Formula 1 şəhərciyi və əyləncə zonalarına giriş qapıları açılır

Formula 1 şəhərciyi və əyləncə zonalarına giriş qapıları açılır
11:42 22 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Formula 1 şəhərciyi və əyləncə zonalarına giriş qapıları açılacaq. “Report”un Bakı Şəhər Halqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tamaşaçılar sözügedən məkanlara iyunun 22-də saat 14:00-dan, 23 - 25 iyun tarixlərində isə 10:00-dan etibarən daxil ola biləcəklər.
Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.
Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaq.
Bundan başqa, Formula 1 şəhərciyində Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23 - 25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək.
Eyni zamanda tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən Oyun Zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaş,ı Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula 1 təcrübəsinə yiyələnə biləcəklər.
Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti Guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.
Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.
Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.
Sahil və Sabir parklarında iyunun 23-ü saat 11:30-dan 19:30-dək, iyunun 24-ü saat 11:00-dan 19:00-dək və iyunun 25-i saat 11:00-dan 14:00-dək tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.
Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas" musiqi qrupu və nəhayət, iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.
Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyərək gözəl vaxt keçirə biləcəklər. Dənizkənarı bulvarda yerləşən Formula 1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.
Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək.
Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-formula-1-seherciyi-ve-eylence-zonalarina-giris-qapilari-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR