Lavrov Nalbandyan vasitəsilə Azərbaycana cavab mesajı göndərib

Lavrov Nalbandyan vasitəsilə Azərbaycana cavab mesajı göndərib
11:27 23 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Nalbandyanı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi bəlli olub. Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb. O, əvvəlcə qeyd edib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik insitutunun fəaliyyətini imzaları ilə təsdiq ediblər. Lavrov bunu ona görə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev həmsədrlərin fəaliyyətindən narazılığını hər zaman bildirir və bunu son dəfə Münxen təhlükəsizlik konfransında da təkrarlayıb. Yəni Lavrov Nalbandyan vasitəsilə Azərbaycan dövlət başçısına cavab mesajı göndərib".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, beləliklə, Moskva ilə Bakı arasında qiyabi polemika davam edir:  "Lavrov iki həftə öncə demişdi ki, "Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil". 10 gün sonra prezident İlham Əliyev isə Lavrovun adını çəkmədən "Dağlıq Qarabağ Azərbaycanın daxili işidir" dedi. İndi də Lavrov düşünür ki, Azərbaycanın dövlət başçısına cavab verib".

E.Şahinoğlunun sözlərinə görə, Lavrovun Nalbandyanla keçirdiyi mətbuat konfransında Bakıya bir başqa mesajı da var idi: "Sirr deyil ki, çoxları yaxınlaşmaqda olan aprel ayında cəbhə bölgəsində gərginliyin artmasından danışır. Lavrov isə Moskvadan bizə belə bir mesaj göndərib: "Münaqişənin danışıqlar yolu ilə həllindən başqa alternativi yoxdur". Bunu da cavabsız qoymaq olmaz. İlham Əliyevin bir neçə dəfə təkrarladığı "erməni hərbçilərinin Ağdamda, Füzulidə nə işi var?" fikrini Azərbaycan XİN bu şəkildə açıqlamalıdır: "Erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı əraziləri tərk etmədikcə işğalçının canlı qüvvəsi və hərbi texnikası vurulacaq"".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 22-də Moskavaya səfər edərək rusiyalı həmkarı Serqey Lavrovla görüşüb. Görüşdə nazirlərin iki ölkə arasında münasibətlər, hərbi və hərbi texniki sahədə əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin apardığı deyilir. Səfər çərçivəsində Sergey Lavrov erməni həmkarını "Dostluq ordeni" ilə təltif edib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR