Əziz Ələkbərli 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar
mahalının Qaralar kəndində dünyaya gəlib. Filologiya üzrə fəlsəfə
doktoru, dosent, AMEA Folklor İnstutunun Qorqudşünaslıq şöbəsinin
aparıcı elmi işçisi, Redaksiya-Nəşriyyat şöbəsinin müdiridir. Uzun
illər həm də mətbuatda çalışıb, müxbir, redaktor, şöbə müdiri, baş
redaktor vəzifələrində işləyib. Ümumilikdə 38 kitabın, yüzlərlə
məqalənin müəllifidir. Kitabları Azərbaycanda və xaricdə
Azərbaycan, türk, rus, ingilis, alman, fransız dillərində nəşr
olunub. Azərbaycan Qaçqınlar Cəmiyyətinin rəhbəri, “Ağrıdağ”
nəşriyyatının təsisçisi və direktorudur.
“Doğulduğum kənd, mahal Cənubi Qafqaz tarixinin çox mühüm bir
bölgəsində - İrəvan çuxurunda yerləşir. Bu düzənlik İrəvan şəhəri
ilə Naxçıvanın Şərur mahalı arasında, Araz çayının şərq sahili
boyunca uzanıb gedir. Bu bölgə rəsmi mənbələrdə Ararat düzənliyi və
ya Ararat vadisi, Ağrıdağ düzənliyi və ya Ağrıdağ vadisi adlanır.
Qədim mənbələrdə bu yerlər Kuarli çuxuru da adlanıb ki,
tədqiqatçıların fikrincə, bu da Tanrı anlamında Gögər sözündən
başqa bir şey deyil və bu adın Göytürklərlə bağlılığı da ortadadır.
İrəvan xanlığının Vedibasar, Gərnibasar, Zəngibasar və Sərdarabad
mahalları məhz İrəvan çuxurunda yerləşib. Bu bölgənin tariximiz
üçün bir önəmi də ondan ibarətdir ki, Cənubi Qafqaz tarixində
mövcud olan bir neçə dövlətin paytaxtı məhz burada yerləşib.
Eramızdan əvvəl 2-ci yüzildən başlayaraq ta eramızın 10-cu yüzilinə
qədər 1200 il ərzində Artaşad, Vağarşakabad, Dvin Cənubi Qafqaz
türklərinin mühüm paytaxt şəhərləri olub. Sonralar isə yüzillər
boyu İrəvan qala-şəhəri Çuxur-Səd bəylərbəyliyinin, İrəvan
xanlığının və İrəvan quberniyasının paytaxtı oldu.
Erməni kilsəsi, yoxsa türk kilsəsi
“Bu gün dünya ermənilərinin əlində bizə qarşı çox güclü bir silah
var – qədim erməni xristian mədəniyyəti. Ermənilər özlərini
xristian dünyasına Qafqazda qədim xristian mədəniyyətinin
yaradıcıları kimi təqdim edir, dünyanı özlərinə borclu çıxarır,
xristian təəssübkeşliyi pərdəsi altında onlardan hər cür dəstək
alırlar. Hətta müsəlman ölkəsi olaraq dünya ölkələri arasında bizim
də antixristian obrazımızı formalaşdırıb, dünyanı bizə qarşı
qoymağa çalışırlar. Halbuki Qafqazdakı qədim xristian
mədəniyyətinin ermənilərə heç bir aidiyyatı yoxdur və bu mədəniyyət
bütövlükdə tarixən bu ərazidə yaşamış və 4-cü yüzildə xristianlığı
qəbul etmiş türk tayfalarına, xüsusilə hun-qıpçaq türklərinə
məxsusdur. Erməni kilsəsinin banisi Maarifçi Qriqori özü də türk
olub. Türkmən Anakın oğlu olub. Təəssüf ki, qədim torpaqlarımızla,
ümumiyyətlə Qafqazın tarixi ilə bağlı əldə olan bütün tarixi
mənbələr vaxtilə kilsələrin hücrələrində qədim erməni dili deyilən
və kilsə dili olan qrabara tərcümə edilib, erməniləşdirilib,
orijinalları isə ya məhv edilib, ya da gizlədilib. Bu gün həmin
mənbələr lazımi dərəcədə öyrənilib, tarixi həqiqətlər ortaya
qoyulmadan nə Cənubi Qafqazın əsl tarixini işləyə bilərik, nə də ki
Azərbaycan xalqının gerçək tarixi ortaya qoyulacaq. Alban və
Arman//Ərmən tarixi ilə bağlı həqiqətlərin böyük bir hissəsi hələ
də sirr olaraq qalır.
Faktlar
“Bir faktı xatırladım. Bizim əlimizdə ermənilərin əlinə keçib
erməniləşdirilməyən, ilkin variantında günümüzə qədər gəlib çıxan
bir mühüm yarı epik, yarı tarixi mənbə var: “Kitabi-Dədə Qorqud”.
Bu, sırf İç Oğuz dastanıdır. Dastandakı İç Oğuzun da çox aydın
coğrafi trayektoriyası var: Arqu beli Aladağdan, yəni Ağrı dağdan
başlayaraq, sonra Ala göz dağı, Dərəçiçəkdəki Altuntaxt yaylağı,
Gögcə dəniz, Qaradərə-Zəngəzur, Əlincə qalası və yenidə Ağrıdağ
ətəyi Sürməli. Bu ərazinin çox hissəsi indiki Ermənistana düşür. O
yerlər bizim tarixi torpaqlarımızdır və bu ərazilərin tarixi ilə
bağlı bütün mənbələr öyrənilməlidir. Kim deyirsə ki, mənbə yoxdur,
yalan deyir. Həmin “Dədə Qorqud” dastanındakı Buğacın atası Dirsə
xanın kiçik oğlunun 1290-cı illərdə qələmə alınmış 600 səhifəlik
“Tarix” kitabı mənim əlimdədir. Amma neçə illərdir, onun çapını
təşkil edə bilmirik. Azərbaycanın heç bir tarixçisi bu kitabın
içindəkilərlə tanış deyil. Onda soruşuram, bu mənbə ilə tanış
olmadan “Dədə Qorqud” və ən azı Dirsə xan haqqındakı bəzi
həqiqətləri açmaq olarmı? Təbii ki, yox! Bəs 13-cü yüzilə qədərki
Azərbaycan tarixinin bəzi məqamlarını? Yenə də yox. Biz daha çox
ərəb mənbələri əsasında tariximizi işləmişik. Halbuki tariximizdəki
qaranlıqların ən böyük səbəbkarı ilk növbədə ərəblərdir.
Coğrafi xüsusiyyəti
“Doğulduğum, boya-başa çatdığım Vedibasar mahalının coğrafiyasından
söz düşəndə gözümün qabağında ilk olaraq Ağrı dağı canlanır. Bu
yerlərin tarixi ilə bağlı da ilk məlumatlar Nuhun tufanına gedib
çıxır. Bəzi tədqiqatçılar bu faktı mif, fərziyyə hesab edir, amma
mən bu fikirdə böyük həqiqət görürəm. Nuhun tufanı, Nuhun gəmisi,
bu gəminin Ağrı dağda bənd olması və s. ilə bağlı Azərbaycan
folklorunda geniş yayılmış mif, əfsanə və rəvayətlərin məhz bu
ərazidə – İrəvan çuxuru və Naxçıvanda geniş yayılması və başqa
bölgələrə də buradan yayılması bir az rasional düşünməyə əsas
verir. Biz Ağrı dağlarının ətəyindən axan Araz çayı vasitəsi ilə
Türkiyə ilə həmsərhəd idik. Hər səhər gözümüzü açanda ilk
gördüyümüz əzəmətli Ağrı dağları olub. Arazdan xeyli aralı
olmağımıza baxmayaraq, yayda axşamlar hava buludsuz olanda hətta
bizim kənddən Ağrının ətəyində yandırılan tonqalları görürdük. Hər
səhər günəş Ağrı dağları ilə qabaq-qənşər Vedibasar dağlarında
doğur, başımızın üstündən keçib Ağrı dağlarının arxasında qürub
edirdi. Günəşin doğması və batması zamanı yaratdığı rəng mənzərəsi
özü bir aləm idi. Günəş Ağrı dağının arxasında batdıqca Ağrı
dağının kölgəsi sürətlə Vedibasar mahalının üzərinə yeriyir və
mahalı adlayıb qarşıdakı Kotuz dağına çatanda yox olurdu, yəni
artıq günəş tam batırdı...”
İqlimi
“Vedibasarın özünəməxsus iqlimi vardı. Bu da onun coğrafiyası ilə
şərtlənirdi. Mahal Ağrı dağları ilə Kiçik Qafqaz dağları arasındakı
böyük bir düzənlikdə yerləşirdi. Qışda 30-35 dərəcə şaxta, yayda
isə 30-35 dərəcə isti olurdu. Amma havada nəmlik olmadığı üçün nə
bu isti bizi yandırır, nə də bu şaxta bizi kəsirdi. Vedidə “külək”
sözü yox idi, biz “yel” deyirdik. Cənubdan – Şərurdan əsən küləyi
“Şəril yeli” adlandırırdıq, bu, isti külək olurdu. Şimaldan –
İrəvandan, Alagöz//Ələyəz dağından əsən küləyə “Ələyəz yeli”
deyirdik və bu, sərin külək olurdu. Ağrı dağı tərəfdən əsən meh də
yayda gözəl sərinlik gətirirdi, çünki Ağrının başı ən isti aylarda
da həmişə qarlı olardı. Ağrıdan əsən küləyə “Koroğludan əsir”
deyirdilər. Xalqın inamına görə, Koroğlunun Çənlibeli məhz Ağrı
dağlarını birləşdirən çənli dağ belində olub”.
Karvan yolları
“Yenə gəlib çıxırıq İrəvan çuxurunun, o cümlədən Vedibasar
mahalının coğrafi mövqeyinə. Bu ərazi tarixən Azərbaycanın üç böyük
ərazisini – şimalda Albaniya, cənubda Atropatena və şimal-qərbdə
Armaniyanı birləşdirdiyi üçün həm də karvan yollarının kəsişdiyi
bir yer idi. Siz götürün orta əsrlərdə Azərbaycanın şimalı ilə
cənubunu birləşdirən bütün karvan yollarının xəritəsini, hamısı
Dəbildə kəsişir. Buna görə də yerli əhalinin dilində bu şəhərin adı
Düyün idi və indiyə qədər də xalqımızın dilində o yerin adı Düyün
kimi xatırlanır. Ərəb mənbələrində bu şəhərə Dəbil deyilir, bu da
türkcədir, Təpə-el deməkdir, çünki şəhər yüksəklikdə, təpəlikdə
salınmışdı. Tarix kitablarında bu yer Dvin adlanır. Bunu isə həm
“Div qala”, həm də “Dağ qalası” kimi izah etmək olar. Hər ikisi
toponimin türklüyünü təsdiq edir”.
Vedibasarın bir coğrafi özəlliyi də ondan ibarətdir ki, o, tam
olaraq aran və dağlıq hissələrə ayrılır. Aran hissə İrəvan
çuxurunda yerləşirdi və Arazboyu uzanırdı. Mahalın dağlıq hissəsi
üç yerə bölünürdü: Milli dərə, Cığın dərə və Çanaxçı dərəsi.
Kəndlər bu dərələr boyu yerləşirdi. Milli dərədən Qırxbulaq
mahalına, Cığın dərədən Göycə mahalına, Çanaxçı dərəsindən isə
Dərələyəz mahalına yol uzanırdı.
Müharibələr meydanı
Vedibasar mahalı tarix boyu mübarizələr və müharibələr meydanı
olub. Ərazinin dağlıq hissəsi isə lazım gələndə əhalini qoruyub.
1514-cü ilin iyulunda Şah İsmayılla döyüşə gedən Sultan Səlimin 60
minlik qoşunu Vedibasar mahalı ərazisində, bir-birindən 15 km
aralıdakı Böyük Vedi və Kiçik Vedi kəndləri arasındakı böyük
düzənlikdə düşərgə salıb. Bu barədə “Sultan Səlimin səfər
ruznaməsi”ndə bəhs edilib.
19-cu yüzildə İrəvan xanlığı üzərinə hücum edən rus generalları
həmişə Vedibasar mahalında güclü müqavimət görüblər. 1803-cü ildə
general Sisianovun, 1808-ci ildə general Qudoviçin, 1827-ci ildə
general Paskeviçin Vedibasarın o vaxtkı hakimi Aslan Sultan Şadlıya
(sonralar Şadlinski) əvvəl dilə tutma, sonra hədə dolu çoxsaylı
müraciətləri, məktubları var. Hətta Paskeviç İrəvan qalasının
mühasirəsini yarımçıq qoyub, özü şəxsən Vedibasar üzərinə qoşun
yeridib və Vedi çayı üzərində Aslan Sultanla qarşı-qarşıya
gəlib.
Abbasqulu bəy Şadlinski
“Hər vedilinin qəlbində Abbasqulu bəy Şadlinskiyə bir abidə var. O,
həqiqi mənada Azərbaycan xalqının əfsanəvi xalq qəhrəmanıdır.
Erməniyə qarşı milli mübarizə tariximizdə çox igidlərimiz,
qəhrəmanlarımız olub, amma Abbasqulu bəy Şadlinski səviyyəsində
ikinci xalq qəhrəmanımız olmayıb. Abbasqulu bəyin təkcə mübarizəsi
yox, həm də şəxsiyyəti, xarakteri, davranışı, hərəkətləri insanlara
örnək olub. 1920-ci ildə erməni daşnak hökuməti süqut edəndən
sonra, 1921-ci ildə Daşnaksütyun partiyasının Parisdə konfransı
çağırılır və daşnak hökumətinin o vaxtkı baş naziri Xatisov
Qafqazda məğlub olmalarının səbəbləri barədə hesabat verir, deyir
ki, bizim Qafqazda məğlubiyyətimizin 2 səbəbi oldu. 1-ci səbəbi o
oldu ki, biz Vedibasar üzərinə qoşun yeritdik və onu silah gücünə
məğlub etmək istədik. Məğlubiyyətimizin 2-ci səbəbi isə o oldu ki,
biz Vedibasarın üzərinə qoşun yeritsək də, onları məğlub edə
bilmədik.
Etnik tərkibi
“Cənubi Qafqazda qıpçaqlarla oğuzlar həmişə üstünlük təşkil edib.
Qədim Ərməniyyənin də, Albaniyanın da əhalisinin çoxunu 4-cü
yüzildə xristianlığı qəbul etmiş türklər təşkil edirdilər.
Azərbaycan tarixini ancaq İslama bağlamaq VII yüzilə qədərki
tariximizdən imtina etmək deməkdir. Elə indiki ermənilərin
mənimsədiyi xristianlıq da həmin türklərin formalaşdırdığı
xristianlıqdır. Bugünkü ermənilərin Cənubi Qafqaz ərazisinə
gəlmələrinin dəqiq tarixi var. 1431-ci ilə qədər Cənubi Qafqazda
hay faktoru olmayıb. Bu, faktdır.
Ərmənilər və Haylar
“Əvvəl Arminiya, sonralar Ərməniyə böyük bir coğrafi ərazinin,
ölkənin adıdır. Daha sonralar xristianlığından imtina etməyənlərə
ərmən, ərməni dedik. Onlar xristian türklər idi. Ermənilərin
haylarla qaynayıb-qarışmasının günahkarı bizik. Biz xristian
dinindən imtina etməyən türkləri yəni, ərmənləri aşağıladıq,
özümüzdən uzaqlaşdırdıq, müsəlman təəssübkeşliyi ilə addımbaşı
təhqir etdik. Nəticədə onlar bizdən uzaqlaşıb, kilsə icmaları
şəklində öz mövcudluqlarını təmin etdilər, sonralar da Rusiyanın
əli ilə Yaxın Şərqdən köçürülüb gətirilən hayların təsiri altına
düşdülər. Ərmənlərin, yəni ermənilərin haylaşması prosesi 19-cu
yüzilin ortalarında başa çatdı. Artıq dünyada erməni deyilən bir
millət yoxdur, onlar Qafqazın latın xalqıdır, xristian türklərdir.
İndiki ermənilər haylardır və onlar heç vaxt özlərinə erməni
demirlər. Təsadüfi deyil ki, bizim vaxtilə kafir deyərək imtina
etdiyimiz keçmiş xristian türklərdən törəyənlər, balayanlar,
köçəryanlar, dəmirçiyanlar bu gün bizim qanımızı daha çox içməyə
hazırdırlar.
Haylar isə 1431-ci ildən sonra zaman-zaman bu ərazilərə gəliblər.
Haylar Hind-Avropa qrupuna daxil olan xalqdır və onların
ərmənlərlə, yəni ermənilərlə heç bir etnik qohumluğu yoxdur.
Onların öz alimləri belə öz tarixi mənşələrini aça bilmirlər.
Əslində, açmaq istəmirlər. Çünki bilirlər ki, çox şərəfsiz bir
keçmişləri var. İndiki ermənilər, yəni haylar etnik toplum deyil,
onlar dini toplumdur. Qədim Assuriya və Urartu arasındakı
döyüşlərdə bugünkü ermənilərin adını daşıdıqları Hayasa vilayəti
Assuriyanın qul kaloniyası idi. Müharibələr zamanı ən müxtəlif
etnoslardan olan insanlar əsir götürülür, Hayasa vilayətinə
gətirilib, burada müxtəlif ağır, qul əməyinə uyğun peşələrə
yiyələndirilib, dünyanın hər yanından gələn tacirlərinə
satılırdılar. Ona görə də bugünkü ermənilərin damarlarında 72
millətin qanı axır. Bunların içində yunan, qaraçı, ərəb, fars,
türk, aysoru, kürd, ən çox da azər türklərinin və başqa xalqların
nümayəndələri var. Ermənilərin dünyanın hər yerinə yayılmalarının,
sənətkar (bənna, dərzi, pinəçi və s.) millət olmalarının, kilsə
tərəfindən idarə edilmələrinin sirrini burada axtarmaq
lazımdır.
Ermənilərin qul xasiyyəti
“Müxtəlif tarixi dövrlərdə fərqli tarixi şəxsiyyətlər ermənilərin
xarakteri haqqında çoxlu fikirlər deyiblər. Bu fikirləri nəzərdən
keçirdikdə bir daha aydın olur ki, ermənilərin bütün xasiyyətləri
onların qul, nökər, kölə həyat tərzindən irəli gəlir və yüzillər
boyu qətiyyən dəyişməyib. Nədir bu əxlaq? Məlumdur ki, qulun
içərisi həmişə kin-küdurət, paxıllıq, qisasçılıq, yaramazlıq,
hiyləgərlik, özündən güclünün qarşısında mütilik kimi mənfi
keyfiyyətlərlə dolu olur. Zaman-zaman mənən alçaldılan, addımbaşı
təhqir olunan, əxlaqı, namusu əlindən alınan qul əlinə düşən ilk
fürsətdə kimdən gəldi bunun acısını çıxmaq istəyir, sanki bundan
mənəvi rahatlıq tapır. “Ermənilər ağ dərililər arasında ən pis
qullardır” – Adam Metsin bu fikri heç də təsadüfi deyilməyib.
Ermənilər həmin qul xasiyyətləri ilə dünən güclü xalqların,
tayfaların oyuncağı idilər, indi də güclü dövlətlərin
oyuncağıdırlar.
Xalçaçılıq və haylar
“Xalçanın tarixindən xəbəri olanlar bilir ki, bu sənət böyük tarixi
ənənələrə bağlanır. Hər millət xalça toxuya bilməz. Haylar isə
qətiyyən. Çünki onlar tarixən ağır qul əməyinə, qara işlərə
alışdırılıblar. Qısa müddətdə öyrədilib, sonra bazarda
satılırdılar. Xalçaçılıq həm vaxt aparan, həm də sivil sənətdir. O
ki qaldı ermənilərin Azərbaycan xalçalarını öz adlarına çıxmaları,
burada təəccüblü heç nə yoxdur, bu da qulun xasiyyətlərindən
biridir, özündə olmayıb, ağasında olan hər şeydən onun özündə də
olmasını istər”.
Özümüzə sual
“Tez-tez özümə sual verirəm: necə oldu ki, əsli-kökü olmayan bir
ovuc erməni torpaqlarımızı işğal edə bildi? Doğrudanmı ancaq ona
görə ki, arxalarında Rusiya kimi məkrli bir dövlət, xristian
dünyasının bölgədəki maraqları dururdu? Məncə başlıca səbəb onların
özləri, düşünülmüş siyasətləri dururdu. Məsələ burasındadır ki,
onlar əvvəl özləri üçün uydurma bir tarix yaratdılar. Sonra da
özlərini bu tarixin doğruluğuna inandırmağa çalışdılar, sonra
başladılar yeni nəsilləri bu tarixə inandırmağa. Yüzillər boyu bu
işi gördülər və artıq bugünkü erməni gəncliyinə sübut eləmək mümkün
deyil ki, bu torpaqlar sənin deyil. Elə ona görə də 1988-ci ildə
aldadılmış erməni gəncliyi çox həvəslə əlinə silah alıb Qarabağa
hücum etdi. Çünki o inandırılmışdı ki, öz torpağını azad etməyə
gedir”.
Azərbaycanda dinlərarası keçid
“Dünyada heç bir xalqın tarixində bir dindən digərinə keçid 1000 il
çəkməyib. Bizdə isə millətin xristianlıqdan İslama keçidi min ildən
çox çəkib – 7-ci yüzildən 19-cu yüzilə qədər. Bu proses millətimiz
üçün çox ağrılı keçib, folklorumuzda, ədəbiyyatımızda da dərin
izlər qoyub. “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Sarı gəlin” və başqa
bu kimi əsərlər həmin ağrıların məhsuludur. Hələ də mübahisələr
gedir, hələ də həqiqətlər ortaya çıxmır, hələ də bəzi həqiqətləri
ucadan deməyə cəsarətimiz çatmır. Bəzi həqiqətlər var ki, onları
deməyə alimlərimiz hazır deyil, bəzi həqiqətləri isə qəbul etməyə
millətimiz hazır deyil”.
Yaylaq mədəniyyəti
“Vedibasar əhalisinin özünəməxsus böyük yaylaq mədəniyyəti var idi.
Bu xüsusi bir ritual kimi həyata keçirilirdi. İstilər başlayanda
insanlar yaylaq hazırlığına başlayar, oğul-uşaq, mal-heyvan, toyuq
cücələri ilə birgə yaylağa qalxardılar. Hər kəndin yaylaqda
yerləşəcəyi öz obası var idi. Obada da hər evin çadır quracağı
təxmin yeri vardı. Yaylaqda olanda hər həftə kəndlərdən yaylağa
sovqat – həyətlərdən mer-meyvə gəlirdi. Bu sovqatı almaq,
qarşılamaq da xüsusi bir mərasim idi. Uşaqların sevinci yerə-göyə
sığmırdı. Vedibasar camaatı hər il Göyçə dağlarındakı Əyricə
yaylağına qalxardı. Bu yaylaq Əyri çayın kənarında yerləşirdi.
Yaylaq mövsümündə hamı dincəlir, uşaqların yanağı dağ havasından
qırtmıq bağlayır, ailələr qış mövsümü üçün yağ-pendir tədarükünü
görürdülər. Obanın ortasındakı gur bulağın suyu azalanda camaat
bilərdi ki geri dönməyin vaxtı çatıb. Bu, avqustun son günlərində
olardı”.
Toy adət-ənənələri
“Vedibasar toylarında Azərbaycanın qədim adət-ənənələrini özündə
əks elətdirən bütün qayda-qanunlara əməl edilirdi. Əvvəl qızın
“həyə”sini alardılar, sonra bəlgə taxılardı, sonra nişan, xına,
toy... Toy məclisi əvvəllər üç gün çəkirdi, sonralar iki gün oldu.
Toydan əvvəl oğlan evinin ağsaqqalları ilə qız evinin ağsaqqalları
oturub, “xərc-xörək” deyilən bir sövdələşmə edərdilər. Qız atasına
çatacaq “başlıq” (süd pulu), qız evinin toy xərci (kəbin çörəyi
üçün) və s. müəyyənləşdirilərdi. Toy günü gəlin qapıdan çıxanda
mütləq gəlinin kiçik qardaşı və ya qardaşa bərabər tutulan şəxs
qapı kəsər, bəyin atasından, ya qardaşından nəmərini alardı. Toyun
birinci günü axşam bəy evində çadır qurular, bütün kənd gecə
yarısına qədər çalıb-oynayardılar. Həmin gün gəlin evinə
çalğıçılarla birgə xına da aparılardı. Toyun ikinci günü gəlin bəy
evinə köçürülər, sonra məclis başlayardı. Məclisdə çalıb-oynayar,
yeyib-içərdilər. Bu məclisdə qadınlarla kişilər bir yerdə iştirak
etməzdi. Qadınlar evlərdə, kişilər isə mağarda olardı”.
Novruz bayramı
“Bizdə Novruz bayramı xüsusi təntənə ilə qeyd olunardı. Bayrama
hazırlıq bir ay əvvəldən başlanar, həyət-baca, ev-eşik təmizlənər,
mütləq evdə olan bütün paltarlar səhərdən axşama kimi günə
atılardı. Buna “evtökmə” və ya “paltartökmə” deyərdilər. Nəhayət,
ilin son çərşənbə axşamı gəlib çatardı. İlaxır çərşənbə adlanan
həmin gün bütün kənd “qəbirüstü” deyilən mərasimə çıxar, hamı
köhnə-təzə bütün ölənlərinin məzarlarını ziyarət edərdi. Həmin
axşam küçələrdə tonqallar çatılar, adamlar tonqalların üstündən
tullanardılar. Uşaqlar isə neçə gündən bəri ağ neft hopdurulmuş
lopalara (biz “şar” deyərdik) od vurub, var gücləri ilə fırladıb
göyə uçurardılar.
Həmin gün xüsusilə qızlar niyyət tutub qapıpusduya çıxar, evlərdə
hər adama bayram payı bölünərdi. Bayram axşamı (ona Kiçik bayram və
ya Baca-baca da deyirdilər) valideyn evindən övlad evinə pay
göndərmək, cavan oğlanların ikibir, üçbir olub evlərə dəsmal və ya
şal atması da gözəl adət idi. Bizdə heç vaxt papaq atmazdılar.
Bayram payına bizdə bayramçalıq deyərdilər. Böyük bayramda isə
adamlar bir-biri ilə bayramlaşmağa gedər, öz yaxınını, qohumunu
bayram payı ilə yad edərdilər. Bu pay bayram şirniyyatından və hər
hansı bir “xələt”dən ibarət olardı. Bayramda qırmızı yumurta
boyamaq, onu döyüşdürmək, udmaq-uduzmaq özü bir aləm idi.
Bayramlarda nişanlı qızların və təzə gəlinlərin görüşünə getmək
xüsusi mərasim kimi icra olunar, oğlan tərəfin yaxın qohum qadın və
qızları çoxlu hədiyyə, xonça və s. ilə qız və ya gəlin evinə
gedərdilər”.
Mətbəxi
“Azərbaycan mətbəxinə məxsus olan bir çox yeməklər bizdə də
bişirilirdi. Yay mövsümündə yaylaqdan yığılıb qurudulan ələyəz
pencəri ilə bişirilən ələyəz aşının xüsusilə dadlı olardı. Əksər
xörəklər adətən qovurma ilə bişirilərdi. Bizdə qovurmalıq deyilən
bir mərasim vardı. Hər ailə payızda əvvəldən kökəldilmiş bir neçə
qoç, bəzən iribuynuzlu heyvan kəsib qovurar, küplərə və ya iri
qazanlara yığıb, bütün qışı istifadə edərdilər. Çörək isə adətən
aylıq yapılardı. Hər həyətdə təndirxana (biz “təndirəsər” deyərdik)
olardı, qonşular yığılar, bir kisə unun lavaşı bir günə yapılar və
bu çörək bir ailəyə bir ay bəs edərdi.
Adətlərimiz çoxdur, təəssüf ki, yazmaqla qurtaran deyil”.
Vediinfo.az