Yaşadığı yeri dəyişən paytaxt sakini polis idarəsinə qeydiyyata düşərkən problemlə üzləşib. Ona bildirilib ki, kredit borcu olduğu üçün sistemdə adına blok qoyulub. Bu səbəbdən də ona yeni şəxsiyyət vəsiqəsi verə bilməzlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kredit borcu olduğu üçün şəxsiyyət vəsiqəsini dəyişə bilmir.

Paytaxt sakini olan Zahid Əzizov bir neçə ay əvvəl ailəsi ilə birgə yaşadığı yeri dəyişib. Qeydiyyata düşmək üçün də Binəqədi rayon polis idarəsinə müraciət edib. Bura da onun digər ailə üzvlərini qeydiyyata alaraq yeni şəxsiyyət vəsiqəsi verilib. Özünün vəsiqəsini isə təqdim etməyiblər.

Zahid Əzizova bildirilib ki, kredit borcu olduğu üçün haqqında axtarış verilib və sistemdə adına blok qoyulub. Bu səbəbdən də yeni şəxsiyyət vəsiqəsi verə bilməyəcəklər.

Məsələ ilə bağlı Binəqədi rayon polis idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Zahid Əzizovun kredit borcu olduğu üçün adının qarşısında hansısa qurum tərəfindən blok qoyulub. Bu halda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyil. Həmçinin Zahid Əzizov müvafiq sənədlərlə yenidən Binəqədi rayon polis idarəsinə yaxınlaşmalı və adına anket açdırmalıdır. Bundan sonra ona bloku qoyan qurum müəyyən edilərək çatdırılması üçün məktub veriləcək. Həmin məktub əsasında onun işinə yenidən baxılaraq adındakı blok qaldırıla bilər. Bu zaman ona yeni vəsiqə veriləcək. Əks halda isə yeni vəsiqənin verilməsi borcu bağladıqdan sonra mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində