Azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılıb. Çexiyanın "Nova TV" televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.
Lent.az Virtualaz.orq-a istinadən xəbər verir ki, polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb. Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, onlara iyunun 30-da Çex polisindən şifahi məlumat daxil olub.
"Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə" tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.
Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur. “TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.
Müəmmalı qətl - Azərbaycanlı biznesmen maşınında ölü tapıldı
Nüfuzlu iş adamı hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl "Panalphina" beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.