Avropa Şurası Parlament Assambleyasında (AŞPA)Türkiyə ilə bağlı məruz\ qəbul edilib.
Metbuat.az bildirir ki, “Türkiyədə demokratik qurumların vəziyyəti” adlı məruzə dünyanın diqqətini Türkiyəyə yönəldib. Qərar Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı ötən ilin martında əldə edilən anlaşmanın üzərindən xətt çəkərək, danışıqları 2004-cü ildəki vəziyyətə qaytarıb.
AŞPA 113 səslə qəbul edilən məruzədən sonra Türkiyədə siyasi proseslərin təhlilinə başlayacaq. Bu yolla Türkiyənin Avropa İnsan Hüquqları Konvensiyasına nə dərəcədə əməl edib-etməməsi araşdırılacaq.
AŞPA belə hesab edir ki, araşdırma son zamanlar Türkiyədə bəzi demokratik dəyərlərin pozulması, hüquqi dövlət prinsiplərində baş verən bəzi pozuntularla bağlıdır.
Qeyd edək ki, Türkiyə ilk dəfə birləşmiş Avropanın (o zaman Avropa İqtisadi Birliyinin - AİB) qapılarını 31 iyul 1959-cu ildə döyüb. 1998-ci ilin iyun ayında Avropa Şurası özünün Kardifdəki sammitində qərara alıb ki, Avropa Birliyi haqqında müqavilənin (1963-cü il) 28-ci maddəsinə və Avropa Birliyinin Lüksemburq sammitinin (1997-ci ilin dekabr ayı) tövsiyələrinə uyğun olaraq Avropa Komissiyası Türkiyə ilə bağlı məruzə təqdim edəcək. O zaman Türkiyə hələ namizəd dövlət statusunu almamışdı. Həmin vaxt "Türkiyə üçün Avropa strategiyası" adlanan sənəd qəbul edilib. 10 dekabr 1999-cu ildə Avropa Şurasının Helsinkidəki sammitində bəyan edilib ki, Türkiyə digər namizəd ölkələrə tətbiq olunan meyarlar əsasında Avropa Birliyinə qoşulmağa namizəd ola bilər.
Aytən Novruzova / Metbuat.az