Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Almaniya yığması ilə rəsmi oyuna açıqladığı siyahıda 26 futbolçu yer almışdı. Milli.Az sport24.az-a istinadən bildirir ki,çağırılanlar arasında "Neftçi"nin yarımmüdafiəçiləri Ruslan Abışovla Namiq Ələsgərov zədəli olduqlarından sonradan heyətdən kənarlaşdırıblar. Xorvatiyalı mütəxəssis onların yerinə futbolçu çağırmaq fikrində olmadığından, millimiz Bundestimə qraşı 24 futbolçu ilə hazırlaşacaq.

Almanlara qarşı çağırılanlardan qapıçı Aqil Məmmədovla (AZAL) hücumçu Renat Dadaşov ("Ayntraxt") hələ millimizdə debüt etməyiblər. Renat ümumiyyətlə, ilk dəfə Azərbaycan yığmasına çağırılıb. Özü də bunun doğulub, boya-başa çatdığı ölkənin milli komandasına qarşı olması maraqlı məqam kimi diqqət çəkir. Bu yerdə qeyd edək ki, Almaniyanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış hücumçu ötən ilin mayında U-17-nin heyətində Bakıya Avropa çempionatının final mərhələsinə gəlmişdi.

Millimizin Qətər yığması ilə yoldaşlıq görüşü ilə müqayisədə heyətində dəyişiklər yetərincədi. Əvvəla, həmin matça xaricdə oynayan futbolçularımızın çağırılmayacağı məlum idi. Prosineçki legionerlərimizdən Kamran Ağayevlə Emin Mahmudovu (hər ikisi "Boavişta", Portuqaliya), Pavel Paşayevi ("Stal", Ukrayna), Dmitri Nazarovu ("Aue", Almaniya), Eddi İsrafilovu ("Kadis", İspaniya), Ramil Şeydayevi ("Jilina", Slovakiya), Dəniz Yılmazı ("Bursaspor", Türkyə) budəfəki siyahıya daxil edib.

Əfran İsmayılovun dönüşü gözlənilən idi. Çünki təcrübəli yarımmüdafiəçi Qətərlə oyuna şəxsi problemləri üzündən aparılmamışdı. Əfranın "Qarabağ"dakı komanda yoldaşı, müdafiəçi Maksim Medvedev isə zədəsini sağaldaraq qayıdıb.

Millimizin bir sıra futbolçuları bu dəfə kənarda qalıb. "İnter"lilər - qapıçı Səlahət Ağayev zədə, müdafiəçi Abbas Hüsenov isə xəstələndiyindən Premyer Liqada son 2 turda iştirak etməyiblər. Prosineçki qış fasiləsindən sonra oynamayan sol cinah müdfaiəçisi Arif Daşdəmirovu nəhayət, çağırmayıb. Eyni sözlər "Qarabağ"ın digər milliləşdirilən dağıstanlı futbolçusu, qapıçı Şahrudin Maqomedaliyevə də aiddir. O, bu il cəmi 1 oyunda meydanda olub.

Millimizdə oynamağa razılıq verən "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Qətərlə oyuna çağırılsa da, 1 gün məşqdən sonra düşərgədən ayrılıb. Milliləşdirilən legionerin Almaniya ilə matça dəvət olunmayacağı əvvəldən bəlli idi. Almeydanın bu ilin iyununda Şimali İrlandiya yığması ilə Bakıda keçiriləcək rəsmi matçda oynaması nəzərdə tutulub.

Prosineçki Dohada şans verdiyi hücumçular - təcrübəli Rauf Əliuyevlə ("İnter") gənc Mahir Mədətovu ("Qarabağ") bu dəfə ofsaydda qoyub. Mədətov həmin oyunda millimizdə debüt etdisə, Rauf Premyer Liqanın cari mövsümündə vurduğu 7 qolla ən məhsuldar yerli futbolçulardandır.

Ümumiyyətlə, millidə ən çox futbolçu ilə "Qarabağ" təmsil olunub - 7. İkinci yerdə 5 futbolçu ilə "Qəbələ" gedir. Yəni, bu komandaların Premyer Liqada turnir cədvəlində olduğu kimi, millidə futbolçuları sarından da ardıcıllığı eynidi.

Göründüyü kimi, 24 nəfərlik heyətin yarısını bu 2 lider komanda təşkil edir. Qalan 12 futbolçudan "Zirə" ilə "Boavişta" hərəyə 2 futbolçu ilə təmsil olunublar. "İnter", AZAL, "Stal", "Aue", "Kadis", "Jilina", "Ayntraxt" və "Bursaspor"un millimizdə hərəyə 1 futbolçusu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində