Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?
11:05 23 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakı ikinci Formula 1 yarışına ev sahibliyi etməyə hazırdır. Yarış həftəsonuna adətən cümə axşamı start verilsə də, bu dəfə cədvəldə dəyişiklik var.

Milli.Az bakucitycircuit-ə istinadən xəbər verir ki, paytaxt Bakı Formula 1 komandalarını, sürücülərini və yarış həvəskarlarını qarşılamaqdan böyük məmnunluq duyur. Müasir texnologiyaya cavab verən bolidlərin xarakterik yarış səsi Bakı küçələrində hər gün eşitdiyimiz maşın uğultusunu əvəz edəcək. Şəhər heç vaxt belə həyəcanlı görünməyib - yerli əhali və əcnəbi turistlərin ürəyi əsrarəngiz yarış gözləntisi ilə döyünür.

2017 Formula 1 Azərbaycan Qran Prisi şəhərin mərkəzində yerləşən, yarış iştirakçılarının qarşılandığı pit binasında başlayır. İlk öncə nəqliyyat konteynerləri gətirilir. Hər hansısa pilot, mühəndis və ya mexanik Azərbaycana ayaq basmamışdan əvvəl bu konteynerlər açılır, qruplaşdırılır və paddok ərazisindən uzaqlaşdırılır. Formula 1 istər təchizat, istərsə də bu təchizatın yerbəyer olunması baxımından bütün proses ərzində sürət nümayiş etdirir.

Bolidlər də artıq şəhərdədir. Kanadada keçirilən sonuncu yarışdan sonra dünyanın ən möhtəşəm yarış avadanlıqları birbaşa uçuş vasitəsilə Bakıya gətirilib. Bu andan etibarən Formula 1 bolidləri adrenalin həvəskarlarının şəhərə təşrif buyuraraq yarış həyəcanına həyəcan qatmalarını səbirsizliklə gözləyir.

Yarış təşkilatçılarının nöqteyi-nəzərindən 2017 Formula 1 Azərbaycan Qran Prisinə hələ avadanlıqlarla yüklənmiş ilk konteynerlərin hava limanına çatdırılmasından çox əvvəl start verilib. Qarşıdan gələn yarış həftə sonuna hazırlıqlara Bakının ev sahiblik etdiyi 2016 Formula 1 Avropa Qran Prisindən dərhal sonra başlanılıb.

İdarə heyətindən tutmuş tərcüməçi, yanğınsöndürən marşal və könüllülərə qədər yüzlərlə insan bu yarışın keçirilməsi üçün gecə-gündüz səylə çalışıb. Formula 1 pilotları fövqəladə hallar zamanı əmin əllərdə olduqlarına əmin olsunlar deyə həkim və xilasetmə briqadaları praktiki xilasetmə təlimlərində öz bacarıqlarını təcrübədən keçiriblər. Marşal və stüardlar yarışın maneəsiz, axıcı keçməsinin təminatı üçün A-dan Z-ə bütün hazırlıq mərhələlərindən keçiblər. Azərbaycanın bütün bölgələrindən qoşulan könüllülər yarış həvəskarlarına Bakının qonaqpərvərliyini və rəngarəngliyini hiss etdirmək üçün Bakı Şəhər Halqası və qonşu ölkələrin ev sahibliyi etdiyi Formula 1 yarışları haqqında ən xırda nüanslara qədər məlumatlandırılıblar.

Çoxları elə fikirləşir ki, bütün işlər artıq yekunlaşıb, Formula 1 komandası sadəcə olaraq təşrif buyuracaq və yarış başlayacaq. Reallıq isə ondan ibarətdir ki, sonuncu qonaq ölkəni tərk etməyincə missiya tamamlanmış hesab olunmur. Yalnız və yalnız bütün şəhər sakinlərinin komanda işi sayəsində Qran Pri müvəffəqiyyət və böyük əhəmiyyət qazanacaq.

Yarış həvəskarları cümə axşamı təşkil olunacaq avtoqraf sessiyaları və Pit Yolu gəzintisi ilə Bakının atmosferinə dalaraq yarış həyəcanına start verəcəklər. Məhz həmin gün tamaşaçılar F1 Şəhərciyinə baş çəkə, üzərində Formula 1 loqosu olan məhsullar əldə edə və turistlər üçün nəzərdə tutlmuş əyləncəli şou proqramların şahidi ola biləcəklər.

Cümə günü yarışın ilkin mərhələsidir. Birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı bu günə planlaşdırılıb. Axşam saatlarında isə tamaşaçılar artıq bütün diqqətlərini musiqiyə yönəldə biləcəklər - 2017 Azərbaycan Qran Prisinin əyləncə proqramının açılışını konsert proqramı ilə Tarkan edəcək. Belə konsertləri pilotlar da çox sevirlər. Ötən il Scuderia Toro Rosso komandasının pilotu Karlos Sayns öz bacıları ilə birlikdə belə bir konsert proqramına qatılmışdı.

Şənbə və bazar günləri hər bir Formula 1 Qran Prisi üçün əsas günlərdir. Yarış və əyləncə dolu günlərdən sonra avtoidman həvəskarları The Black Eyed Peas qrupu, Nikol Şerzinger və Meraya Keri kimi dünya ulduzlarının konsert proqramlarında iştirak edə biləcəklər. Hər bir dəqiqəsi çox dəyərli proqram. 2017 Formula 1 Azərbaycan Qran Prisi əyləncəni yeni pilləyə daşıyacaq.

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonsonun Azərbaycan Qran Prisi haqqında təəssüratları: "Bakı gözəl şəhərdir. Ötən il baş tutmuş ilk Qran Pri uğurundan sonra Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran Prisinin səfiri olaraq Bakıda yoldaşlarım və həmkarlarımdan daha çox vaxt keçirmişəm. Bakı Formula 1 yarışına ev sahibliyi etmək üçün əla seçimdir. Tarixi İçərişəhərin mərkəzi küçələrində yarışarkən qədim şəhər divarları yeni idman məkanında yarışa mükəmməl ab-hava qatır. Bakı Şəhər Halqası yarış təqvimində ən sürətli şəhər trekdidir. Odur ki, pilot nöqteyi-nəzərindən hər iki tərəfi divarlarla əhatələnmiş trekdə belə yüksək sürətlə yarışmaq olduqca həyəcan vericidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR