Xarici dildə reklamlar nə zaman yoxa çıxacaq...?

Son vaxtlar mağaza, kafe və bu qəbildən olan yerlərdə ədəbi dilin normalarının pozulması hallarına çox rast gəlmək olur.

Metbuat.az xəbər verir ki, firmaların, şirkət, mağaza və restoran adlarının, reklamların kütləvi şəkildə xarici dildə yazılması o dilləri bilməyənlər üçün ciddi problem yaradır.

Reklam hər millətin dilini, dinini, irqini, mədəniyyətini nümayiş etdirmək üçün əlverişli bir vasitədir. Azərbaycan Respublikasının “Reklam haqqında Qanunu” na əsasən, reklamda dövlət dili işlənilməli və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə olunarsa, onların tutduğu sahə Azərbaycan dilindəki yazılışın tutduğu sahədən böyük olmamalı və əcnəbi dildə yazı Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Hər hansı bir sahibkar öz reklamını həyata keçirərkən yazışmaların mütləq milli dildə olmasına riayət etməlidir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən jurnalist, teletənqidçi Qulu Məhərrəmli problemin həlli yollarından danışıb.

“Bu, ilk növbədə “Reklam haqqında Qanun” un pozulmasıdır. Bunun adı məsuliyyətsizlik və dilə hörmətsizlikdir. Mən də Dilçilik İnstitutunda çalışarkən məsələ ilə bağlı monitorinqlər apararaq nəticələri ictimaiyyətə açıqlamışıq. Amma təəssüf ki, bu sahədə çalışan insanlar buna məhəl qoymur. Başa düşürəm ki, müştəri cəlb etmək üçün reklam tələb olunur, buna görə də onların əksəriyyəti düşünür ki, yalnız xarici dildə yazılmış adla müştəri cəlb etmək olar. Bu isə psixoloji problemdir. İlk növbədə bunu aradan qaldırmaq lazımdır. Bakı şəhər İcra Hakimiyyətinin müvafiq strukturları prezidentin “Qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi ilə bağlı sərəncamı” ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarət etməlidir. Problemin qarşısı inzibati yolla alınmalıdır. Bu baxımdan Naxçıvan Nazirlər Kabinetinin təcrübəsi bir örnək ola bilər. Məsələn, Naxçıvanda müvafiq strukturların vurduğu lövhədən əlavə başqa bir lövhə vurula bilməz”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR