Ağ Evdə görüş və Ermənistanı diz çökdürəcək MƏXFİ SAZİŞ: Heydər Əliyevin Qarabağ PLANI
Paylaş
123 baxış·5 dəq oxu
1994-cü il. Qarabağda atəşkəs əldə olundu. Atəşkəs
müqaviləsinin imzalanması Bişkekdə həyata keçirilirdi. Lakin
Azərbaycan tərəfindən nümayəndə kimi iştirak edən Afiyəddin Cəlilov
atəşkəs sənədini imzalamaqdan imtina etdi. Buna səbəb Qarabağın da
tərəf kimi göstərilməsi idi. A.Cəlilov Bakıya, Heydər Əliyevə zəng
edərək, məsələni izah edir. Heydər Əliyev ona sənədə imza atmadan
dərhal geri qayıtmağı tapşırır. Cəbhədə atəşkəs əldə olunsa da,
bunun hüquqi qüvvəyə minməsi prosesi dayanmışdı. A.Cəlilovun
arxasınca həmin vaxt Rusiyanın Minsk qrupundakı həmsədri Vladimir
Kazimirov da Bakıya uçur.
Həmin dövrdə dövlət müşaviri olan Qabil Hüseynli danışır ki, Heydər
Əliyev Bakıda Kazimirovun üstünə qışqıraraq, “bu nə oyundur
oynayırsınız” dedi: “Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan
arasında imzalanır, Qarabağ respublikası deyilən bir şey yoxdur.
Sənəddə Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının adı ola
bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda
o, deyilənlərlə razılaşdı və “baş üstə” deyə bildirdi. Azərbaycan
tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı.
Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya
göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı
alındı”.
Ermənilərin Qarabağ planı necə alt-üst oldu: “Heydər Əliyevin qarşısında quzuya dönmüşdü...”
Həmin vaxtdan indiyə kimi Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarında yaradılan qondarma DQR rejimini danışıqlarda tərəf
kimi göstərməyə nə qədər çalışsa da, bu cəhdlər baş tutmayıb.
Onların bu planlarını Heydər Əliyev hələ o vaxt alt-üst
etmişdi.
Publika.az Heydər Əliyevin Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn tələb etdiyi kimi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həlli üçün apardığı diplomatik
mübarizənin bir neçə maraqlı məqamını təqdim edir:
Oval kabinetdə incə diplomatiya
1997-ci il, 1 avqust: Azərbaycan Prezidenti Heydər
Əliyev Ağ Evin Oval kabinetində ABŞ prezidenti Bill Klintonla
görüşür.
Prezident Heydər Əliyev: Sizin yenidən prezident
seçilməyiniz böyük müvəffəqiyyətdir. Biz gözləyirik ki, Siz
Amerika-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün yeni
addımlara təşəbbüs edəcəksiniz və Azərbaycana rastlaşdığı
problemlərin həllində kömək edəcəksiniz. Qafqaz regionu ABŞ üçün
strateji əhəmiyyətə malikdir. Mən bilirəm ki, siz bu istiqamətdə
addımlar atırsınız, lakin bu prosesi sürətləndirmək lazımdır.
Prezident Klinton: Ümid edirəm ki, bu prosesi
sürətləndirə biləcəyik. Biz Sizin qeyd etdiyiniz kimi ölkənizdə
ağır şəraiti diqqətdə saxlayırıq.
Prezident Heydər Əliyev: Bəli.
Prezident Klinton: Ümid edirəm ki, dəstək davam
edəcək və Konqres Azərbaycan barəsində daha açıq olacaq. Çünki Siz
demokratiyanın və insan hüquqlarının inkişafında addımlar
atırsınız. Əgər biz Dağlıq Qarabağ problemini həll etməyi
bacaracağıqsa, düşünürəm ki, bizim ölkələr arasında münasibətlərin
daha dərinə getməsinə heç bir məhdudiyyət olmayacaq. Biz ilk dəfə
görüşəndə mən bilirdim ki, energetika resursları və coğrafi
mövqeyiniz sayəsində Sizin ölkəni yaxşı gələcək gözləyir. Sizin
tərəfinizdən qəbul edilmiş qərarlar Azərbaycana regionun digər
xalqlarına ciddi təsir göstərəcək.
Prezident Heydər Əliyev: Siz haqlısınız. Biz
Azərbaycanda siyasi və ictimai sabitliyi yaratmağı bacardıq.
Demokratik inkişaf, bazar iqtisadiyyatı və insan hüquqlarının
müdafiəsi prosesi davam edir. Biz artıq bu siyasəti həyata
keçiririk və bu, bizim ölkənin strateji yoludur.
Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi ən mürəkkəb problemdir.
Mən bizim əvvəlki görüşümüzün gedişatında Sizə bir detalı təqdim
etdim. Biz istəyirdik ki, ABŞ Minsk qrupunun həmsədri olsun. Biz
bunun üçün lap çox səy göstərdik. Azərbaycanı israrı üç həmsədr
formatının yaranmasına gətirib çıxardı. Biz Sizə daha çox etibar
edirik, nəinki başqasına. Düşünürük ki, ABŞ daha əhəmiyyətli rol
oynaya bilər, nəinki başqası. Hətta Azərbaycanda uşaqlar prezident
Klintona inanırlar.
Prezident Klinton: Bəlkə, Sizə mənim piarımla
məşğul olmaq lazımdır!
Prezident Heydər Əliyev: Mən Sizin xarici siyasət
üzrə baxışınızı təbliğ etməkdən çox şad olacağam. Mən bilirəm, Siz
çox şey etdiniz. Siz Rusiya ilə yaranmış səs-küyə baxmayaraq,
NATO-nu genişləndirdiniz. Bu, əhəmiyyətli qələbədir və Sizin
qələbənizdir. Mən Konqresə baş çəkəndə orada səsverməyə
hazırlaşırdılar və bu, bizim müzakirələrimizə mane oldu. Bilirəm
ki, Siz ilk dəfə təmizlənmiş büdcəni təqdim edirsiniz və Siz
hədəfinizə nail oldunuz. Bu, əhəmiyyətli işdir. Və siz 10 milyon
yeni iş yeri yaratdınız.
Ermənistanı qorxuya salan Qarabağ planı
Bir neçə ay öncə məşhur erməni politoloq İqor Muradyan
Azərbaycan-Türkiyə strateji əməkdaşlığından danışarkən Heydər
Əliyevin Qarabağın azadlığı üçün hazırladığı planın Ermənistan üçün
hələ də dəhşətli gələcək vəd etdiyini açıqladı. Söhbət 1998-ci ildə
Heydər Əliyevlə Süleyman Dəmirəlin prinsipial görüşündən və həmin
görüşdə razılaşdırılan plandan gedir.
Muradyan danışır ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan
arasında gələcək strategiya cızıldı: “Razılaşmada iki ölkə
arasından energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox
sahə əhatə olunmuşdu. Həm də Qarabağ məsələsini həll etmək üçün
Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu
Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək
haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial
dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına
çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici
siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı
blokadası davam etdirilir”.
Muradyan etiraf edir ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi
Heydər Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə
nəticələnə bilər.
Bütün bunlar Heydər Əliyevin Qarabağın azadlığı üçün apardığı
mübarizənin ictimaiyyətə məlum olan kiçik bir hissəsidir.