Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra Dövlət Proqramları elan edilib.
Metbuat.az xəbər verir ki, müxtəlif sosial-iqtisadi proqram icra edilməsinə rəğmən, hələ də bölgələr dövlət büdcəsindən ayrılan dotasiya ilə yaşayır.
“Ölkə bələdiyyələrinin büdcəsi kifayət qədər kiçikdir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
“Azərbaycanda yerli büdcə ancaq bələdiyyələrin büdcəsinə aid edilir və onların müəyyən gəlir qazanma imkanları var. Bəzi Avropa ölkələrində, hətta Türkiyə və Gürcüstanda hər hansı bir ərazidə ticarətlə məşğul olanlar yerli büdcəyə ticarət vergisi verirlər. Bu da onların büdcəsinin formalaşmasına təsir edir. Azərbaycanda bələdiyyələrin özlərinin büdcəsi var və onların büdcəsi də kifayət qədər kiçikdir. Azərbaycan üzrə bələdiyyələrin büdcəsi 20 milyon manat civarındadır. Bu isə İstanbulun ətraf kəndinin büdcəsi qədərdir. Vergi qanunvericiliyində dəyişikliklər edib, yerli ərazi vahidləri üzrə vergilərin bir hissəsi və yaxud əlavə dəyər vergisinin bir hissəsi yerli büdcələrə keçirilməli və yerli büdcələrin formalaşmasının prinsipləri dəyişdirilməlidir. Görünən odur ki, ancaq mərkəzi büdcə hesabına maliyyələşən və dotasiya alan regionların sayı kifayət qədər çoxdur.
Prezidentin ehtiyat fondundan da vəsait alan rayonlar var
Mərkəzi büdcədən birbaşa dotasiya almaqla yanaşı, prezidentin ehtiyat fondundan da il ərzində müxtəlif rayonlar demək olar ki, vəsait alırlar. Hətta 2, 3, 5 milyon dotasiyalar alan rayonlar da var. Əsasən də prezident hər hansı bir regiona səfər edib qayıtdıqdan sonra, həmin rayonda sosial məsələlərin həllinə, təmir-tikinti işlərinə prezidentin ehtiyat fondundan müəyyən miqdarda vəsait ayrılır. Yerli büdcələrin formalaşması yerli özünüidarəetmə institutlarının formalaşması ilə baş verməlidir. Yerli icra strukturları daha çox çalışmalıdırlar ki, iş adamlarını cəlb etsinlər.”.
“Rayonlarda inzibati islahatların aparılması büdcədən ayrılan dotasiyalara qənaət etməyə şərait yaradacaq”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
“Dotasiyalardan asılılığı aradan qaldırmaq üçün rayonların sayı azaldılmalıdır. Düşünürəm ki, rayonların sayının azaldılması, inzibati rayonların iqtisadi rayonların sayına uyğunlaşdırılmasına ehtiyac var. Əgər bu proses baş verərsə nəticə etibarilə dövlət büdcəsindən ayrılan dotasiyaların azalmasına, çevik qərarların verilməsinə gətirib çıxaracaq. Rayonların investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq. Nəzərə alsaq ki, Azərbaycan ərazi baxımından böyük ölkə deyil, Azərbaycanda rayonların sayı kifayət qədər çoxdur. Azərbaycanda 66 rayon, 77 şəhər, 10 iqtisadi rayon var. Bu isə ərazi baxımından kiçik olan ölkə üçün kifayət qədər böyük saydır”.
Dövlət büdcəsi dəyişdirildi-Oxumaq üçün tıkla
Aytən Novruzova / Metbuat.az