yaxud filmlərimiz haqqında Bəhlul Danəndə, Sergey Bondarçuk haşiyəli söhbət

Aktyor, rejissor, əməkdar artist Elxan Qasımovla bir neçə filmimiz (konkret olaraq, Əlisəttar Atakişiyevin Cəmşid Əmirov və Mixail Maklyarskinin ssenarisi üzrə 1966-cı ildə çəkdiyi"İstintaq davam edir", Eldar Quliyevin Rüstəm İbrahimbəyovun özünün "Şirəbənzər" pyesi əsasında qələmə aldığı ssenari üzrə 1976-cı ildə çəkdiyi "Ürək...Ürək...", Ceyhun Mirzəyevin İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşənin ssenarisi əsasında 1986-cı ildə çəkdiyi "İşarəni dənizdən gözləyin" ekran əsərləri), kino xadimlərimiz, keçmiş sovet dövrünün Azərbaycan kinosu və... müstəqil Azərbaycanın kino sənəti, film sənayesi haqqında danışdıq.

Kinomuzun indiki durumuna aid düşüncələrini Milli.Az-a müsahibəsində bu şəkildə ifadə etdi:

"Təəssüf ki, hansısa sahənin tənqid fonunda ekrana gətirilməsi o sahənin rəhbər şəxslərinə işarə kimi qəbul edilir. Bu dərəcədə "suyu üfürə-üfürə içmək" mövqeyini isə sənət bağışlamır..."

- Elxan müəllim, kino sahəsindəki təcrübənizin böyüklüyü və xassəsi qənaətlərinizin daha dolğun olmasına imkan verir. Sovet Azərbaycanının kinosu sizdən ötrü hansı özəllikləri ilə əlamətdar idi?

- 53 ildi bu sənətdəyəm. Həmişə də görmüşəm ki, çəkilən filmlər təkcə rejissora aid olmurdu, o filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə aid olurdu. Çəkiliş qrupuna daxil olduğu filmə hamı doğma münasibətlə yanaşırdı. Təbii ki, sovet kinematoqrafiyasında razılaşdığımız və razılaşmadığımız məqamlar az deyildi - çünki senzura oldu-olmadı istər-istəməz hər bir film ideologiyaya xidmət edirdi. Mən həmişə o fikirdə olmuşam və indi də bu qənaətdəyəm ki, Azərbaycan filmləri SSRİ məkanında birincilərdən olmasa da, ən yaxşılarından biri idi maarifləndirici və əxlaqlı olduqlarına görə. Əlbəttə, sadəlövh süjet xəttinə görə bədii cəhətdən zəif filmlərimiz az deyildi. Müxtəlif dövrlərdə filmlərin ya rəssamlıq, ya da bəstəkarlıq tərəfləri daha qabarıq olurdu. Ümumiyyətlə, kinorejissorlarımızın əksəriyyəti kinoda çalışan digər sənət xadimlərindən daha zəif olublar. Teatr rejissorlarımızın nail olduqlarına çata bilməyiblər.

Zarafat deyildi, SSRİ böyük bir kinodövlət idi. Hollivudla kəllə-kəlləyə gəlməyə qadir, hətta bəzən onu üstələyən kinosəneyəyə malik idi. 250 milyon əhalisi olan dövlətin qüdrətini təsəəvvür etmək çətin deyil. "Prokrutka"larda, yaxud sınaq seanslarında göstərilən filmlərin tamaşaçı auditoriyası indiki qala nümayişlərdən çox olurdu. Nəhəng ərazinin hər bir şəhərində, qəsəbəsində, kəndində, məntəqəsində film nümayişləri təşkil edilirdi. Bu nümayişlər həm böyük tamaşaçı dairəsi yığırdı, həm də filmə çəkilən vəsaiti artıqlamasıyla çıxarırdı. Kino ilə idman tibb sahəsinin maliyyəsini təmin edirdi. Baxmayaraq ki, biletin qiyməti 50 qəpikdən yuxarı olmurdu.

- Zərurətdən doğan təsadüfdən söhbətimizin mövzusu olan üç filmdən ikisi sırf olaraq həmin sovet ideologiyasını yaradanlardan və qoruyanlardan bəhs edir...

- "İstintaq davam edir" filmi çəkilən vaxtlarda kinostudiyada daha az film istehsal olunurdu. Əlisəttar Atakişiyev həm rəssam, həm operator, həm də rejissor kimi artıq özünə ad qazanmışdı. "İstintaq davam edir" filmi də bu dövlətin keşiyində ayıq-sayıq dayanan çekistlər haqqqında idi. "İstintaq davam edir" filminin yaradıcı heyəti son dərəcə zəngin idi. Bundan əlavə, filmdə paytaxtımızın gözəlliyi birə-on artıq parlaqlıqla təqdim olunmuşdu ki, başqa paytaxtlar arasında yerimiz görünsün. Və bütün bu yanaşmaları mənim kimi gənclər görüb nəticə çıxarırdılar. Biz anlayırdıq ki, nəyisə dəyişmək naminə xidmət edən neorealizmə meydan yoxdusa, dağıdıcı əhvallı, qərəzli mövqeli tənqidin olması da məsləhət deyil. Bax, məsələn, biz kəndin havasını, suyunu, nemətlərini tərifləyib, sevib hansısa bir kənd adamının müasir incəsənətdən məlumatsızlığına güləndə nəzərdən qaçırırıq ki, biz də kənd mühitində çox gülünc görünə bilərik. Amma bu halda onlar bizə rişxəndlə gülmürlər, sadəcə, səmimiyyətlə kənddə yaşam qaydalarını izah edirlər. Bütün bu incə məqamlar filmlərdə öz yerini tapırdı. "İstintaq davam edir"də həm sovet təbliğatı var, həm də azərbaycançılıq. Sovet dövründə Moskva bizim Türkiyə ilə bağlılığımızdan çəkinərək hərbi sahədə azərbaycanlıların yüksək rütbəyə çatmasına əngəllər törədirdi. Bu filmin də ssenarisi yazılanda Əlisəttar Atakişiyev Kamal Xudaverdiyevin obrazının polkovnik rütbəsində olmasına nail oldu. O vaxt rejissorlarımız sovet ideologiyasına xidmət etsələr də, reallıqda nadir hal sayılan, yaxud arzuolunan təzahürləri gerçək kimi təqdim edirdilər. "İstintaq davam edir" o dövrdə yüksək səviyyəli film kimi qəbul edilməsə də, indi görürük ki, sənətkarlıq meyarlarına kifayət qədər cavab verən ekran əsəridir. Gözəl aktyor ansamblından başlamış kinoya aid bütün tələblər üzrə yüksək dərəcəli "İstintaq davam edir", "Ulduz", "Onu bağışlamaq olarmı?" filmləri IV kateqoriya ilə qəbul edilmişdilər, indi isə ən baxımlı filmlərdir. Sapı özümüzdən olan baltalar sayəsində o filmlər o vaxt layiqli qiymətini almamışdılar.

- "İşarəni dənizdən gözləyin" filminin istehsal tarixi ilə mövzusu maraqlı mənzərə doğurur...

- Elədi. Bu film keçid dövrünün növbəti, yeni mərhələsində çəkildiyinə görə ayrıca bir hünər nümunəsidir. Ümumiyyətlə, "İşarəni dənizdən gözləyin" filmi haqqında o fikirdəyəm ki, bu film Çingiz İldırım haqqında olduğuna görə nümayiş etdirməmək, Gingiz İldırımı bizi ruslara satan ünsür kimi qələmə vermək düzgün mövqe deyil. Bizi ruslara satmağın özü o dövr üçün qəhrəmanlıq idi. Və, ümumiyyətlə, o cür statusda elə bir ictimai-siyasi dövrdə bir neçə on il uzağı görüb ona uyğun addım atmaq mümkün olan iş deyil. Belə məsələlər, belə şəxslər haqqında danışanda gərək məhz o dövrün tələbindən çıxış edək. Belə səhv mövqelər sabah bu günün əsgər və zabitlərinə də aid edilə bilər - axı tarixin gedişatının hansı tərəfə dəyişəcəyini heç kim əvvəldən bilə bilməz. "İşarəni dənizdən gözləyin" filmi kino meyarlarına görə, təbii ki, çox yüksək səviyyədədir, "bişmiş filmdir". Kinoya aid bütün cəhətlər ən uğurlu həllini tapıb. Bundan əlavə aktyor məktəbimizin ən yaxşı nümayəndələri burda çəkiliblər. Bir sözlə, Ceyhun Mirzəyevin çəkdiyi bir film ayrı cür ola bilməzdi...

- Haqqında danışacağımız üçüncü film isə sovet adamının ürək məsələlərini ön plana çıxarıb, adı da elə bu cürdür: "Ürək... ürək..." Subyektiv olaraq bildirim ki, Eldar Quliyevin bu cür mövzularda olan filmlərini xüsusi cazibəsi ilə fərqlənir...

- (Zarafatından qalmayıb gülərək əlavə edir) Özüm o filmdə yarıyuxulu çəkilmişəm - şofer Əhməddən sonra məşhurluq eyforiyasında idim, hara gedirdimsə məni tanıyrdılar, dostcasına qarşılayırdılar. Amma yarıyuxulu çəkilməyimə baxmayaraq, Eldar Quliyev demişdi ki, çox yaxşı, uğurlu pauzan var... "Ürək...ürək..." filmi haqqında danışmağa başlamazdan əvvəl bir qeyd edim ki, müxtəlif kino təzahürləri haqqında bəzən yerli-yersiz iradlar bildirilir - məsələn, Sergey Bondarçukun "Hərb və sülh" filmindən söz düşəndə romanın Amerika kinoversiyasını ondan üstün tuturlar. Mən isə hesab edirəm ki, o boyda ədəbi materialı kino dilinə çevirib ərsəyə gətirmək az iş deyil, elmi iş yazmağa bərabərdir.

- Xüsusən nəzərə alsaq ki, filmə baxanda romanı oxuduğumuz zaman qazandığımız təəssüratlar, təsəvvürlər özünü tam doğruldur...

- Elədi. Təkcə montaja görə Bondarçuk Sosialist Əməyi Qəhrəmanı adına layiq idi. "Hərb və sülh" filminə olan qəribə münasibət isə qərəzli olmaqdan, məlumatsızlıqdan, zövqsüzlükdən irəli gəlir.

Keçək öz filmimizə.

- Bildiyimə görə, Həsənağa Turabovun bu rolda çəkilmək istəyi çox böyük imiş... Və bu filmlə "O sçastlivçik!..." filmi arasında paralellər aparmaq olar...

- Turabovu hamı çox istəyirdi. Eldar Quliyev də yüksək mədəniyyətli insandı, gözəl rejissordu, Turabovla da dost idilər. İstənilən halda bir çox süjetlər zaman-zaman təkrarlanır. Məsələn, məhəbbət üçbucağı situasiyası olan süjetlər dünya durduqca təkrarlanacaq, fərq yalnız yanaşmada, yozumda, təqdimatda ola bilər. Əlbəttə, orijinallıq xatirinə orijinallıq etmək olar. Bəli, "Ürək...ürək..." filmini "O sçastlivçik!" filmi ilə eyniləşdirirdilər. O film qapalı nümayişdə göstərilmişdi, sonralar isə sovet kinoprokatı lenti almışdı. Yenə haşiyəyə çıxıb bir rəvayət danışım. Bir gün oxumuş-bilmiş adamlar padşaha gileylənirlər ki, niyə Bəhlul Danəndə hamıdan ağıllı hesab olunur, məgər biz ondan az bilirik?... Padşah da Bəhlul Danəndəyə deyir ki, sənin arxanca yaman danışırlar. O da cavab verir ki, nə olar, hamını yığ, sual-cavab edək. Hamı padşahın hüzurunda toplaşanda Bəhlul Danəndə deyir ki, yumurtanı başı üstə elə qoyun ki, aşmadan dayansın, alınsa, mən təslim. Ha əlləşirlər heç nə alınmır. Bəhlul Danəndə yumurtanın baş tərəfini azca çatladıb yerə qoyur və yumurta aşmadan dayanır. Hamı narazılıq edəndə ki, buna nə var, bunu biz də edərdik, Bəhlul deyir ki, bəs edəydiniz də... Yəni hər hansı işin pioneri olmaq, dahiliyin sadə yolda, rahat üsulda olduğunu anlamaq və bunu reallaşdırmağı bacarmaq məsələsi...

- Maraqlı söhbətə görə təşəkkür edirəm, Elxan müəllim...

- Mən də sizə təşəkkür edirəm. Təəssüf ki, kinodan danışanların hamısı sizin kimi deyil. Öz fikrini, mövqeyini dedirtməyə çalışmırsan, əksinə müsahibə kömək edirsən. Çox düşüncəlisən - qeydini, sualını səsləndirəndən əvvəl fikirləşirsən... Bunlar tərif deyil, səmimi təəssüratımdı...

- Çox sağ olun...

Samirə Behbudqızı
Milli.Az

Elxan Qasımov: "...Özüm o filmdə yarıyuxulu çəkilmişəm..."
Elxan Qasımov: "...Özüm o filmdə yarıyuxulu çəkilmişəm..."
Elxan Qasımov: "...Özüm o filmdə yarıyuxulu çəkilmişəm..."
Elxan Qasımov: "...Özüm o filmdə yarıyuxulu çəkilmişəm..."