İstirahət üçün xarici ölkələrə bu qiymətə səfər etmək olar

Artıq turizm mövsümü başlayıb. Turizm şirkətləri dünyanın müxtəlif ölkələrinə səyahətlər təşkil edir.

Metbuat.az xəbər verir ki, insanları daha çox maraqlandıran məsələ üz tutacaqları yer və qiymətlərdir.

Manatın dollara nisbətən kəskin ucuzlaşması, turizm sektorundakı qiymətlərə də təsirsiz ötüşməyib. Əsas marşrutlar üzrə turların qiymətində artıq 30-40 % bahalaşma müşahidə olunur. İyun-avqust aylarında qiymətlərin yenidən artacağı proqnozlaşdırılır.

Antalyanın 5 ulduzlu otelində bir nəfərin bir həftəlik istirahəti 635 manata başa gəlir. Qiymətə otel, gediş-gəliş bileti, səhər yeməyi və sığorta daxildir.

Yayı Londonda keçirmək arzusunda olanlar isə 1163 manatından keçməli olacaq. Xidmətə 1-ci gün Londona gəliş, oteldə yerləşmə, 2-ci gün səhər yeməyi, London üzrə ekskursiya , 3-cü gün yalnız səhər yeməyi, 4-cü gün səhər yeməyi və ekskursiyalar daxildir.

Dubaya səyahət etmək istəyənlərə isə 398 manatdan başlayan paketlər təklif edilir. Qiymətlər otel seçiminə əsasən dəyişir. Lakin paketdən yalnız mayın 7-dən 10-dək yararlanmaq mümkün olacaq.

Budapeşt-Vyana-Praqa üzrə 6 gecəlik turun qiyməti 690 manatdır. İspaniyaya getmək istəyənlər isə 750 manat ödəməli olacaq. Bu qiymətlərə otel və səhər yeməyi daxildir.

Bakı ilə müqayisədə Gürcüstandan səyahət daha ucuz başa gəlir. Məsələn, Bakıdan Bodrum turları üçün 650 manat tələb olunur. Bu qiymətə otel, bilet və qidalanma daxildir. Eyni tur Gürcüstandan 369 manata başa gəlir. Xidmətlərdə də fərq yoxdur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı, turizm üzrə ekspert Elxan Vəliyev turizmdəki mövcud vəziyyətdən danışıb.

“Türkiyə otellərində 16 ildən artıq fəaliyyətdə olan “hər şey daxil” sistemi dünyanın heç bir ölkəsində yoxdur. Bu isə Türkiyə otellərində istirahət edən azərbaycanlı turistlərə, eyni zamanda digər ölkələrin vətəndaşlarına olduqca sərfəlidir. Türkiyədə qiymətlər və şərait münasib olsa da, son zamanlar axın nisbətən azalıb. Avropa İttifaqının Türkiyə ilə bağlı qərəzli mövqeyi ora üz tutanların sayına ciddi şəkildə təsir göstərib. Bir neçə gün əvvəl Bakıda keçirilən “Turizm sərgisi” zamanı da türkiyəli iş adamları 2016-cı ildə rusların, hazırda isə Avropa ölkələrindən gələn turistlərin sayında azalma olduğunu etiraf etdilər. Şirkətlər problemdən çıxış yolu kimi sezon vaxtı “isti turlar” təşkil edərək, paketləri öz qiymətindən də aşağı satır. Azərbaycanda sezon öncəsi qiymətlərdə elan edilən 40-50% endirimlər isə reallığa uyğun gəlmir, aldadıcı xarakter daşıyır. Bu özünü ötən ilin turlarında da açıq şəkildə göstərdi. Son zamanlar ingilis dilli təbəqənin artması Avropa ölkələrinə üz tutanların sayını çoxaldıb. Türkiyə ilə müqayisədə insanlar 5-10% artıq Avropa ölkələrinə səyahət edir. Xüsusilə İtaliya, İspaniya, Fransa, Macarıstan, Polşaya qrup turları daha çox təşkil olunur. Tur çərçivəsində 2 nəfərin günlük xərci 60 dollardan başlayır. Spesifik turlar da var ki, otelin qiyməti 2000-3000 dollardan başlayır. Hazırda Rusiyaya gedənlərin sayı çox deyil. Sanatoriya məqsədilə insanlar daha çox Çexiyaya üz tutur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR