Bakı. 24 fevral. REPORT.AZ/ Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Döbvlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Mladen İvaniçin forum çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin – Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edəcək.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.