Vladimir Filippoviç Bazarnı tibb elmləri doktorudur. 1966-cı ildə Krasnodar Dövlət Tibb Universitetinin oftalmologiya fakültəsini bitirib. Krasnodar Uşaq oftalmologiya Xəstəxanasında cərrah işləyib. 6 minə yaxın uğurlu əməliyyat keçirib.

1991-ci ildən Moskva vilayətinin rəhbərliyinin dəvəti ilə Vilayət administrasiyasında Təhsilin fizioloji və sağlamlıq problemləri üzrə elmi-innovativ laboratoriyasının müdiri işləyib.

Hazırda Uşaqların Sağlam İnkişafı Uğrunda Rusiya İttifaqı proqramının elmi rəhbəridir. Ömrünün 30 ildən çoxunu uşaqların təhsil sistemində hormonal inkişafı probleminin elmi və praktik həllinə həsr edib, şəxsi pedaqoji təlimini yaradıb. Bazarnı sistemi. Bu sistem Rusiyada iki regionda tətbiq edilir - Komi Respublikası və Stravropol vilayətində.

Proqram 1989-cu ildə Rusiya Federasiyası Səhiyyə Nazirliyi tərəfindən də təsdiq edilib. “Uşaq bağçaları və məktəblərdə idrak fəaliyyəti patologiyası, yaxud sağlamlığı inkişaf etdirən prinsiplər”. Bu baza metodikası Rusiya Federasiyasının Sanitar Qayda və Normaları sisteminə daxil edilib.

***

Doktor Bazarnının bu metodikası artıq 3 ildir Azərbaycanda da tətbiq olunur. 2014-2015-ci dərs ilində, Bakı və Sumqayıt şəhərlərinin pilot qaydada seçilmiş 15 1-ci sinfində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanıb.

Hazırda isə Bakı və Sumqayıt üzrə 35 məktəbin 116 sinfində şagirdlər bu layihə çərçivəsində sağlam təhsil alır.

Sumqayıt şəhəri 31 saylı orta məktəbdə 6 Sağlam Təhsil Sinfi var: İki 1-ci, iki 2-ci və iki 3-cü siniflər. Hazırda 3ç sinfindəyik. Məktəbin sağlam təhsil üzrə metodisti Xalidə Həmidova məlumat verir.

- Məktəbimizdəki 6 Sağlam Təhsil Sinfindən yalnız ikisi xalçalı sinifdir. Üçüncü siniflərdir. Bu siniflər də öncə adi sinif otaqlarındakı kimi idi. Getdikcə uşaqlar dərs müddətində ayaq üstə durmağa vərdiş edirlər. Sinfin quruluşunda stul nəzərdə tutulmayıb. Yorulan uşaq yerdə bardaş qurub da otura bilər, ya da kənarda düzülmüş stullarda əyləşə bilər. Stulların sayı şagirdlərin sayının yarısına bərabərdir. Sinifdə 24 şagird var. Sinif 48 kvadrat metrdir. Hər uşağa 2 kvadratmetr sahə düşməlidir.

Bu təhsil metodikasının ən maraqlı tərəflərindən biri də gündəlik qiymətləndirmədir. Qiymət bu cür meyarlara görə qoyulur: “Fikrini şərh etdi”, “Fikrini şərh edərkən çətinlik çəkdi” və s.

Sağlam Təhsildə də adi təhsildə olduğu kimi, dərslər səhər 8-də başlayır və hər biri 45 dəqiqə davam edir. Müəllim hər yeni dərs başlayanda Sağlam Təhsil Pultunu qoşur. İlk 15 dəqiqənin tamamında birinci səs siqnalı vurur.

- Bu siqnaldan sonra Dr. Bazarnının trenajoru üzrə şagirdlər məşğələ keçir. Sinfin hər 4 küncündə işıq plafonları quraşdırılıb. Plafonlar ardıcıl olaraq yanıb-sönür. Uşaqlar sayrışan işıqları nəzərləri ilə “tutmalıdırlar”. Plafonların üzərində müxtəlif rəsmlər var: ördək, gül, alma, ceyran. Uşaqlar “tutduğu” işığın (rəsmin) ya adını çəkir, ya da o istiqamətdə əl çalaraq bildirir. Məqsəd vestibulyar aparatın, yan görmənin və reaksiyanın inkişafı, qan dövranının sürətlənməsi və dayaq hərəkət aparatının məşqindən ibarətdir.

Qeyd: Uzun müddət oturaq vəziyyət kürək və boyun əzələlərinin yorulmasına və başın işçi səthə əyilməsinə səbəb olur ki, bu da görmə problemlərinin yaranması ilə nəticələnir. BMT-nin Əhali Fondunun 2014-cü ildə 2500 şagirdin cəlb edildiyi monitorinqinin nəticələrinə görə, yuxarı sinif şagirdlərinin 45%-də görmə problemi aşkarlanıb.

Xalidə müəllimi dinləyirik:

- Birinci siniflərdə hər məşğələdən sonra uşaqlar yer dəyişir. Hündür masalarda dayanan uşaqlar oturacaqlı masalara, oturacaqlı masalardakı uşaqlar isə hündür masalara keçir. Beləcə, onlarda ayaq üstə dayanma vərdişi yaranır.

Növbəti 15 dəqiqənin tamamında ikinci səs siqnalı çalınır. Bu zaman uşaqlar sinfin tavanında Dr. Bazarnının Universal Simvollar Sxeminin üzərində məşqə başlayırlar. Əlləri ilə nişan alaraq, gözlərini oxşar istiqamətində sxem üzrə hərəkət etdirirlər. Göz hərəkəti edərkən, bədənlərini də yanlara və önə-arxaya doğru hərəkət etdirirlər. Bu məşğələ də göz əzələlərini və dayaq hərəkət aparatını məşq etdirir, qan dövranını sürətləndirir.

- Bu məşqləri uşaqla bərabər müəllim də edir. İlin sonunda bəzi müəllimlər etiraf etdilər ki, artıq boyun ağrısından əziyyət çəkmirlər.

Sinif otağının quruluşu da təlimin prinsiplərinə uyğunlaşdırılıb. Məsələn, divarların kəsişməsi adi künclər kimi deyil, ovalşəkillidir və o hissə ağacla örtülüb. Məqsəd, uşaqların sərt kəsişmələrin yaratdığı xətləri və xüsusilə 3 şüanın kəsişmə nöqtəsini görməmələridir. Bu, Bazarnı metodikasına görə, uşaqların beyin fəaliyyətinə neqativ təsir göstərir. Problemi aradan qaldırmaq üçün kəsişmə xətlərində və nöqtələrində “panoram effekti” və “Dr. Bazarnı ağacları” təsvir olunub.

Sinifdə asqılar var. “Dr. Bazarnı Didaktik Asqıları”. Bazarnıya görə, sinifdə didaktik asqılar daim olmalıdır.

- Tutaq ki, müəllim “Cırtdanın nağılını” danışır: “Biri vardı, biri yox idi, bir Cırtdan vardı...” Bu sözlərdən sonra müəllim Cırtdanın rəsmini asqıdan asır. Sonra dostlarını...

Sağlam Təhsil Siniflərində (STS) də dövlət proqramının dərsliklərindən istifadə olunur. Sadəcə, adi təhsildən fərqli olaraq, burada “Bir gün - bir nağıl” metodikası işlənir.

Metodika necədi? Müəllim günə bir nağıl seçir. Bütün dərsləri bu nağıl əsasında qurur. Bugünkü nağılın adı “Qəribə əhvalat”dı. Hicran müəllim özü yazıb.

Xalidə müəllimi dinləyək:

- Sağlam Təhsilin dərs üsulu 3 hissədən ibarətdir: həkk olma, əl işi və nitq inkişafı. Məsələn, müəllim riyaziyyat dərsində elə maraqlı situasiya yaratmalıdır ki, yeni dərs uşağın beynində həkk olsun. Əgər bu gün riyaziyyatdan yeni mövzu ikirəqəmli ədədlərin birrəqəmli ədədlərə vurulmasıdırsa, müəllim yeni dərsi “Qəribə nağıl”ın personajları olan cücələrin, xoruzun vasitəsilə izah edir. Nağıl birinci dərsdə başlayır, sonuncu dərsdə bitir. Uşaq axıra qədər nağılın necə bitəcəyini həvəslə gözləyir. Azərbaycan dilindən yeni mövzu əlamət bildirən sözlər idisə, müəllim nağıla ağ cücələr, qara cücələr əlavə edəcək.

Oturaq həyat tərzi onurğa sütununda patoloji dəyişikliklərə səbəb olur ki, bu da skolioz, kifoz, lordoz kimi xəstəliklərlə nəticələnir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü ildə keçirdiyi monitorinqə cəlb olunmuş 2500 şagirdin təxminən 50 faizə qədərində qamət pozuntusu aşkarlanıb.

Buradakı partalar da adi partalardan fərqlənir. Birincisi, partalar oturacaqsızdı. Dr. Bazarnının hündür iş masaları istifadə olunur. Bütün masalar şagirdlərin boyuna uyğun tənzimlənir və yazı-oxu rejimi üçün işçi səthin 16 dərəcə mailliyi təmin edilib.

- Bu konstruksiya hər bir uşağın günəş kələfinə uyğun tənzimlənir. Belə halda uşaq istəsə də qədərindən artıq əyilə bilmir. Qaməti dik qalır.

Masaların boya uyğun tənzimlənməsi üçün hər ay şagirdlərin boyu ölçülür.

Tənəffüslər də adi siniflərdə olduğu kimidir. Kiçik tənəffüslər 5 dəqiqə, böyük tənəffüs 10 dəqiqə. Tənəffüsdə bu uşaqları dəhlizdə atılıb-düşən görməzsiniz.

Səbəbini Xalidə müəllim deyir:

- Qızlar çanağın formalaşması üçün oturub-durma oyunu oynayır, oğlanlar isə ilə turnikdə çəkilir. İldə bir dəfə STS üzrə oğlanlar arasında yarış keçirilir. Oturaq həyat tərzi sürən qızlarda çanaq sümüyü normal inkişafdan qalır. Bu da gələcəkdə sağlam doğuşa əngəl yaradır. Bu əngəlin yaranmaması üçün qızlar dərsarası fasilələr zamanı çanağı normal inkişaf etdirən yarışlar keçirirlər.

Qeyd: BMT-nin Əhali Fondunun məlumatına görə, Azərbaycanda 2006-cı ildə qeysəriyyə əməliyyatı ilə doğuşlar 4.7 faiz idisə, 2012-ci ildə 20.5 faiz olub.

Divara bu ilin qaliblərinin şəkli vurulub. 3ç sinfindən qaliblər sırasında 3 şagird var - Rəhman, Emin və Hüseyn.

Sağlam Təhsilin məqsədlərindən biri də qızları xanım, oğlanları igid kimi formalaşdırmaqdır. Sinifdə qızlar üçün böyük güzgü də asılıb. Bu da qızların xanım-xatın formalaşması üçün nəzərdə tutulub.

Sizə maraqlı gələcək – bu siniflərdə qızlara “xanım”, oğlanlara isə “igid” deyə müraciət edilir. Şagirdlərin sinəsində “Azərbaycan xanımı” və “Azərbaycan igidi” deyə nişanlar taxılıb.

***

Zəng çalınır. Uşaqlar böyük tənəffüsə çıxır. Qızların səsi sinfi bürüyür:

“Nigarın anası, şəkərbura bişirdi,

hündürlüyü bu boyda,

alçaqlığı bu boyda.

Qalx ayağa, qalx,

ətrafına bax,

Kimi seçirsən,

tut qolundan dart!”

Oğlanlar isə növbə ilə turnikdə çəkinir. Digər siniflərlə müqayisədə Sağlam Təhsil Siniflərində uşaqlar çox sərbəstdilər. Sinifdə kənar adamın varlığı hiss olunmur.

Əllər beyinə siqnal ötürən əsas orqandır. Ona görə də, əllərin motorikası vacibdir. Metodist deyir ki, əllərin motorikası yaxşı olanda uşaqların xətti də gözəl olur.

- Uşaqlarımız plastilinlə, qayçı ilə, rəngli kağızlarla çox işləyir. Ayaqların motorikası üçün ayaqaltılar var. Yaz və payızda uşaqlar ayaqqabılarını tamam çıxarıb, ayaqlarının altını masaj edirlər.

Oturaq həyat tərzi qarın boşluğu orqanlarının sıxılmasına səbəb olur ki, bu da həzm prosesinin pozulması ilə nəticələnir. Buna görə də uşaqlar günorta yeməyini stol arxasında deyil, dədə-baba qaydası ilə yerdə salınmış süfrə ətrafında bardaş quraraq yeyirlər. Yeməkdən əvvəl sanitar qovşaqdan istifadə edəndən sonra sinifdə əllərini yuyurlar. Parça dəsmaldan istifadə qadağandır. Birdəfəlik kağız dəsmal və maye sabundan istifadə olunur. Ayaqyolu sinfə çox yaxındı. Zəruri halda sinifdən çıxan uşaqlar bayır ayaqqabısını geyir. Hər dərs arası sinifdə təmizlik işi aparılır, otaq havalandırılır. Kənar şəxslər sinfə daxil olanda ayaqqabının üstündən baxil geyinməlidir.

***

Təhsil Nazirliyinin apardığı tədqiqatların nəticəsi göstərir ki, Sağlam Təhsil Sinifləri şagirdləri məktəb həyatına daha tez uyğunlaşır, ünsiyyətcil, açıq fikirli olurlar.