Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edildi - FOTOLAR

Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edildi - FOTOLAR
00:53 23 Fevral 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə fevralın 22-də Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək erməni şovinistlərinin son 200 ildə azərbaycanlılara və ümumilikdə türklərə qarşı həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq siyasəti barədə məlumat verib.

Bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan ediblər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək.

Diplomat diqqətə çatdırıb ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır.

Politoloq, “Geonwus” portalının və “Axali Sakartvelos” internet televiziyasının rəhbəri Badri Naçkebiya çıxışında tarixə nəzər salıb, işğalçı ölkənin Azərbaycana qarşı ərazi iddiaları qaldırdığını, ölkəmizin 20 faiz torpağını işğal etdiyini, 1992-ci ildə Xocalıda azərbaycanlıların soyqırımını törətməklə bəşəriyyətə qarşı cinayətə imza atdığını bildirib.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə ərsəyə gəlmiş “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filmi nümayiş olundu.

Abxaziyanın mühacirətdə olan Ali Məclisinin sədr müavini, tarixçi alim Cemal Qamaxaria jurnalistlərə müsahibəsində deyib: “Xocalıda törədilənlərin bir adı var, soyqırımı. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Ermənilər Xocalını işğal edərkən minlərlə mədəni, tarixi abidəni dağıdıb, insanlığa məxsus bütün izləri yer üzündən silməyə çalışıb. Düşünürük ki, bu qanlı cinayəti törədənlər ən ağır cəzanı almalıdırlar”.

Səfir Dursun Həsənov jurnalistlərə açıqlamasında Xocalı soyqırımı ilə əlaqədar Gürcüstanın hər bir bölgəsində tədbirlərin keçiriləcəyini bildirib.

Tədbirdə Gürcüstanın dövlət və hökumət üzvləri, Türkiyənin səfiri, İranın, Qazaxıstanın və digər ölkələrin səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin keçirildiyi salonun foyesində qətliamı əks etdirən fotostend, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallardan ibarət sərgi təşkil olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı