Uzun müddətdir İctimai Televiziyada aparıcısı olduğu verilişə başı qarışan və şou aləmindən kənar gəzən müğənni Roza Zərgərli ilə gözəllik salonlarının birində rastlaşdıq.
Müğənninin Metbuat.az-a verdiyi müsahibəni təqdim edirik:
- Uzun zamandır yeni xəbərlərinizi eşitmirik. Aparıcı olmaq müğənnilik fəaliyyətinizi zəiflədib?
- Heç bir zəifləmə yoxdur. Hər iki işi uğurla davam etdirirəm. Düzdür, çəkilişlər daha çox vaxt tələb edir, ancaq müğənni olaraq da yeni mahnılar və yeni klipim üzərində çalışıram. Elə indi də verilişə hazırlaşıram.

- "İnstaqram"-da 740 min izləyiciniz var. Bəziləri bu izləyicilərin əksəriyyətinin saxta olduğunu iddia edir.
- Çoxları “cik-cik” edir ki, guya yalançı izləyicilərdir. Amma fakt budur ki, real izləyicilərim olmasa, firmalar mənə reklam etmək üçün məhsul göndərməz. Elə taxdığım linza belə hədiyyədir. Hədiyyələr olmasa belə, bəzən çox yaxın adam xahiş edir, ona görə də paylaşıram.
- Roza Zərgərli bütün bu reklamlardan aylıq nə qədər qazanır?
- Düzünü deyim, bu yaxınlarda firmalardan biri mənimlə əməkdaşlıq etmək istədi. Mən də bunun qiymətini açıqladım və razılaşdıq.
- Hansı qiymətə?
- Açıqlamasam olmaz?! Yaxşı, aylıq 500-1000 manata yaxın qazana bilirəm. Ümumiyyətlə, "İnstaqram" kənarda dursun, Azərbaycanda "Youtube" kanalından ilk pul qazanan komandayıq. O illərdə sosial şəbəkədə aktiv şəxslərdən biri də mənim idim. O zaman "Youtube" kanalımızdan ayda 230 dollar pul qazanırdıq. Bu günə qədər 16 milyon insan mənim kanalıma baxıb.

- 740 min izləyiciniz olsa da, videolarınıza gələn bəyənmə sayı azdır, bu nə ilə bağlıdır?
- Elə bil ki, insanların bəyənməyə əli gəlmir. Düşünün, video paylaşıram, videoya 100 min adam baxıb, ancaq 10-15 min bəyənmə gəlir. Bizim bütün məşhurlarımızda bunu görə bilərsiniz.
- Qalmaqaldan uzaqlaşmağa çalışsanız da, adınız şou nümayəndələrinin dilindən düşmür. Hətta ara-sıra canlı yayımlarda da sizin adınız hallanır.
- Reklamı ölənlər mənimlə gündəmə gəlmək istəyirlər. Sadəcə olaraq, Roza artıq yaşa dolub, yaşlanıb. Ayın axırında 38 yaşım olacaq. Mən ruhi xəstələrə cavab vermirəm. Elmlə məşğulam, qoy özləri üçün cikkildəsinlər. Onsuz da mənim 7 il ərzində etdiklərimi sənətdəki əksər müğənnilər etməyib.
- 4 uşaq anasısınız, lakin daha çox iki övladınızla görünürsüz. Bəs digərlərini niyə mətbuatdan gizlədirsiniz?
- Əslində, gizlətmirəm. Oğlum Corc və Bənövşəni tanısalar da, digərləri biraz şou-biznesdən, mətbuatdan uzaqdır. Onlardan biri ailəlidir, digəri isə hələ uşaqdır. 15 yaşı var, heç sosial şəbəkədən istifadəyə yaşı çatmır. Atası ilə birlikdə sosial şəbəkədən istifadəni qadağan etmişik.

- Övladlarınızdan biri şou nümayəndəsi ilə evlənmək istəsə, qarşı çıxarsınız?
- Təbii ki, qarşı çıxmaram. Düzdür, onların şoudakı bəzi insanlarla münasibət qurmasının qəti əlehinəyəm. Çünki hamısının üzünü görmüşəm, tanımışam. Gələcəkdə oğlum hansısa müğənninin qızını alsa, razı olaram. Yalnız o şərtlə ki, həmin qızın anasını tanıyım və oğluma layiq bilim. Özü də hələ 5 il ərzində oğlumu evləndirməyəcəm. Qizıma gəldikdə isə, 22 yaşından sonra gələcək elçiləri dəyərləndirəcəyik.
- Həyat yoldaşınız sizin qərarlarınıza müdaxilə edirmi?
- O, övladlarımın təhsili və həyatı ilə bağlı öhdəliyi mənə həvalə edib. Ancaq yenə də qərarları ortaq veririk. Çünki mənə güvəndiyi üçün çox da belə məsələlərə qarışmır.

- Mediadan gizlətdiyiniz övladınızın gələcəyi ilə bağlı nə kimi planlarınız var?
- Onunla bağlı planlarım tam başqadır. Hərbçi olmasını istəyirəm. "Naxçıvanski"yə qəbul olmağı arzulayır. Ancaq arıqdır, cansızdır. Hələ ki, bu çatışmazlıqlarını aradan qaldırmalıdır.
- Nə vaxta kimi müğənni olaraq fəaliyyət göstərəcəksiniz?
- İndi müəyyən işlər var ki, onların üstündə çalışıram. Onlar bitsin, bundan sonra isə yavaş-yavaş fəaliyyətimi azaldacam. Təqribən 7 ildən sonra tədbirlərə, toylara, bəzi mərasimlərə qatılmayacam. Amma müğənniliyi atmayacam.
- Evdən çıxanda nə qədər pul götürürsünüz?
- Vallah heç planlaşdıraraq pul götürmürəm. Yəni, xərcliyimə baxır. Gün olur 500, 300, 20, hətta 1 manatla evdən çıxdığım da olub. Benzin doldurmağa pulum olmadığı gün olub. Sürücüm sağ olsun, məsələni həll edib. İşlərimə uyğun olaraq pul götürməyə çalışıram.

- Xaricdə yaşamaq planınız var?
- Vətənimi , məni sevənləri çox sevirəm. Düzdür, arada istəyirəm elə bir status yazım, yandırıb-yaxım və gedim Azərbaycandan. Əslində, Türkiyədə, Rusiyada yaşamağa yaxşı şəraitim də var. Hətta övladlarımın peşəsiylə bağlı bu ölkələr daha əlverişlidir. Ancaq vətənpərvərliyim məni ayrılmağa qoymur.

Rəvan Nasiroğlu
FOTO: Adil Soltan