də çox yaxşı idi. Hətta onun qardaşı ilə də dostlaşmışdım.
 
- "Barselona"nın La Liqada işləri o qədər də yaxşı getmir...

- Ola bilər. Ancaq şans hər zaman var. "Barsa" dünyanın ən güclü komandalarından biridi. Bu səbəbdən həmişə bir şansı olacaq.
 
- Komanda bu mövsüm, xüsusən də, yanlış hakim qərarlarının qurbanı olub. Klubun müdafiəsi üçün hansı addımı atmaq fikriniz var?

- Etirazın nəyisə dəyişəcəyinə inanmıram. Bir futbol azarkeşi kimi, hər şeyin gözəl olacağını düşünməliyik. Hakim səhvinə fikir vermək lazım deyil. Futbolçular maksimum dərəcədə baxımlı oyun sərgiləməyə çalışmalıdılar. Futbol xatirinə ən yaxşısını edək.
 
- Futbol texnologiyasının tərəfdarı olanlar da var, buna etiraz edənlər də. Siz nəyin tərəfdarısınız?

- Futbolu oynamaq lazımdı, dəyişmək yox. Əgər texnologiya dövrünə keçilsə, futbol dəyişdiriləcək. Futbolda hər şeyi olduğu kimi qəbul etmək lazımdı. Mən bunu belə sevirəm. Digər tərəfin fikrinə qarşı deyiləm, ancaq mən belə dəyişiklik arzulamıram.
 
- "Barselona"nın Messi-Suares-Neymar "trio"su dünyanın ən güclü hücum xətti sayılır. 5 yaş gənc olub onlarla birlikdə oynamaq istərdinizmi?

- Hər kəsin öz dövrü var. Mənim vaxtımda möhtəşəm heyətimiz var idi. İndiki futbolçularla "Ronaldinyonun dövrümdə oynamaq istərdinizmi" sualını versəniz, onlar da eyni cavabı verərlər.
 
- Messi sizinlə birlikdə oynayıb. Amma Neymar və Suaresin belə bir imkanı olmayıb...

- Neymar da çox gözəl bilir ki, ən doğru seçimi edib. Suareslə birlikdə oynamaq da zövqlü olardı. Kimsə bu "trio" ilə birlikdə oynamaq istəsə, onun üçün fantastik olar.
 
- Neymarın "Barselona"da Messinin yerini tutacağına inanırsınızmı?

- Ümid edirəm ki, onlar hələ uzun illər çiyin-çiyinə çıxış edərlər. Neymar dünyanın ən güclü futbolçularından biri olmağa hazırdı. Bir gün o, ən yaxşı olacaq.
 
- Tezliklə Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə PSJ qarşılaşacaq. Həmin matçlardan nə gözləyirsiniz?

- Mənim üçün qarışıq hisslər olacaq. Avropada formasını geyindiyim ilk komanda ilə karyeramın ən gözəl illərini keçirdiyim komanda üz-üzə gələcək. Böyük oyun olacağını düşünürəm. Ən yaxşı kimdisə, o da qalib gəlsin. Çünki hər iki komandanın heyətində çoxlu dostlarım var.
 
- Sizin favoritiniz hansıdı?

- Mən belə şeylərdən danışmağı sevmirəm. Futbolda hər şey baş verə bilər. Möhtəşəm strategiyası və ulduz futbolçuları olan iki böyük klub üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR