Onu mənim kimi əksər gənclər illər öncə başqa bir FM-də yayımlanan “Gecə söhbətləri”ndən tanıyır. Söhbət 106.3 FM-in aparıcısı Kazım Sübhandan gedir.
2008-ci ilin yay aylarıydı. Yaşadığm qəsəbədə sadəcə bir FM dalğası tuturdu. Həmin vaxtlar radioda Kazım adlı dj-in “Gecə söhbətləri” adlı verilişi yayımlanırdı. O, gecə 00:00-da başlayır, elə 2 saat davam edirdi. Mövzusu sevgi ilə bağlı olduğu üçün verilişə olduqca maraqlı mesaj və etiraflar gəlirdi. Xatırlayıram, həmin yay mən həftə içi hər gecə o verilişə qulaq asmadan yatmazdım. Sevdiyim maraqlı sevgi sözlərini də məhz həmin veriliş üçün tutduğum kiçik dəftərçəyə yazardım. O sətirləri bir-bir səhifəyə köçürəndə təsəvvür belə etməzdim ki, vaxt gələcək və mən jurnalist olub həmin insandan müsahibə alacam... Beləcə, illər keçdi və sevdiyim DJ-lə müashibəni reallaşdırdım.
Evvəlcə, tanımayanlar üçün DJ haqqında məlumat verək. Kazım Bağırov 23 yanvar 1985-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İtisad Universitetini bitirib. Bir fərqlənmə diplomu ilə kifayətlənməyən Kazım iqtisadçı olduqdan sonra Qərb Universitetinin Jurnalistika fakültəsinə daxil olub və oranı da fərqlənmə diploma ilə bitirib. Kazım Bağırov 2006-cı ildən radio sahəsindədir. 2011-ci ildən isə “Azad Azərbaycan” radiosunda çalışmağa başlayıb.
Metbuat.az sözügedən müsahibəni təqdim edir:
- Sizi əksər gənclər 2000-ci illərin sonlarında yayımlanan “Gecə söhbətləri”ndən tanıyır. İllər keçdi... Bu illər ərzində Kazımın həyatında nələr dəyişdi?
- Çox şey dəyişdi. “Gecə söhbətləri”nin populyar olmasını mən həmin illərdə yox, elə bu günlərdə bilirəm. Nə dəyişdi? İllərlə daha çox təcrübə yığdım, ətrafım daha genişləndi. Apardığım verilişlər musiqiyönümlü olduğu üçün məşhurlarla tanış olmağa başladım. Ölkənin əsas radiosuna - 106.3 FM-ə keçdim.
- Bəs, ilk dəfə radioya gəlişiniz necə olub?
- İlk dəfə radioya gəlişim çox maraqlı olub. “İctimai radio”da kastinq vardı. 2006-cı ilin yanvar ayında həmin kastinqə qatıldım. Sınaq üçün ilk dəfə fevralın 8-də efirə çıxdım. Xatırlayıram, şənbə günü idi. Məzəli bir veriliş aparırdım. Onların ümidlərini doğrultdum. Beləcə, radioya gəldim.
- “Gecə söhbətləri”, adında da görünyü kimi gecə saatlarında başlayırdı. Maraqlı anlar yaşamamış olmazsınız. Elə deyilmi?
- Çox vaxt “Gecə söhbətləri” bitdikdən sonra dinləyicilərim radionun qarşısına gəlirdilər. Təsəvvür edin, gecə saat 2-dir və sənin dinləyicilərin radionun qarşısında səni gözləyir. Həmin saatlarda oraya gələn inasanların daxili dünyası təlatümlü idi. Onların gözündə sanki “dərdlərinə dərman olacaq şəxs” obrazını yaratmışdım. Belə hadisələr çox olurdu. Təkcə efirdən sonra deyil, efirin özündə də. Elə indi də, əlim hər an telefonun düyməsi üzərində olur. Birdən dinləyici başqa bir söz işlədər və bu efirə gedər. Mənə elə gəlir ki, bu məsuliyyət bütün aparıcılarda var.
- Deyilənə görə çox romantik birisiniz. Elədirmi?
- Mənim əlimdə imkanlarım olsa, məsələn şəxsi evim olsa, evdə işıqda oturmaram. İşığı zəif edib şam yandıraram. Sadəcə olaraq, mən ailəmlə qaldığım üçün onlar bu cür mühiti qəbul etmirlər. Hamı kimi. Amma mənlik olsaydı, evdə hər gün “slov” musiqilər səslənərdi, şamlar yanardı. Belə yəni...
- Eşitdiyimiz qədərilə yaxşı parodiya etmək qabiləyitiniz də var. Kimləri parodiya edirsiniz?
- Mən çox istədiyim insanları parodiya edirəm. Məsələn, onlardan biri də Aygün Kazımovadır. Belə, parodiya etdiyim insanlar həmişə maraqlı şəxslər olub. Maraqsız insanları parodiya etmək mümkün deyil.
- Sizi dinləyiciləriniz Kazım Sübhan kimi tanıyır. Amma efirdə sizə bir dəfə Kazım Kazımlı deyə də müraciət olunub. Kazım Kazımlı, yoxa Kazım Sübhan?
- Qorxuram üstümdə o ad qalar. Əslində, mən Kazım Bağırovam. Soyadım Bağırovdur. İnstaqramda əvvəllər Kazım Bağırov olaraq eydiyyatdan keçmişdim. Sonradan onun parolunu unutduğum üçün başqa bir adla qeydiyyatdan keçməli idim. Ona görə də, bacımın oğlunun adını sadəcə qeydiyyatdan keçə bilmək üçün seçdim və Kazım Sübhan deyə qeydiyyatdan keçdim. Dedim sonra adımı dəyişərəm. Amma hər kəs bu ləqəbi çox sevdi. Elə o vaxtdan oldum Kazım Sübhan. Buna görə çox məmnunam. Çünki bacım oğlunu çox istəyirəm. Qoy məni belə də tanısın.
- Radio teleaparıcı olmaq istəyən şəxslər üçün məktəb, teleaparıcı olmuş şəxslər üçünsə “sürgün” kimi qiymətləndirilir. Bəs siz necə, özünüzü nə vaxtsa teleaparıcı kimi görmək istərdinizmi?
- Yox. Teleaparıcı olmaqla bağlı heç vaxt iddiam olmayıb. Mən uşaqlıqdan elə radio aparıcısı olmaq istəmişəm. Mən bu auranı, bu ab-havanı sevirəm. Çünki mən həm rejissor, həm aparıcı, həm produsserem. Müsahibəni oxuyan radioaparıcılar məni çox yaxşı anlayar. Radio işi daha yaradıcıdır. Düzdür, televiziyanın da gözəllikləri var. İnsanı üzdən tanıyırlar. Amma mənim elə bir istək və arzum olmayıb. Mən danışmağı çox xoşlayıram deyə radioda ürəyimi inasanlara aça bilirəm. Necə radio aparıcısı olmaq istəyirdimsə, bu gün həmin yerdəyəm.
- 106.3 FM-ın aurası necədir?
- Çox gözəl. Auranı yaradan biz işçilərik əslində. Bizim işçilərin bir-birilə necə mehriban olduğunu bütün ATV kollektivi bilir. Bizdə bir bayram, yaxud ad günü olarsa, bütün şirkət hənin gün onu bilir. Çünki gələn şirniyyatlardan digər əməkdaşlarımıza da paylayırıq. Hər bir şirkətin, hər bir qurumun, hər bir evin, iş yerinin aurası orada yaşayan, çalışan insanlardan asılıdır.
- Dinləyicilərinz sizi 106.3 dalğasında günün hansı saatlarında dinləyə bilər?
- “Şəngünüm” və “Xalq parad” verilişlərini aparıram. Həftə içi 5 gün günorta saat 14:00-16:00 arası “Şənügünüm” verilişi yayımlanır. Digəri isə şənbə günü 15:00-dan 16:00-a kimi yayımlanan “Xalq parad” verilişidir.
Dinləyicilərimə sonda demək istəyirəm ki, məni dinləməyə davam edin. Əmin olun ki, mən hər birinizi bir-bir tanıyıram.
Xəyalə Məmmədova / Metbuat.az













