"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Heydərov Cinayət 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub.
İttiham aktına əsasən, Bakıda Ə.Heydərov ailə münaqişəsi zəminində arvadı Qöçəxanım Heydərovaya ağır xəsarət yetirib. O, bu əməlini xüsusi amansızlıqla törədərək, həyat yoldaşına övladlarının gözü qarşısında işgəncə verib.
Cinayət materiallarına görə, ər və arvad arasındakı mübahisə qız övladlarından birinin evə gec gəlməsi ilə başlayıb.
Məhkəmə prosesində Ə.Heydərov ittihamla razılaşmadığını deyib. O, arvadını xüsusi amansızlıqla işgəncə vermədiyini söyləyib: "Onu öldürmək niyyətim yox idi. Əsəbləşmişdim. Özümü saxlaya bilmədim, vurdum. Özümü qismən təqsirli bilirəm".
Məhkəmə prosesində zərərçəkmiş kimi tanınan Q.Heydərova ifadəsində qeyd edib ki, hadisə bir anın içində baç verib: "İndi ondan şikayətim yoxdur. Əliqisməti bağışlayıram".