“Qorxulu yerdən hədələdilər ki, o tələbəyə qiymət yaz, yazmadım” – HAMLET İSAXANLI GİZLİNLƏRİ AÇDI

“Qorxulu yerdən hədələdilər ki, o tələbəyə qiymət yaz,  yazmadım” – HAMLET İSAXANLI GİZLİNLƏRİ AÇDI
11:29 24 Fevral 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Lent.az Hamlet İsaxanlı ilə müsahibəni təqdim edir.

 

– Hamlet müəllim, söhbətimizin müsahibədən kənar hissəsində insan azadlığından danışdıq. Maraqlıdır, siz özünüz bir ziyalı kimi nə qədər müstəqil, nə qədər azadsınız?

 

– Mən xoşum gəlməyən şeydən danışmıram, susuram. Əgər bunları nəzərə almasaq, tam mübaliğəsiz şəkildə deyirəm: yüz faiz azad, müstəqil adamam. Azərbaycanda baş verən bütün hadisələrə öz sərbəst münasibətimi bildirirəm, lazım gələndə tənqid də edirəm. Hətta hökumətin təhsil siyasəti ilə bağlı dəfələrlə tənqidi fikirlərim olub.

Yadıma gəlir, bir dəfə prezident yanında Təhsil Komissiyası yaradılırdı. Məni də dəvət etdilər. Dedilər, burada təhsil məsələləri müzakirə olunacaq, istəyirik, sən də bu komissiyanın üzvü olasan. Siyahını göstərdilər. Gördüm hamısı nazirlərdir, eyni zamanda Nazirlər Kabinetinin yüksək səviyyəli məmurları, Prezident Aparatının yüksək statusda olan insanları və s. Mən o siyahıya uyğun gəlmirdim. Çünki qeyri-siyasət və qeyri-hökumət adamıyam. Siyahıya baxıb gülümsədim. Akademik Ramiz Mehdiyev soruşdu ki, niyə gülümsəyirsən? Dedim, Ramiz müəllim, mən adətən yazılarımda, çıxışlarımda təhsil siyasətinə tənqidi münasibət bəsləyirəm, heç vaxt tərif yazmamışam. Ramiz müəllim dedi, səni elə ona görə dəvət etmişik, çünki sən dünyadakı təhsil meyllərini bilirsən, yazırsan. Bizə də lazımdır ki, əks fikirlər olsun, müzakirə yaransın.

 

– Bəs danışmaq istəmədiyiniz, susduğunuz məqamlar hansı məsələlərlə bağlı olur?

 

– Tutalım, bir məclisdir, hamının boynuna düşüb ki, kiməsə tərifli sözlər söyləsinlər, mən orda dillənmirəm. Hətta deyirlər sən də danış. Deyirəm, yox, mənim heç bir sözüm yoxdur.

 

– Susmaq buna deyirsiniz?

 

– Bəli. Çünki mənim doğrudan da kimisə tərifləmək həvəsim yoxdur.

 

– Sizi tərifləyən olanda necə, xoşunuza gəlir?

 

– Həddindən artıq tərif çox pis şeydir. Uzaq başı kompliment xarakterli fikirlər ola bilər. Onu da hiss etməliyəm ki, ürəkdən, istedaddan gəlir, qətiyyən başqa məqsədi yoxdur. Hə, onda pis təsir bağışlamır.

 

Ümumiyyətlə isə tərif məni əsəbiləşdirir. Bizim müəssisənin rəsmi və qeyri-rəsmi tədbirlərində də ola bilməz ki, kimsə mənim ünvanıma tərif desin. Hamısı yaxşı bilir ki, mənim tərifdən qəti xoşum gəlmir.

 

– Maraqlıdır, tərif sizi niyə əsəbiləşdirir?

 

– Sən özün də yaradıcı adamsan, ona görə də məni daha yaxşı anlayarsan. Təsəvvür elə, kimsə durub üzümə qarşı haqqımda yaxşı sözlər deyir. Axı buna nə ehtiyac var?

 

– Hamlet müəllim, əsərin, sənətkarın təbliğatı ilə bağlı danışmaq istərdim. Məsələn, Üzeyir Hacıbəyov. Böyük bir bəstəkardır, dəyərli əsərlər müəllifidir. Bəs onun dünyada niyə Çaykovski, Raxmanov qədər şöhrəti yoxdur?

 

– Tək-tək insanlara dahi demək olarsa və Azərbaycan mədəniyyətinin yaradıcılarından danışmaq lazım gələrsə, mənim üçün birinci yerdə Üzeyir Hacıbəyov dayanır. Amma Üzeyir bəyin bir dünya şöhrəti varmı? Yox. Hələ rus bəstəkarlarını deyirik, heç Bax, Bethoven, Mozart, italyan bəstəkarlarını demirik.

 

– Səbəb nədir, niyə tanınmır Üzeyir bəy?

 

– Səbəb odur ki, Avropa insanı bunların – Bax, Bethoven, Mozartın yazdığı əsərləri anlayır və böyüklüyünü qiymətləndirir. Kənardan gələn əsəri, ədəbiyyatı isə sadə qavramaq olmur. Avropalılar Şərqdən gələn əsəri yalnız o zaman başa düşüblər ki, onun Avropanın içində nəinki tərcüməsi, hətta təbliğatı ilə məşğul olanlar olsun. Məsələn, Höte kimi adam desin ki, Hafiz belədir. Yaxud Şərq şairləri Taqoru təbliğ eləsin. O zaman Romen Roland Çingiz Aytmatovu təbliğ edirdi. Çünki Çingiz Aytmatov doğrudan da böyük bir istedad və dünyaya çıxmalı insan idi. Bunun üçün isə Qərbin tanınmış insanlarının Aytmatovu təbliğ etməsinə çox böyük ehtiyac vardı.

 

– Markesin də Çingiz Aytmatov haqqında fikirləri var.

 

– Bəli, var. Özü də bu fikirlər xahişlə yox, təbii olmalıdır.

 

– Bizim maddi cəhətdən imkanlı şairlərimiz, yazıçılarımız var, onlar özlərini xaricdə tərcümə, təbliğ etdirir, kitablarını çıxartdırıb yayırlar. Dünyagörmüş insansınız, belə şeylər də məqbuldurmu?

 

– Kimsə öz əsərini təbliğ etdirirsə, bunun özü də müsbət bir şeydir, normal hadisədir. Amma bunlar çox yaxşı tanınmaq üçün kifayət eləmir. Bu təkliflər, bu ehtiyac gerçəkdən də kənardan gəlsəydi, daha əhəmiyyətli olardı. Məsələn, bayaq qeyd etdim, yenə deyirəm, Romen Roland kimi bir fiqurun, yaxud başqa görkəmli insanların Çingiz Aytmatov haqqında fikirləri bizim hansısa yazıçı barədə deyilsəydi, əlavə əziyyətə - kitab çıxartdırmağa, tərcüməyə ehtiyac qalmazdı. Bundan sonra hər şey təbii şəkildə, öz-özünə baş verərdi.

 

– Bildiyimizə görə, siz Nobel mükafatçılarının tarixini yaxşı bilirsiniz, bu barədə çoxlu kitablar oxuyubsunuz. Bəzən deyirlər ki, Nobel Komitəsi özü ayrı-ayrı ölkələrin qurumlarına müraciət edir ki, əsər göndərsinlər. Məqsəd isə odur ki, guya qalib gələn əsər neçə-neçə xalqların nümayəndələri arasından birinci olub. Siz bu barədə nə fikirdəsiniz?

 

– Yox, mən düşünürəm ki, Nobel Komissiyası belə bir təbliğat aparmır. Bu, yalnız ayrı-ayrı insanların fikri ola bilər. İkincisi, Nobel mükafatına əsər təqdim etmək elə çətin bir proses deyil. Ancaq almaq çox çətindir. Orda əsərləri doğrudan da qeyri-adi dərəcədə süzgəcdən keçirirlər. Ədəbiyyatda istedadsız və çox istedadlı olmayan yazıçı Nobel ala bilmir. Amma ola bilər, istedadı bir-birinə yaxın olan insanlardan biri alır, o biri almır. Çünki ədəbiyyat və sülh uğrunda Nobel mükafatlarında siyasi və ideoloji səbəblər çox rol oynayır. Məsələn, namizədlər ələnir, ələnir, sona iki-üç nəfər qalanda Nobel Komissiyası gözləyir ki, əsas namizədlərin Qərbə xoş gələn bəyanatları olsun.

 

– Çingiz Aytmatovun dünya şöhrətindən danışdınız. Söz düşmüşkən, bəs niyə Nobel ala bilmədi?

 

– Konkret yazılı fikirləri yoxdur, amma Çingiz Aytmatovun Nobel almamasının səbəbi ilə bağlı Nobel Komissiyasının yüksək dairələrində söz-söhbət gəzir. O zaman Çingiz Aytmatov sona qalan namizədlərdən olub, yuxarıdan işarə də gəlib ki, bir-iki anti-sovet fikir desin. Aytmatov isə təbiətən çox ağır, sanballı adam idi. Deyib ki, mən bütün anti-sovet fikirlərimi əsərlərimdə yazmışam, xoşuma gələn şeylər də var, gəlməyən də.

 

– Orxan Pamuk isə yuxarıdan gələn işarəni dəyərləndirdi. Belə?

 

– Bəli, dəyərləndirdi. Amma şübhəsiz ki, Orxan Pamuk da çox istedadlı adamdır. Onun Nobel mükafatı aldığı ildə əsas namizədlərdən Amos Oruz da vardı, o da çox istedadlı adam idi. Orxan Pamuka işarə çatdırdılar ki, sən ermənilər haqqında bir söz de. O da dedi və mükafatı almasında bu fikirlərin də köməyi oldu.

 

– Son Nobel mükafatını Bob Dilan aldı. Özü də Nobel Komitəsinə qarşı xeyli saymazlıq elədi. Bizimkilərdən kimsə qalib olsaydı, kövrəlib ağlayardı, sevinc göz yaşları tökərdi, yaxud qaça-qaça gedib mükafatı alardı. Siz də elə düşünürsünüz ki, nəyisə saymamaq, etinasız yanaşmaq sənət adamını bir az da böyük göstərir?

 

– Mən fikirləşirəm ki, Bob Dilan təbiətən çox müstəqil insandır, özünün ayrı bir dünyası var. Təbii, hər kəsin öz dünyası var. Bu cür insanların isə xarici aləmdən başqa özünü qane edən bir iç aləmi də var. Həmin an kənardan gələn söz-söhbət, şöhrət, hay-küy doğrudan da onu maraqlandırmaya bilər. Bu hiss həm təbii olur, həm də süni. Elələri də var ki, düşünülmüş şəkildə belə addımlar atır. Yəni baxın, mən filankəsi saymadım. Adətən, çox istedadlı insanlarda bu hisslər təbii olur.

 

Hələ bizim dilə tərcümə olunmayıb, ingilis dilində “Nobel evi” haqqında bir kitab oxumuşdum. Orda yazılmışdı ki, Lev Tolstoyla Anna Axmatovanın mükafat almaması çox qəribə oldu. Yəni yanlış etdiklərini öz boyunlarına alıblar. Tolstoy məlumdur, Anna Axmatova da şübhəsiz ki, dövrünün böyük şairi olub. Üstəlik də qadın. Qadınlardan böyük şair az olur axı. Böyük filosof heç olmur. (gülür) Böyük riyaziyyatçı min ildə bir olur.

 

– Hamlet müəllim, bəzən ziyalı sözünü adamın boynuna yük kimi qoyurlar və sonra da ondan umurlar. Bəs sizcə, əsl ziyalının missiyası nədir?

 

– Sən demiş, ziyalı sözü ən çox istismar olunan sözlərdəndir. Amma deyim ki, bu sözün qeyri-adi yükü də yoxdur. Türklər ziyalıya aydın deyir, yəni işıqlı adam. Yəni ətrafına işıq sala bilir, aydınlıq gətirə bilir. Ziyalının bir müdrikliyi var. Ziyalının getdiyi bir yol var, o yolun çəkisi, dəyəri olur.  

 

– Deyirsiniz ki, ziyalı ətrafına işıq sala bilir. Siz isə Gürcüstan azərbaycanlılarına bir köynək daha yaxınsınız. Öz ətrafınıza işıq saça bilirsinizmi?

 

– Şübhəsiz ki, müraciətlər çox olur. Onların bəzilərinə kömək olunur. Bəzilərinə də olmur. Çünki imkan xaricindədir. Elələri də var, heç müraciət etmir. Özüm eşidirəm problemi var, çağırıram, əlimdən gələni edirəm.

 

Azərbaycan və Gürcüstan hökumətləri arasında çox yaxşı münasibətlər var. Bu münasibətlərdən istifadə edib, məsələn, Gürcüstan azərbaycanlıları üçün ali məktəb açmaq olar, ayrı-ayrı işlər görmək olar. Məsələn, Azərbaycan Dövlət Neft şirkətinin orda ofisi var. İnsanların işə düzəlməsinə kömək edir, oxuyanlara pul verirlər və s.

 

– Ümumiyyətlə, Gürcüstan azərbaycanlılarının əsas problemləri nədir?

 

– Gürcüstanda da bir millətçilik hərəkatı oldu. O zaman Gürcüstan azərbaycanlıları oranı tərk etməsəydilər, indi rəsmi sayı heç şübhəsiz ki, yarım milyonu keçmişdi. İndi də çoxala-çoxala gedir, təxminən, dörd yüz minə yaxındır. Bu insanların orda dolanışığı, cəmiyyətə inteqrasiya problemi var. Və onun həllində, hesab edirlər ki, Azərbaycan ziyalıları rol oynamalıdır. Mən isə bir ziyalı kimi orda hökumətin siyasətini daha kəsərli hesab edirəm. Gürcüstan hökuməti də öz siyasətində göstərir ki, insanlar üçün hər şey edirlər, amma deyirlər bizim bir dövlət dilimiz var, dilimizi öyrənsinlər, onlara hər şey verək.

 

– Məktəblərdə gürcü dilini öyrədirlərsə, camaat ayrı nə istəyir? Niyə öyrənmir?

 

– Orda məktəblərdə gürcü dilini ciddi şəkildə öyrədirlər. İnsanlarımız bu dili öyrənib ali məktəblərdə oxuyurlar, müəyyən yerlərdə işləyirlər. Məsələn, məktəb direktoru qoyurlar. Deyirlər, imtahan verməlisiniz. İki imtahan var: ümumi savad və gürcü dili. Mən özüm şahidəm ki, soydaşlarımız hirslənirlər ki, qıraq yerdən qabiliyyəti olmayan bir adamı gətirib niyə bizim məktəbə direktor qoydular? Axı qabiliyyəti olmayan dediyiniz adam imtahan verib. Özünü qabiliyyəti hesab edən adamlar isə deyir ki, mən təzədən gürcü dilini öyrənəcəyəm? Gürcüstan azərbaycanlıları da gedib gürcü dilini öyrənsinlər, müxtəlif yerlərdə işləsinlər, burda nə problem var ki? Mən düşünmürəm ki, dil öyrənmək qeyri-adi problemdir.

 

– Hamlet müəllim, başqa bir məsələdən danışaq. Azərbaycanın tanınmış və imkanlı adamları barmağının ucu ağrıyan kimi Avropaya gedir. Bunun səbəbi nədir? Günah səhiyyəmizdədir, yoxsa?

 

– Avropada həkim olmaq dəhşətli dərəcədə çətindir, bizdə dəhşətli dərəcədə asandır. Tibbi təhsil müəssisləri bir-biri ilə yarışmalıdır. Məsələn, Yaponlar Tokio şəhərində beş-altı universitetin hər birinə tibb fakültəsi verirlər, amma deyirlər, hər il yüzdən artıq tələbən olmayacaq. O universitetlər də bir-biri ilə rəqabət aparır. Kim daha yaxşıdır? Ən yaxşı tələbə, professor hansı universitetdədir? Ən yaxşı professor cəlb etmək üçün maaşı artırırlar. Yaxşı professoru o çağırır, bu çağırır. Professor da yaxşı işləyir, hər il bir kitab yazır.

 

Bizdə isə bütün ixtiyarı veriblər Tibb Universitetinə, deyiblər ki, kefin nə istəyir elə! Tibb Universiteti də heç nədən çəkinmir. Qorxmur birdən müəllimim, tələbəm çıxıb gedər. Vəziyyət belədir. Ona görə də Azərbaycanın tanınmış adamları və Tibb Universitetinin görkəmli insanlarına sual verirəm: siz mənə deyin görüm, xəstələnəndə hara gedirsiniz? Əlbəttə, Avropaya, Türkiyəyə, İsrail, Rusiya... Bəli, mən də hesab edirəm ki, imkanı olan insanlar müalicə üçün xaricə getməkdə doğru edirlər. Çünki Azərbaycan tibbi çox təhlükəlidir. Siz təsəvvür edin ki, imkanı olmayanlar İrana gedir.

 

– Maraqlıdır, siz hara gedirsiniz?

 

– Şükür Allaha, mən heç xəstələnmirəm. Çünki idmanla məşğulam. Çox sağlam adamam. Amma həyat yoldaşımın ciddi xəstəlikləri olur, həmişə onu Türkiyəyə aparırıq. Sonra isə Amerikaya, İngiltərəyə gedəndə özümlə aparıram ki, orda yoxlatdırım, görüm necədir, müalicəsi doğru gedirmi?

 

–Heç hansısa tələbəyə qiymət yazılması üçün sizə müraciət edənlər olurmu?

 

– Burada - Xəzər Universitetində elə bir mexanizm qurulub ki, kiminsə tapşırığı ilə tələbənin qiymət alması həyatı boyu mümkün deyil.

 

– Azərbaycanda mümkünsüz şey varmı?

 

– Elə mən də onu demək istəyirdim, məni qabaqladınız. Bəzən gəlirlər, tələbəni tapşırırlar. Deyirəm nə danışırsan? Mümkün olmayan şeydir bu. Qayıdırlar ki, bura Azərbaycan deyil, necə yəni mümkünsüzdü? Sən oranın sahibi deyilsənmi? Mənə belə müraciətlər olur. Ancaq heç bir xahişi yerinə yetirməmişəm. Və həmişə belə bir şeyin baş vermə ehtimallarının qarşısını almağa çalışmışam. Mən dekana bir uşaq tapşırsam, dekan fikirləşməz ki, sabah bu şeyi mən özüm də eləyə bilərəm?! Filan yerdə rüşvət azdır, çoxdur, belə şey olmur. Rüşvət ya yüz faiz olur, ya da sıfır faiz.

 

– Xəzər Universitetində qəti rüşvət yoxdur?

 

– Qəti. Mən bir dekana, professora desəm ki, get filan uşağa kömək elə, onları şok vurar ki, Hamlet müəllim bizə belə bir söz dedi.

 

– Heç yüksək vəzifədə olan bir insan sizə zəng etməyib ki, mənim uşağıma qiymət yazdır?

 

– Bəli, belə şeylər olub. Bir dəfə isə lap yüksək mərtəbədən zəng etmişdilər. Çoxdan olub bu. Dedilər, bu şeyi elə. Demişəm, mümkün deyil. Buna görə məni çox qorxulu yerdən hədələyiblər. Hətta bir dəfə maşına qoyub aparıblar. Amma yenə də o tələbəyə qiymət yazılmasına imkan verməmişəm.

 

– Necə yəni maşına qoyub aparıblar?

 

– Ayrı ad qoymuşdular. Ancaq mən bilirdim, nə məsələdir. Mənə sual verdilər ki, eşitmişik sizin təşkilatda xarici adamlar var. Onlar nə edirlər, nə etmirlər və s. Sorğu-sualdan sonra dedilər ki, sizin universitetdə bir uşaq var, onun vəziyyəti necədir? Dedim, o uşağın vəziyyəti yaxşı deyil, universiteti qurtara bilməyəcək. O tələbəni bizim universitetdən çıxarın, başqa yerə qoyun oxusun, diplom alsın.

 

– Axırı nə oldu?

 

– Axırı o oldu ki, uşaq çıxdı getdi. Başqa bir yerdə oxudu. Bizdən diplom ala bilmədi.

 

– Maraqlıdır...

 

– Söhbəti ona gətirirəm ki, Xəzər Universitetində oxumadan diplom almaq mümkün deyil. Hətta Gürcüstandan öz qohumlarım bu universitetdə imtahandan kəsildilər, diplom ala bilmədilər. Gedib ayrı yerdə oxuyub, diplom aldılar. Özü də elə-belə qohum yox, çox yaxın, ailə adamının övladı kəsilib. Anlayırsanmı?

 

Mənim məqsədim belə bir universitet qurmaq olub. Sovet dövründə Kanadaya, İngiltərəyə, Almaniyaya gedirdim, orda universitetlərə həsədlə baxırdım, öz-özümə fikirləşirdim ki, niyə bizdə də belə bir şey olmasın? Sən övladını göndərib Londona, orda bir müəllimdən xahiş edə bilərsən ki, bizim uşağa qiymət yaz, onu yola ver diplom alsın? Mümkün deyil.

 

Yenə deyirəm, belə bir şey niyə Azərbaycanda da olmasın? İnan ki... İnan deyəndə ki, özün bilmirsənmi Azərbaycanda yaxşı prinsiplərlə yaşamaq istəyən insanlar, alimlər də var? O adamlar indi Xəzər Universitetinə gəlirlər. Yeni Zelandiyadan fundamental bir alim qayıdıb. Gedib Tibb Universitetinə ki, məni işə götürün, Yeni Zelandiyadan gəlmişəm, bu da mənim dünya jurnallarında çap etdirdiyim məşhur məqalələr. Deyiblər ki, bizdə yer yoxdur. Mən eşidən kimi o adamı gətirdim Xəzər Universitetinə və soruşdum ki, sən nə qədər maaş istəyirsən? Gəl burda işlə! Dedim, sən birbaşa kafedra müdiri olacaqsan. Laboratoriya yaradacaqsan. İndi Azərbaycan bütün universitetlərindən o insanın başına gəlirlər. Bunların hamısı mənim əsas prinsiplərimdir.

 

– Hamlet müəllim, Azərbaycanda bir adət var ki, ata öz qızının toyuna getmir, buna ayıb bir şey kimi baxır. Bu cür adətlərə münasibətiniz necədir?

 

– Mən belə bir adəti birinci və axırıncı dəfə Əbülfəz Elçibəy qızına toy eləyəndə görmüşəm. Məni də çağırmışdılar, getmişdim. Səhv etmirəmsə 90-cı illərin ikinci yarısı idi. Hökumət adamlarından başqa demək olar ki, əksər ziyalılar orda idi. Baxdım ki, Əbülfəz toyda yoxdur. Dedim bəs qızın atası haradadır, niyə yoxdur?

Dedilər, Əbülfəz deyib ki, qız ata evindən çıxdı, qurtardı, daha sənin uşağının toyu deyil. Necə yəni sənin uşağının toyu deyil? Bəs məni bura niyə çağırıbsan? Niyə gəlib yanımda oturmursan? (gülür) 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR