Qurban Qurbanov jurnalistləri təhqir edən tərcüməçini qovdu

Qurban Qurbanov jurnalistləri təhqir edən tərcüməçini qovdu
22:42 14 Mart 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının XXII turunda AZAL-ı qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "Çətin qələbə qazansaq da, oyundan razı qaldım. Düşündüyümüz oyunu tam göstərə bilmədik. AZAL təkcə müdafiə olunmağı yox, topla davranmağı da xoşlayan komandadı. Heyətləri daha da formalaşıb. Xüsusən də, təcrübəli oyunçuları var. Onlar hər bir komandaya çətin anlar yaşada və qalib gələ bilərlər. Çətin durumda olsalar da, oyun sistemini qoruyub saxlaya biliblər. Düşünürəm ki, qarşıdakı oyunlarımız daha gərgin olacaq".
 
- Elşən Abdullayev artıq tam hazırdımı?

- Elşən 8 ay oynamadı. Bu az vaxt deyil, itkidi. Onda hazırda oyun təcrübsi çatmır. Əvəzedicidə belə 90 dəqiqə oynatmağa ehtiyat edirik. Əsas odu ki, zədələrdən uzaqlaşıb.
 
- AZAL-ın yaxşı müqavimətindən çox "Qarabağ"ın aşağı tempdə çıxış etməsi diqqət çəkdi. Mövsümün həlledici mərhələsi yaxınlaşdıqca komandanın hücumda bir qədər sönük oynaması sizi narahat etmir?

- Düşünmürəm ki, temp aşağı idi. Rəqib müdafiə olunanda hücumların sürəti görünmür. 100 fazilik qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Məncə, uşaqlar bu gün yaxşı oynadılar, anlaşma yüksək səviyyədə idi.
 
- Klubun tərcüməçisinin sosial şəbəkədə jurnalistlərlə bağlı paylaşımı mətbuatda birmənalı qarşılanmadı. Bu məsələyə münasibətiniz necədi?

- Mən həmişə demişəm ki, hərə öz işi ilə məşğul olmalıdı. Xüsusən də, olduğum klubda bunu daha çox tələb etmişəm. Mən də bunu oxudum, xoşagəlməz hal yaşandı. Birbaşa klubumuzun adından gəldi. Çox danışmaq istəmirəm. Onu komandadan uzaqlaşdırdım. Məşqçinin, jurnalistin, rəqibin işinə müdaxilə etmək düzgün deyil. Nə qədər ki, burdayam, heç kim kiminsə ünvanına söz atmamalı, kimdəsə səhv axtarmamalıdı. Əfqanın işindən çox razı idim, son vaxtlar bir-birimizi başa düşürdük. Bir neçə dildə çox yaxşı danışıq qabiliyyəti var. Dediyim sözü olduğu kimi futbolçuya çatdırırdı. Yaxşı işçi itirdik. Amma heç kim belə səhv etməməlidi. Əgər hər hansı bir rəqibə, jurnalistə azarkeşə mənim tərəfimdən irad yoxdusa, heç kim irad bildirə bilməz. Dəfələrlə hamıya xəbərdarlıq etmişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Bu məsələyə bir daha qayıtmasaq yaxşıdı.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR