Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (119-cu say) təqdim edir.
Ötən həftə yazılan 68 şərhin hamısının müəllifinə təşəkkürüm var. Bir oxucu yazıb ki, şərhləri özünüz oxuyursunuz? Əlbəttə, özüm oxuyuram və o şərhləri oxumaq mənimçün çox sevindiricidir. Çünki bunu oxucular yazır. Başlayaq...
Səməd Səmədovun bir fotosunu sosial şəbəkədə gördüm. Doğrusu, əvvəlcə ağlıma pis-pis fikirlər gəldi. Düşündüm ki, bəlkə kiminləsə dava edib. Axı cavanlıqda boksçu olub. Sonra elə bildim ki, xalq artistini arı vurub. Lap sonra bir nəfər dedi ki, botoks zad təzə olanda üzdə belə şişlər əmələ gəlir. Amma hər nə idisə, Səməd müəllimi xeyli cavanlaşdırıb. Tanımasan, elə bilərsən ki, aşıq Əlidir.

Rəqsanə pəhriz sirrini açıqlayıb və məlum olub ki, sənətçi 22 kiloqram arıqlayıb. Görünür burada hansısa riyazi hesablama səhv aparılıb. Çünki Rəqsanə tez-tez belə açıqlamalar verir ki, 20 kilo arıqladım, 18 kilo çəki saldım. Bunun da ümumi çəkisi altmış kiloqram ya olar, ya olmaz. Onda belə çıxır ki, öz çəkisini arıqlayıb, indi kimdənsə artıq çəki "borc alıb" arıqlayır? Hə, lap yadımdan çıxmışdı. Konsert yox, albom yox, mahnı yox. Bəs gündəmdə qalmaq var axı. Yeri gəlmişkən, mən də səkkiz kiloqram...demirəm, qalın nigaran.
Sən demə, İlhamə Quliyevanı şantaj edib, ürəyini partladıbmışlar. Yazığın vəfat etdiyi 13 aydır, hələ onun ölümü haqda bir normal açıqlama oxumadım. Hələ kimsə demir ki, 73 yaşı var idi, vaxtı çatdı, vəfat etdi.
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanlanıb. Saytların yazdığına inansaq, artıq üçüncü dəfədir Ülkər ailə qurmağa cəhd göstərir, alınmır. Bu dəfə alınacağına ümid edək.
Həftənin ən qalmaqallı mövzularından biri metrodakı öpüşmək məsələsi idi. Həmkarımız Xəqani Səfəroğlu azyaşlı övladlarıyla metroda gedirmiş. Üzbəüz bir cütlük bir-birinə sığal-tumar çəkirmiş. Elə öpüşmək istəyəndə Xəqani ayağını yerə vurub ki, çıxın bayıra. Camaat da düşüb həmkarımızın üstünə ki, niyə imkan verməmisən öpüşsünlər? Mənimçün oxucularımın bu məsələyə münasibəti çox maraqlıdır. Şərhlərinizi mütləq oxuyacağam.
Bir aparıcı xanım açıqlama verib ki, gecə evə gec getdiyimə görə danlanıram. Əzizim, indi neçənci əsrdir? Aparıcı evə gec də gedər, tez də gedər, işi çıxar, heç getməz də. Xahiş edirəm, belə ifadələr səsləndirib gənc aparıcılarımıza mənfi təsir göstərməyin. Aparıcının işi evə gec getməkdir də. Hələ bir imkan düşəndə özündən 13-15 yaş gənc həmkarıyla sevgidən, eşqdən, macəradan yaşamadısa, onun adına aparıcı deməzlər ki.
Rəqqasə Fatimə Gülbahar Şükürlünün ad günündə göbək rəqsi oynayıb. Fotolara baxdım, çox xoşuma gəldi. Hiss olunur ki, yaşı qırxı haqlasa da, formadadır.
Repçi Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovayla filmə çəkilib. Filmdə əməlli-başlı öpüşüblər də. Rəhmətlik Nəsibə Zeynalova demişkən, camaat çaş-baş qalıb. Bilmirlər ki, doğrudan doğruya öpüşüblər, yoxsa yalanpışdan.
Aşıq Zülfiyyənin 16 yaşında nişanı qayıdıbmış. Qulpqoyan kişi deyir, yaz ki, o kimdirsə, böyük xalq sənətkarının, el aşğının, ulduzun əri olmaq şansını qaçırıb.
Ötən həftə rejissor Şahin Zəkizadənin vəfatından 40 gün keçdi. Səssiz, səmirsiz, sakit...
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində