Bir çox aktyorlarımız var ki, zamanında onlardan daha çox istifadə etmək olardı. Amma nədənsə rejissorlarımız, sanki, onları görməyiblər, ya da, sadəcə, görməzlikdən gəliblər. Əvəzində isə heç də öz ölkələrində məşhur olmayan əcnəbi aktyorları gətirib milli filmlərimizdə əsas rollara çəkiblər. Bu gün də bu ənənə davam edir. Təbii ki, dünya təcrübəsində də bu üsuldan istifadə olunur. Amma necə deyərlər, əvvəl evin içi, sonra çölü... İstər xarici görünüşü, istərsə də daxili potensialına görə seçilən, amma rejissorlarımızın baxış bucağından yan keçən aktyorlardan biri də xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovdur.

Ürəyi dolu olan aktyor giley-güzarını Milli.Az-la bölüşüüb.

- Tariyel müəllim şair demişkən boy-buxun sizdə, faktura sizdə, enerji, istedad sizdə, amma bütün bu sadaladıqlarımın qabağında çox az filmə çəkilmisiz, niyə?

- Artıq bu barədə danışmaq gecdir, amma adamı yandırır. Daha çox filmlərə çəkilə bilərdim, amma zamanında Azərbaycan kinosunda məndən istifadə edə bilmədilər. Bunu təəssüf hissilə qeyd edirəm. Xarici rejissorlar həmin vaxt mənə daha çox dəyər verdilər, nəinki öz rejissorlarımız. İndi televizorda nümayiş olunanda, oturub o filmlərə baxıram və təəssüf hissi keçirirəm. Deyirəm filan rolu mən həmin aktyorlardan da gözəl oynaya bilərdim.

- Bəlkə konkretləşdirək, hansı rolları nəzərdə tutursunuz?

- Biri elə "Yeddi oğul istərəm" filmində Cəlal. Rəhmətlik Tofiq Tağazadə o rola məni çəkəcəkdi, amma əvəzində Ənvər Həsənov çəkildi. Əminliklə etiraf edirəm ki, o rol mənim üçün idi.

- Rejissor sizi seçdi, amma əvəzində başqa aktyor oynadı. Bu, necə mümkün ola bilər?

- Mən o vaxt fəaliyyət göstərdiyim Gənc Tamaşaçılar Teatrında "Komsomol" poeması əsasında səhnələşdirilən tamaşada Cəlal rolunda çıxış etmişdim, böyük aktyorumuz Yusif Vəliyev də Gəray bəy idi. Hazır Cəlal idim, orada-burada Cəlal axtarmağın yeri yox idi. Tofiq Tağızadə də rolumu görüb bəyənmişdi. Həmin vaxt mən Tacikistanda "Tahir və Zöhrə" filmində baş rola dəvət almışdım. Firdovsinin "Şahnamə" əsəri əsasında çəkilən böyük bir filmin baş qəhrəmanını canlandırırdım. Buna görə də Tacikistanda çəkilişlərdə idim. Azərbaycandan zəng elədilər ki, bəs, təcili Bakıya gəl, Kinostudiyadan səni axtarırlar. Amma heç nə demədilər. Gəldim. Tofiq müəllim mənə dedi ki, bəs sən hazır Cəlalsan, səni filmə çəkirəm. Sözünü bitirməmiş dedi ki, bir şərtim olacaq, əməl eləməlisən. Amma mən o şərtə əməl eləmədim.

- Hansı şərt idi ki?

- Uzun saqqalım vardı, dedi ki, ya saqqalını qırxmalısan, ya da səni filmə çəkməyəcəm. Mən razı olmadım. Üstündən illər keçib, amma Tofiq Tağızadə ilə aramızda olan bu söhbəti ilk dəfədir ki, sizə danışıram.

- Şərtə niyə əməl etmədiniz ki?

- Çünki mən Tacikistanda çəkildiyim filmdə saqqallı olmalıydım və rejissorla iki illik müqavilə imzalamışdım ki, bu müddət ərzində saqqalımı qırxmayacam. Çünki üç seriyalıq böyük bir ekran işi idi. Buna görə filmdən uzaqlaşdırıla bilərdim. Onda Ənvər də sınaq çəkilişlərinə gəlmişdi.

- Demək ki, saqqalı Cəlaldan üstün tutdunuz? Sonralar buna görə peşmanlamadınız ki?

- Lap sonralar filmə baxanda peşman oldum. Öz-özümə dedim ki, gərək Cəlala çəkiləydim. Hətta həmin vaxt film ekranlara çıxanda çox adam elə bilirdi Cəlalı mən oynayıram. Çünki teatrda oynadığım tamaşadan sonra hamı məni Cəlal gözündə görürdü.

- Həmin hadisədən sonra Ənvər Həsənovla aranız dəymədi ki?

- Yox.

- Qorxuram bu açıqlamanızdan sonra həmkarınızın xətrinə dəymiş olarsınız.

- Yox, əksinə Ənvərin bəxti gətirdi. Öz qulağımla eşitdim, o, özü də etiraf etdi ki, mənim bəxtim onda gətirdi, Tariyel Tacikistanda filmə çəkildi, yoxsa Cəlalı oynaya bilməyəcəkdim.

- Bəlkə "Tacikfilm"in sizə verdiyi qonorara şirnikdiniz, ona görə? Filmin qonorarı nə qədər idi?

- Hər halda qonorar da rol oynadı. O dövr üçün bizdə çəkilən filmə görə min rubl verirdilərsə, Tacikistanda o qonorarın üçqatını verirdilər.

- Başqa hansı filmləri əldən vermisiniz?

- O qədər... Boyum-buxunum, oyun tərzim kino üçün yaranmışdı, amma rejissorlar məni qoyub erməni, rus, gürcünü gətirib filmlərdə baş rola çəkirdilər.

- Səbəb nə idi ki?

- Bu sualı rəhmətə gedən rejissorlara vermək lazım idi...

- Bəs siz vermədiniz?

- Mən özümü əyən insan deyildim, heç vaxt kiminsə qarşısında əyilməmişəm. "Onu bağışlamaq olarmı" filmində də baş rola mən çəkilməliydim.

- Tərlana?

- Hə. Amma o rola Qriqori adlı bir ermənini çəkdilər. Onun sevgilisi də erməni qızıdı, anasını isə gürcü aktrisası oynayıb. Vermədilər mənə o rolu. "Romeo mənim qonşumdur" filmində Arifi oynayan oğlan da ermənidir. Heç düz-əməlli yeriyə də bilmir. Filmə baxanda fikir verin, qatarın qabağına çıxdığı yerdə ayaqlarını sürüyür. Azərbaycandan başqa heç bir ölkədə o aktyorları sayıb çəkən yox idi, bizimkilər qiymətə mindirirdilər. "Ad günü" filmində baş rola çəkilən aktyorun işi ancaq bazara gedib oğlunun ad günü üçün ərzaq almaqdan ibarətdir. Nə böyük roldur ki, ona özümüzünkülər yox, başqa yerdən gəlmə aktyor çəkildi.

- O vaxt əcnəbi aktyorları dəvət etmək rejissorların, yoxsa kinostudiya rəhbərliyinin səlahiyyətində olan məsələ idi?

- Kinostudiya bu işə nəzarət edirdi.

- Daha onda rejissorları niyə qınayırsınız ki... Necə deyərlər "ağa deyir sür dərəyə" məsəli...

- Allah Ədil İsgəndərova rəhmət eləsin. O, Kinostudiyaya rəhbər təyin olunandan sonra bütün rejissorlara göstəriş verdi ki, indən belə milli filmlərə bir dənə də olsun xarici aktyor çəkilməyəcək. Hətta buna görə bir çox insanların Ədil müəllimi görməyə gözü yox idi.

- Amma necə ki onlar sizi milli filmlərimizə çəkmədi, əcnəbi rejissorlar da məhz sizi seçib, filmlərinə dəvət etdilər.

- Həmin illərdə Almaniya, Orta Asiya ölkələrində bir çox filmlərə çəkildim. Burada verilən qonorarın da üçqatını aldım. 1983-cü ildə Almaniyada bir filmə çəkildim. "Sonya raport verir" filmində mayor rolunu canlandırdım. Həmin filmə görə mənə verilən qonorara Azərbaycanda ən bahalı avtomobil almaq olardı. Mən xaricdən belə yüksək məbləğ qonorarlar gətirmişəm. Amma gənc idim, kino üçün doğulmuş aktyor idim, öz milli kinomuzda filmlərdə oynamaq arzularım vardı. O filmlərə çəkilsəydim, mənə də xoş olardı. Hətta bir dəfə kinoşünas Aydın Kazımzadə özü etiraf elədi ki, "Ad günü", "Onu bağışlamaq olarmı", "Romeo mənim qonşumdur" filmlərinə elə Tariyeli çəkəydilər gərək. İllər keçəndən sonra adam çox heyfslənir.

- Amma başqa filmlərə də çəkilmisiniz...

- Mənim potensialımın qarşılığında çəkildiyim filmlər çox azdır. Aktyordan gərək zamanında istifadə eləməyi bacarsınlar. Bu, həm kinonun uğurudur, həm də rejissorun. İtirən də onlar olur. Təkcə aktyor yox.

Cəvahir Səlimqızı
Milli.Az